Ana səhifə Toplum |
Azərbaycan ordusunun şəhid olan hərbçisi, Tağıyev Rahim
Qara oğlu bu gün Mingəçevir şəhərində dəfn edilib.
Axar.az xəbər verir ki, şəhid hərbçi R. Tağıyevin nəşi Mingəçevir
şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna
dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra
Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların
kollektivi ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və
zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün
minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin
cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində
Azərbaycanın üçrəngli bayrağı olan minlərlə insanın müşayiəti ilə
aparılıb. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı
səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə
yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli
bayrağı atasına təqdim edilib.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər
an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının
yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini
bildiriblər.
Qeyd edək ki, R. Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə
çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu
il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri
vəzifəsində xidmət edib. R. Tağıyev aprelin 2-də cəbhənin
Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının
təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən
tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi
Hospitala yerləşdirilib. Həkimlər R. Tağıyevin sağ qalsa belə, baş
nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını
bildirmişdilər. Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif
vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilib, 3 ay 7 gün koma
vəziyyətində qalıb. Yaxınlarının sözlərinə görə bir neçə gün idi
ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olub,
lakin bu gün səhər saatlarında dünyasını dəyişib. Əslən Şəki
rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan
müddətdən artıq xidmət edən R. Tağıyevin nəşi ailəsinin istəyi ilə
Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı olub.
Tarix
2016.07.10 / 19:05
|
Müəllif
Axar.az
|