Yuxarı

Akarın yaxını, qiyamçı general danışdı – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü hesab edilən, Baş Qərargahın Strateji Hərbi Dairəsinin rəhbəri, həbs edilən general-mayor Məhməd Dişlinin istintaqa verdiyi ifadə mediada yayımlanıb.

Axar.az xəbər verir ki, Dişli ittihamları rədd edərək, qiyamla heç bir əlaqəsinin olmadığını bildirib. O deyib ki, Baş Qərargah rəisi Hulusi Akarı qorumaq üçün qiyamçılarla danışıqlar aparıb.

Məni Hulusi Akarın otağına saldılar

M.Dişli qiyamçıların səbəbini bilmədən onu Baş Qərargah rəisi ilə danışıq aparmaq üçün Hulusi Akarın otağına saldıqlarını deyib: "Mənə "Sənə güvənir, sən onu razı sala bilərsən, yoxsa hər ikinizi girov götürərik" dedilər. Mənə təyyarələrin havada olduğunu, hərbi çevriliş əmrinin yayımlandığını söylədilər. Bütün komandirlərin bu işin içində olduğunu və digərlərini də hərbi çevriliş oyununa qoşduqlarını, razı olmayanları həbs etdiklərini dedilər".

"SQ hakimiyyəti ələ keçirdi"

M.Dişli xatırlamadığı şəxs tərəfindən Baş Qərargaha çağırıldığını bildirib: "Həmin gün səhhətimdə problem yarandığı üçün axşam saat 19:00-da evimə getdim, mənə zəng etdilər, ancaq kimin mənlə əlaqə saxladığını xatırlamıram. Bu zəngdən sonra Baş Qərargahın binasına getdim. Komandirin otağına girərkən məni xüsusi kəşfiyyatdan tanımadığım 2-3 nəfər qarşıladı. Onlardan biri mənə "Silahlı Qüvvələr hakimiyyəti ələ keçirdi, "Yurdda Sülh, Cahanda Sülh" əməliyyatı başladı. Komandirin də bizimlə olmasını istəyirik", - dedi".

Məni təhdid etdilər

General bildirib ki, qiyamçılar Hulusi Akarı və onu təhdid ediblər: "Hulusi Akarla birlikdə 16 il işləmişəm. Otağına girəndə general Akar sənəd oxuyurdu. Özümü təqdim etdim, mənə "Otur" dedi. Onun çöldə baş verənlərdən xəbəri yox idi. Mənə "Xeyirdirmi, nə olub?" dedi. Vəziyyəti Akara izah etdim. "Zarafat etməyin zamanıdırmı?" söylədi. Özü ilə səmimi olduğum üçün bu şəkildə mənə cavab verdi. Bir azdan canlı yayım olacağını, bəyanat yayımlanacağını bildirdim. Üz cizgisi dəyişdi. Bir müddət sonra çöldən silah səsləri eşidildi. Mənə "Bax, gör nə olub" dedi. Həmin an çölə çıxdım. Bu vaxt 2-ci komandir Yaşar Paşanı apararkən biri vuruldu. Mən içəri təkrar qayıtdığımda işin ciddi olduğunu söylədim. Təkrar fasiləsiz silah səsləri eşitdim. Sonra alçaqdan təyyarə keçdi. Mənə bayırdan Yaşar Paşanı çağırmağımı söylədi. Şəxsi heyət məni Yaşar Paşanın yanına getməyə imkan vermədi".

Akar ağır sözlər söylədi

"Davamlı olaraq, mənə "Komandir qəbul etdi, ya yox, ikinizi də götürəcəyik" deyirdilər. Özlərinin niyə Akarın otağına girmədiklərini bilmirəm, hər halda mənim razı salacağımı düşündükləri üçün belə etdilər. Akar çox ağır sözlər söylədi. "Kimdir bunlar, hansı dövrdə yaşayırıq?" deyə reaksiya verdi. Onlara Hulusi Akarın reaksiyasını deyəndə, dərhal otağa daxil oldular. Məcburi şəkildə qolunu qandalladılar. Onlara komandirə əziyyət verməməyi, zərər yetirməməyi dedim. Həmin an Akarın poqonları yerə düşdü, yerdən götürüb, çiyninə taxdım, "General başbuğumuzdur" dedim".

Silahım yox idi

Hər hansı silahının olmadığını, otağa da silahla girilmədiyini qeyd edən Dişli divanda yan-yana oturub, televizora baxdıqlarını, "Boğaziçi" körpüsünün (İndiki "Şəhidlər" körpüsü) bağlanıldığını görəndə işin ciddiyyətini anladıqlarını vurğulayıb:

"Otaqda televizor var idi, gedişatı izləyirdik. Gedişat sürətli axar almışdı, helikopter gətirildi, Akarla birgə, həmçinin 2-3 özəl birlikdən vəzifəlilərlə helikopterə mindik. 20 dəqiqə davam edən uçuşdan sonra Akıncıdakı 4-cü Hərbi-Hava Komandirliyinə endik. Özəl birlikdən olanların silahları var idi. Onlar Akarı razı salmaq üçün "Qan tökülməsin, bu işin içində siz də olun. Rüştü Paşanın başına gələnlər sizin də başınıza gəlməsin" dedilər. Mən də komandirə bunların gözünün döndüyünü, çöldə qanlar töküldüyünü söylədim. Hər ikimizi bir avtomobillə bir otağa apardılar".

Akın Öztürkün adı hallanır

"Oturduq, çay və qəhvə içdik. Otaqda televizor var idi. Gedişatı izləyə bilirdik. Daha sonra otağa təyyarəçi komandir Qubilay Səlcuq gəldi. Komandirə Silahlı Qüvvələrin bu işə əl qoyduğunu, bütün qüvvələrin bu işin içində olduğunu bildirdi. Komandir isə ondan Hava Qüvvələrində vəziyyətin nə yerdə olduğunu soruşdu. O isə cavabında, "Akın Paşa sizin cavabınızı gözləyir. Əgər siz razı olsanız, o da razı olacaq. Ancaq o, bu işin içində yoxdur, "hə" desəniz, onu da çağıra bilərəm" qeyd etdi. Telefonla hərbi bazaya çağırılan Akın Öztürk mülki geyimdə yanımıza gəldi. Üçümüz birlikdə televizorda gedişata baxırdıq. Məni bayıra çıxartdılar".

Qubilay Səlcuq ilə binanı tərk etdiklərini deyən Dişli burada bir neçə hərbçinin də olduğunu və onların "Yurdda Sülh, Cihanda Sülh" təşkilatından danışdıqlarını bildirib.

Sözügedən şəxslərin TRT-dən canlı yayım təşkil etdiklərini deyən Dişli daha sonra birlikdə general Akarın yanına qayıtdıqlarını, bu şəxslərin əlində yazılı bəyanat olduğunu, bir nəfərin bu bəyanatı oxuduğunu qeyd edib. Bu çevrilişin məqsədinin hüququn yenidən təmin edilməsi, terrorun bitirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi barədə bəyanatda sözlərin yer aldığını vurğulayan Dişli deyib ki, onlar Akara, "Komandir, siz də bizimlə birlikdə qatılın, oxuyaq, eşitdirək. Xalq sizi görsə, sakitləşər, bu iş də bitmiş olar" deyiblər:

"Baş Qərargah rəisimiz isə bunu qətiliklə rədd etdi. Onlar getdi, yenə mən komandir ilə otaqda qaldım. Davamlı olaraq, komandir bu hərəkətin yalnız Silahlı Qüvvələrə deyil, bütün ölkəyə zərər verəcəyini söylədi. "Biz cənub-şərqdə polislərlə birlikdə terrorçulara qarşı döyüşürük, bunlar isə polisləri vurur", - Akar reaksiya verməyə davam edirdi. Mənə təkrar, "Get, bunlarla danış", - dedi. Mən davamlı olaraq, şəxsi telefonlarımla Qərargaha zəng edir, gedişatla maraqlanırdım. Komandir yoldaşına zəng edib, hələ də işlərinin olduğunu bildirdi. Hərbi Qüvvətlər komandirlərin saxlanıldığını televiziyadan öyrəndik. Bütün bunları komandir mənim cib telefonum vasitəsi ilə, mənim üzərimdən edirdi. Hətta baş nazir və MİT rəhbərinə mənim telefonumdan zəng etdi. Prezidentə də zəng etdi, ancaq əlaqə saxlaya bilmədik. Baş nazir və MİT rəhbərinə bütün Silahlı Qüvvələrə yerlərinə dönməsi üçün təlimat verəcəyini, çevrilişçilərin cəzalandırılacağını söylədi: "Bu adamlar haqqında nə lazımdırsa, edəcəyik, insanlarımız ölməsin, siz polisi geri çəkin, mən də Silahlı Qüvvələri geri çəkim. Baş Qərargaha gedim, oradan vəziyyəti ələ alıb, bütün Silahlı Qüvvələrə bildirim".

Baş nazir Binəli Yıldırım isə onun Çankaya köşkünə gəlməsini istədi".

Bu hadisələrin qurbanı mənəm

Hərbi bazanın 16 iyulda bombalanması ilə üsyançıların müqavimətinin qırıldığını qeyd edən Dişli general Akarın təklifi ilə onlara iki helikopter verildiyini deyib. İfadəsində oradan Çankaya köşkünə getdiklərini bildirən Dişli Baş nazirin köməkçisi Toğrul Türkeş tərəfindən qarşılandıqlarını, daha sonra da digər nazirlərlə görüş keçirdiklərini söyləyib.

Mənə FETÖ-çu demək təhqirdir

Fövqəladə iclas olduğunu dilə gətirən Dişli gedişat barədə davamlı olaraq, komandirə məlumat verdiyini bildirib:

"FETÖ ilə mənim hər hansı bir əlaqəm yoxdur. Mən uzun müddət AKP-dən millət vəkili olan, bu partiyanın qurucularından biri Şaban Dişlinin qardaşıyam. FETÖ ilə bağlı soruşulan sualı təhqir kimi qəbul edirəm. Mən bu hadisələrin qurbanıyam. Dövlətin tərəfindəyəm. Eyni zamanda, ölümlə təhdid edildim, girov götürüldüm. Bu səbəblərdən dolayı mən qurbanam. Bu olayların heç biri ilə əlaqəm yoxdur. Bütün danışıqları da komandirin əmri ilə, onun məlumatı əsasında təhlükəsizlik üçün icra etdim. Komandirlə 16 ildir ki, müxtəlif vəzifələrdə çalışdım. Onu ailəmin bir parçası olaraq gördüyüm üçün "Öləcəyiksə, birlikdə ölək" düşüncəsi ilə hərəkət etdim, onun yanında oldum. Təhlükəsizliyi üçün qarşı tərəflə də görüşdüm. Bu çevrilişin FETÖ ilə də əlaqəsinin olub-olmadığı barədə məlumatlı deyiləm".

Dişli sonda ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmədiyini bildirib.

Tarix
2016.07.27 / 09:26
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla