Yuxarı



Murad Köhnəqalanın can sirdaşından inanılmaz etiraflar

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihəmizin adı yadınıza “əsgər ailəsi” ifadəsini salırsa, özünüz bilərsiniz – istəyirsiniz aralarında bənzətmə axtarın, istəyirsiniz yox. Bizim məqsədimiz hər dəfə bir sənət adamının ailəsi ilə söhbətləşib, bəzən sevdiyimiz, bəzən ikrah etdiyimiz sənətkarların bir də öz ailə-uşağı, doğması, sevgilisi tərəfindən necə göründüyünü sizə çatdırmaqdı.

 

“Şair ailəsi” yoluna Murad Köhnəqalanın ailəsindən başladıq. Həyat yoldaşı Zərəngiz xanım, övladları – Mustafa və Zeynəblə Murad bəy haqqında söhbətləşdik. Onu da deyək ki, Murad bəyi yola gətirib razılığını alınca, çox çəkdi… Nə də ola, söhbət şair ailəsindən gedir. Nə isə, yaxşısı, buyurun...

 

Şəxsən Anar özü!

 

Murad bəyin ailəsi 1997-ci ildən Şüvəlan qəsəbəsində yerləşən S.Vurğun adına Yaradıcılıq Evində yaşayır. 1996-dan Tovuz rayonundan Bakıya gələn ailə Bakının müxtəlif yerlərində kirayədə qalıb və dostların evində yaşayıb. Bir il sonra bu evi onlara Azərbaycan Yazıçılar Birliyinin o vaxtkı və indiki sədri Anar AYB-nin adından şəxsən özü verib.

Qəsəbədəki vaxtilə yaradıcı adamlar üçün tikilmiş Yaradıcılıq Evində hazırda cəmi iki yazar yaşayır: İsa Şuşalı və Murad Köhnəqala.

Murad bəyin ailəsi bu binadan bir az aralıda balaca həyəti olan evdə yaşayır. Üç balaca otaqlı evin mətbəxi, şəraiti o birilərdən çox da fərqlənmir.

Kasıb şair ailəsi bizi çox gözəl qarşıladı. Xoş auralı gözəl ailənin ocağında özmüzü lüks şəraitli evdə hiss elədik. Həmən gün Murad bəy Tovuz rayonundaydı. Əvvəl süfrəni Tovuz mətbəxinin gözəl nemətləriylə bəzəyən Zərəngiz xanım, daha sonra da bizi kəklikotulu çaya qonaq etdi.

 

Atamın hekayələrini, şeirlərini çox da oxumuram

 

14 yaşın içində olan Mustafanın gözəl rəssamlıq qabiliyyəti var. 5-6 ildir ki, rəsm çəkməklə məşğuldur. Orta məktəbdə rəsm müəlliməsi Elnarə xanım olub, sonra da tanınmış rəssam Tura xanım. Əsasən portret, qablar, meyvə - natürmortlar çəkməyi, akvarellə işləməyi sevir. Eyni zamanda, futbolla da maraqlanır. Mustafa atasının hekayələrini, şeirlərini çox oxumadığını deyir. Rəssamlıqla hobbi kimi deyil, peşəkar şəkildə məşğul olmaq istəyir. Atasının çəkdiyi rəsmləri də bəyənir.

 

Bircə uşaq həkimi olma

 

Zeynəb 11-ci sinif şagirdidir. Məşğələyə getmir, dərsləriylə evdə məşğul olur. Həkim olmaq istəyir. Cərrah, qadın, can həkimi, fərq etməz, təkcə uşaq həkimi olmaq istəmir. Bu qərara bir uşaq həkiminin sözündən sonra gəlib.

 

 

Elçin əmi sağ olanda...

 

Zeynəb atasının yazılarına çox şərh gəldiyinə görə onun çox oxunduğunu düşünür. Müəllimlərindən bir neçəsinin, özəlliklə sinif rəhbərinin atasının yazılarını izlədiyini, televizora çıxanda iştirak etdiyi verilişləri qaçırmadığını söyləyir:

- Atamın köşələrini, “Lent.az”da gedən “Sadə insan” layihəsini izləyirəm. Əvvəllər özüm də şeirlər, hekayələr yazırdım, amma indi daha çox dərslərimə fikir verirəm, ona görə vaxt olmur yazmağa. Uşaqlıqda yazırdım, dəqiq yadımda deyil, deyəsən, atam da oxuyurdu yazdıqlarımı. Bir şeirimi özü dərc eləmişdi. Elçin əmiyə (Elçin Səlcuq – red.) həsr elədiyim şeiri. Onu Elçin əmi sağ olanda yazıb özünə göndərmişdim. Evə gəlib Elçin əminin ad günü olduğunu dedi, elə atam yemək yeyəndə yazdım, heç bir saat olmadı bəlkə.

 

 

Atamı tanıyanlar var, amma oxuyanlar yoxdur

 

Problemlərimi, fikirlərimi hər iki valideynimlə bölüşürəm adətən, atamla da ata-qız münasibətindən daha çox dost münasibətimiz var, məncə...

Məktəbdə müəllimlərim, sinif yoldaşlarım, dostlarım arasında atamı tanıyanlar var, amma oxuyanlar yoxdur, çox azdır. Atamın şeirlərini, yazılarını demək olar ki, təbliğ etmirəm, onlara təsir etmək istəmirəm, könüllü oxusalar, daha yaxşı olar.

Atam işlərinə daha çox vaxt ayırır, evdə olmur, mən daha çox anamın dedikləriylə oturub-dururam.

 

Sentyabrın 8-i ad günüm idi, heç zəng də vurmadı

 

Öz istədikləriklərimi eləyə bilirəmsə azadam məncə. Çox fikirləşməmişəm azadlıq barədə, çünki Azadlığı çox fikirləşənlər məhbuslardı, mən də məhbus deyiləm.

Evimizə atamın dostlarından Aqşin Yenisey, Nəsimi Nəbizadə tez-tez gəlir, rəhmətlik Elçin Səlcuq da tez-tez gəlib-gedərdi... Ən çox Nəsimi əmi.

Ad günləri, xüsusi günlər atamın yadında çox da qalmır. Məsələn, sentyabrın 8-i ad günüm idi. Heç zəng də vurmadı, yəqin, unudub... Amma pul kolleksiyam var mənim, ora əlavə etməkçün pullar almışdı, xarici ölkələrdən gətirtmişdi.

Atam kimi yazıçı, jurnalist olmaq istərdim, amma həkimlik uşaqlıq arzumdu... Atamın siyasi fikirlərinə, əqidəsinə münasibətim bəzən müsbət, bəzən mənfi olur. Ancaq demək olar ki, fikirlərimiz üst-üstə düşür.

Dərslərim çox olur, sosial şəbəkələrdən istifadə etmirəm.

 

Atamla dost deyiləm

 

Mustafa:

- Mən “Facebook”da varam. Ancaq atamla dost deyiləm orda. Səbəbini soruşmayın...

 

 

Ayağının altı öpüləsi atalar var

 

Zərəngiz xanım:

- Anam biz uşaq olanda ölüb, 1986-cı ildə, atam ondan sonra heç vaxt evlənməyib. Hələ bir dəfə olmayıb ki, atamız bizi utandıra - səhvi, ya bir yanlışı ola. Bir dəfə olsun deməyib ki, övladlarım, sizinçün ömrümü, cavanlığı verdim. Deyir, mənim övladlarımın yanında olmadığım gün qara torpaqda olduğum gündü. Ata-ana olmaq çox çətin bir şeydi. Deyirlər, cənnət anaların ayağı altındadı, amma ayağının altı öpüləsi atalar var, şəxsən mənim atam elə atadır. Uşaqlarına bir şey olanda, boğazından su da keçməzdi atamın. Mən elə ata görmüşəm. Uşaqlarımın da elə atası olsun... istəyərdim...

 

Kim desə ki, evliliyimdə xoşbəxt oldum, inanma

 

İstər yazar ol, istər alim ol: kim olursan-ol, əsas ata olmaqdı. Mən yazarlığı yox, ata olmağı üstün tutardım. Söhbət təkcə Muraddan getmir, ümumiyyətlə deyirəm bunu. Məsələn, Muradın atam kimi bir ata olmağını istəyərdim.

Kim desə ki, evliliyimdə xoşbəxt oldum, inanma. Problem bütün ailələrdə var. Hələ uşağın varsa sorumluluğun daha çoxdu.

Kim olursa olsun, nə olursa olsun, Murad Köhnəqala uşaqlarımın atasıdır...

Murad uşaqların ilk dəfə yeriməyini, dil açmasını, hamısını günbəgün təqvimdə işləmişdi. Amma indi o qədər də diqqətcil deyil.

 

Yazarlıq-filan ikinci dərəcəlidir

 

Evimiz həmişə qonaq-qaralı olub. Gecənin beşində də qonaqlarımın gələcəyinə görə evdə hazırlıqlı oluram adətən. Uşaqlıqdan da evimiz gəl-getli olub. Ədəbi-əxlaqı elə anamdan görüb-götürmüşəm. Rəhmətlik anam həmişə deyərdi ki, bir qadının ailəsinə, ərinə verdiyi dəyər onun dostlarına, ailəsinə elədiyi hörmətdi, sayğıdı. Muradı düşündüyümdən deyil, birincisi, insan olduğumdandır. Quranda da deyir, qonağa hörmət elə, yaxşı qarşıla, yedirt-içirt, gedəndə yola sal. Mən həmişə deyirəm, insan olmaq önəmlidi, yazarlıq-filan ikinci dərəcəlidir. Əsas olan, əli öpüləcək ata-ana olmaqdır.

Muradın qohumlarla münasibəti yaxşlı deyil, amma çox pis də deyil. Belə də... Muradın xarakterinə uyğundu. Qardaşlarım çox ədəblidir. Qardaş-bacılarım ona qarşı çox sayğılıdılar. Murad öz qardaş-bacısından çox, mənimkilərin yanına ürəklə gedər.

 

Dünyaya bir də gəlsəydim, əsla bir yazıçıyla evlənməzdim

 

Yeri gələndə qürur da duymuşam Muradın yaradıcılığıyla, yazılarıyla, uşaqları böyüdərkən, “baxın haa, siz yazıçı övladısınız, oturuşunuza-duruşunuza fikir verin”, - demişəm. Amma biz fərqli dünyaların insanlarıyıq. Murad öz tipində insanla evlənsə, bəlkə daha fərqli olardı. Elə mən də. Çünki tam ayrı cür böyüdülmüşük. Mənim yetişdiyim tərz başqadı, o, başqa dünyanın insanıdı. Yəni, elə bil ki, iki fərqli ölkənin insanını bir araya gətiribsiniz. Çox fərqli bir həyatdı: yenidən dünyaya gəlsəydim, özümə uyğun bir insanla evlənərdim. Dünyaya bir də gəlsəydim, əsla bir yazıçıyla evlənməzdim. Mənim həyatım bir dastandı. Çox çətinliklər görmüşəm. Amma bilirəm ki, hər çətinliyə rəğmən, insan olub qalmaq, yaşamaq olur.

 

Muradla içib-çəkmədiyinə görə evlənmişdim

 

Çox içir Murad, heç xoşlamadığım bir şeydi bu. Mən onunla evlənəndə dedilər, nə içki içir, nə siqaret çəkir. Ona görə evləndim. Özü də bilir...

Quranda haram olan bir şeydi içki. Mən Quranı türkcədən oxumuşam. Ailəmizdə də çox içən yoxdu, qardaşımın biri az içir, o biri bir az içəndi. Gözəl ailələri var, azca içməkləri heç nəyə mane olub problem yaratmır.

 

Ədəblə yazan hər kəs gözəldi

 

Qızım da arada şeir, hekayə yazır. İstəyərəm yazar olsun, yəni problem yaratmaram. Ədəb-ərkanla yazan hər kəs gözəldi - yazıçı da, ekrana çıxıb veriliş aparan da, qonaq olan da. Bilirsən, birincisi, özünə hörmətdi bu, özünə dəyər verirsən. Mən özümə hörmət eləməsəm, heç kim mənə hörmət eləməz. Oğlum bir dəfə mənə dedi ki, ana, mənə elə gəlir, ətrafda hər kəs sənə görə bizə hörmət edir. Üç gün oturub düşündüm bunu, dedim, Allah, görən mən olmasam, bunlar necə olarmış? Uşaqlarımı yaxşı yetişdirmişəm. Özüm də uşaqlıqdan fərqli insan olmağa çalışmışam, yaxşı mənada. Ətrafda ancaq öz tipim olan insanlarla ünsiyyət qurmağa çalışıram. Xeyirlə şər heç vaxt yoldaş olmur, ya onun kimi olmalısan, ya da uzaqlaşmalısan.

 

Murad mən istədiyim kimi adam deyil

 

Murad ət yeməklərini, sulu yeməkləri daha çox sevir. Amma evə çox da diqqətli deyil, yəni, konkret deyim, mənim istədiyim kimi adam deyil. Uşaqların bütün problemləriylə mən maraqlanmışam, mən eləmişəm. Bilir ki, mən eləyirəm, arxayındı. Düzdü e, Allah canını sağ eləsin, elə yerlər var ki, özü gedib həll eləyir. Uşaqlar balaca olanda həkimə-filan aparırdı, o heç. Qul haqqını yemək olmaz, o qazanır, yeyirlər. Heç yerdə işləmirəm mən, o olmasa, başqa heç yerdən gəlirimiz yoxdu. İntəhası, fərqli dünyaların insanıyıq da.

 

Muradı heç kimin ayağına vermərəm!

 

Ta başından bəri görürdüm ki, biz ayrı-ayrı dünyaların adamlarıyıq. Amma ayrılmaq barədə heç vaxt düşünməmişəm. Mən bir dəfə evlənib ölənə qədər elə getməyi düşünmüşəm həmişə. Dedim, ola bilər, çalışsam, onu daha yaxşı insana çevirərəm. Hərənin özünə görə şəxsiyyəti var, heç kimin şəxsiyyətini tapdalamaq istəmərəm. Amma mənim arzuladığım insan deyil. Murad nə qədər çətinliyə düşsə də, onu qoruyan insanam, heç kimin ayağına vermərəm. Yazılarını da bilirəm, hər balaca detalını da bilirəm... Sıxıntımı, problemimi də içimdə gəzdirirəm həmişə.

 

 

 

Heç kimin ağzıyla evlənməyin

 

Murad müxalif fikirli olduğuna görə uşaqlarçün, özümçün də əlbəttə, həmişə narahat olmuşam. Ömrü boyu atam da, ailəm də narahat olub. Atam ömrü boyu bizi, ən çox da məni düşünərək yaşayıb.

Cavansız, sizə bir məsləhət verim. Heç kimin ağzıyla evlənməyin, arayın, axtarın, özünüz maraqlanın, ailəsini, tərbiyəsini öyrənin. Ata-anası çox önəmlidi insanın. Rəhmətlik anam həmişə, “Küllükdən qoy başını, yerində izi qalsın” deyərdi. Yəni, əsli-nəcabəti olan yerdən evlənin. Dünyada ən böyük xəzinəm böyüdüyüm ailəm, bir də övladlarımdı.

Qonşuların Murad bəyə münasibəti pis deyil, belə də... Heç kim göründüyü kimi deyil. Mövlananın belə bir sözü var, deyir, “Mən nə insanlar gördüm, üstündə əlbisə yoxdu, nə əlbisələr gördüm, içində insan yoxdu...”

 

Tanışlıq və evlilik...

 

Kəndimizdə tanış olmuşuq Muradla, xalam qızının yoldaşıyla (biz ona kürəkən deyirik) ailəvi dostdu onlar, qayınatam-filan. Rəhmətlik qaynım vardı - Fikrət, onunla daha yaxın dost idi. Onun vasitəsilə tanış olmuşuq, qismət deyək...

Tovuzdanıq hər ikimiz, amma başqa kəndlərdən. Qayınatamın xalası oğlu bizim kənddə uşaq həkimi idi. Qardaşımla qonşudular, yaxşı münasibətlərimiz vardı, Muradgillə qohum olduqların sonradan bildik. Qardaşıma görə ona da qardaşımız qədər hörmət edirdik.

 

Çox araşdırmadan qaçdım Muradla

 

Mən uşaqlığımdan dəqiq yuxular görənəm. Hələ qız vaxtı gecə yuxuda gördüm ki, xalam qızının yoldaşıyla bizə adam gəlib, başqa bir dostu da var yanında, eynən bu adamdı da. Səhərisi gəldi bunlar. Qardaşım gəldi, oturdular. Murad, bir dostu, bir də bizim kürəkən. 23 yaşım vardı onda. Namuslu, qeyrətli qız axtara-axtara gəlib bizə çıxmışdılar. Arada gözaltı baxırdı. Dedilər, çəkmir, içmir. Nifrət etdiyimi deməyim, amma ən xoşlamadığm şeydi içki.

Bir neçə gün sonra xalam qızı gəldi, onunla danışdıq, bacım dedi, get. Xalam oğlu Elxan yaxşı adamdı, o vaxtlar dinə meyilliydi. Ona o qədər güvənirdik ki, çox araşdırmadan qaçdım Muradla. Anam 15 yaşım olanda rəhmətə getmişdi, öz ümidimizə qalmışdıq. Məni qaçırdıb, elə Tovuza, bizə birinci dəfə birlikdə gəldiyi dostugilə aparmışdı. Qismət deyək...

 

Bakıda bir neçə il Eyvaz Əlləzoğlunun evində yaşamışıq

 

Sonra toyumuz oldu. Elə toyun həftəsində Bakıya gəldik. Siftə gəlib Muradın Yaşar adlı bir dostunun evində qaldıq. Bakıda da “kampaniya” kimi, 60 nəfərlik-filan toyumuz oldu. 1996-cı ilin iyulun 27-sində orda olub, avqustun 21-i, ya 23-ü burda olub toyumuz. Ondan sonra rəhmətlik Eyvaz Əlləzoğlugil Gürcüstana köçəsi oldu, biz də onların Əhmədlidəki evlərində qalası. Üç illik idi əslində onların gedişi, sonra nə isə iki ilə döndülər. Onlar qayıdanda Zeynəbin yaşı olmuşdu artıq. Ad gününü təzəcə kənddə keçirib gəlmişdik. Hər iki uşaq Tovuzda olub. Sonra Umud Rəhimoğlunun evində iki-üç aya kimi qaldıq.

Sonra Nərimanov tərəfdə kirayə qalmağa başladıq. Şəraitsiz, havasız, nəm yer idi, iki-üç ay da orda qaldıq. 97-ci ilin axırıydı, Zeynəb qucağımdaydı. Rəhmətlik dayımın köhnə, baxımsız həyət evi vardı Zığda, Zığın “kruq”unda, təmir eləyib ora köçdük. Bir müddət də orda qaldıq, sonra Mustafa oldu. Bayramlı kəndində olub Mustafa, doğuldu, 40-ı çıxdı, gəldik ora. Ordan da yükümüzü yığıb gəldik bura. Elə o vaxtdan bu evdəyik.

 

Murad Köhnəqala mənimçün kimdir

 

Soruşsanız, deyərəm: - Uşaqlarımın atası...

Tarix
5 Noyabr [10:22]
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Ən çox izlənənlər

Lavrovdan Nazarbayevin sərt çıxışına cavab

Putinin Kiyevi işğal açıqlaması skandal yaratdı

Dünya nəhəngindən Rusiyaya zərbə

Ukraynada iki min rus hərbçisi öldürüldü

Əmisinin namusunu qorumaq üçün küçələrə düşən Nübar

Rusiyada ciddi hərəkətlənmə: Hərbi doktrina dəyişir

Kürdlər öldürdükləri İŞİD-çilərin görüntüsünü paylaşdı – Video/16+

Medvedev İrəvandan niyə imtina etdi?

Şərhini əlavə et Bağla
  Ad və soyad
  E-poçt
  Şərhiniz
 
Xəbər xətti
SORĞU
Hansı universitet daha yaxşı təhsil verir?
 Qafqaz Universiteti
 Bakı Dövlət Universiteti
 Azərbaycan Dövlət Neft Akademiyası
 Azərbaycan Dövlət İqtisad Universiteti
 Bakı İslam Universiteti
 Azərbaycan Tibb Universiteti
 Xəzər Universiteti
 Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Bakı Slavyan Universiteti
 ADA Universiteti
 Dövlət İdarəçilik Akademiyası
 Azərbaycan Texniki Universiteti
 Lənkəran Dövlət Universiteti
 Azərbaycan Dillər Universiteti
 Gəncə Dövlət Universiteti
 Naxçıvan Dövlət Universiteti
 Odlar Yurdu Universiteti
 Milli Aviasiya Akademiyası
 Azərbaycan Dövlət Dəniz Akademiyası
 Azərbaycan Dövlət Pedaqoji Universiteti
 Sumqayıt Dövlət Universiteti
 Azərbaycan Turizm İnstitutu
 Moskva Dövlət Universitetinin Bakı filialı
 Azərbaycan Dövlət Aqrar Universiteti
 Bədən Tərbiyəsi və İdman Akademiyası
 Azərbaycan Müəllimlər İnstitutu
 Bakı Ali Neft Məktəbi
 Azərbaycan Milli Konservatoriyası
 Bakı Qızlar Universiteti
 Mədəniyyət və İncəsənət Universiteti
 Rəssamlıq Akademiyası
 Azərbaycan Texnologiya Universiteti
 Azərbaycan Universiteti