Yuxarı

Rus aktrisa: “Əxlaqsızlıq buz üzərində...”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faina Ranevskaya SSRİ-nin ən çox sevilən və maraq doğuran aktrisalarındandır.

Axar.az Faina Ranevskaya haqda yazını Samirə Əşrəfin tərcüməsində təqdim edir:

Sənət uğrunda ailəni tərk etmək…

Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Girşi quru boya istehsal edən fabrikin sahibi, anası Feldman Milka isə evdar qadın idi. Ailədə Fainadan başqa iki qardaş və İzabella adlı böyük bacı var idi. Fainanın 5 yaşı olanda onun kiçik qardaşı dünyasını dəyişir.

Ranevskayanın sakit, mehriban ailəsi olsa da, o öz uşaqlığını heç vaxt sevinclə xatırlamır: "Mənim ətrafımda baş verən kədərli hadisələr mənə hər zaman öz tənha uşaqlığımı xatırladır".

O öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçirilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina ilk dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, teatr vurğununa çevrilir. Sonralar o, "Albalı bağı" pyesinin qəhrəmanının soyadını özünə təxəllüs götürür. Bu isə çox sadə bir əhvalat zamanı baş verir.

Bir gün o, rəfiqəsi ilə küçədə gəzərkən çantasından çıxartmaq istədiyi pulu yerə salır. Güclü külək həmin pulları havaya sovurur. Kağız pulların havada uçuşuna tamaşa edən Faina qəhqəhə ilə gülərək deyir: "Onlar necə gözəl uçurlar". Bunu görən rəfiqəsi təəccüblənib deyir: "Siz eynən Ranevskaya kimisiniz". Beləliklə, Ranevskaya onun ləqəbinə, sonralar isə təxəllüsünə, rəsmi soyadına çevrilir.

Faina aktrisa olmaq üçün qərar verib teatr studiyalarının birində səhnə dərsləri üzrə hazırlığa getməyə başlayır. Atası onun aktrisalığa olan istəyindən xəbər tutan kimi ailədə güclü mübahisə yaranır. Atasının qərarına əsasən, aktrisalıqdan söhbət belə gedə bilməzdi. Bu səbəbdən də Faina ciddi olaraq arzuladığı sənətlə məşğul olmaq üçün yaşadığı şəhəri tərk etmək məcburiyyətində qalır. 1915-ci ildə o, Taqanroqu tərk edərək Moskva şəhərinə yola düşür. Lakin böyük ümidlərlə üz tutduğu Moskva onu xoş qarşılamır. Heç bir teatr məktəbi onu qəbul etmir, buna görə də özəl məktəblərin birinə qəbul olmaq məcburiyyətində qalır.

Peşəkar səhnə uğurları...

Bir müddət sonra isə Faina aktrisa Yekaterina Qelser ilə tanış olur. Qelserin məsləhəti ilə o, Moskva yaxınlığında yerləşən Malaxov adına yay teatrına yazılır. Faina ilk olaraq nəzərə çarpmayacaq, epizodik rollarda çıxış etsə də, Olqa Sadovskaya, Pevsov kimi aktyorlarla işləmək ona xoş təsir edir. Həmçinin Fainanın böyük aktrisa olacağını proqnozlaşdıran ilk sənət adamı da Pevsov olur. Faina bir müddət həmin teatrda işləyir. Sonra isə ailəsinin xarici ölkəyə mühacirət etdiyini eşidir. Moskvada baş qaldıran vətəndaş müharibəsi ərəfəsində tənha qalan Faina aktrisa Pavla Vulf ilə tanış olub dostluq etməyə başlayır. Moskvada daimi qalıb yaşaya bilmək üçün ona dramaturq Maks Voloşin kömək edir. Teatr aktyorları truppasına üzv yazılan Faina rejissor Pavel Rudinin hazırladığı "Roman" tamaşasında Marqarita Kavalina obrazını çox ustalıqla ifa edir. Ardınca o, "Sonuncu qurban", "Canlı meyit", "Müfəttiş", "Fırtına" kimi tamaşalarda aparıcı rolları ifa edir.

1925-ci ildə o, Pavla Vulf ilə birlikdə Moskva Xalq Teatrına qəbul edilir. Burada işlədiyi müddətdə onu Kamera Teatrında işləmək fikri məşğul edir. Faina Kamera Teatrının baş rejissoru Aleksanr Tairova məktub yazmaq qərarına gəlir. İlk məktuba heç bir müsbət cavab ala bilmir. Lakin sonra rejissor öz qərarını dəyişib Fainanı teatra qəbul edir. Xeyli vaxt həmin teatrda işlədikdən sonra Moskva Qızıl Ordu Teatrına, daha sonra Malıy Teatrına dəvət olunur. Moskva Qızıl Ordu Teatrı onu buraxmaq istəmir. Faina teatrdan böyük mübahisə ilə ayrılır. Lakin bu dəfə də Malıy Teatrı onu qətiyyətlə truppaya qəbul etməkdən imtina edir.

Teodor Drayzerin diqqət mərkəzində

Aktrisanın kino ilə ilk tanışlığı 1934-cü ildə rejissor Mixail Rommun dəvəti ilə "Toppuş" filmində baş tutur. Həmin ərəfədə Moskvada səfərdə olan yazıçı Romen Rollan filmi seyr edərək Ranevskayanın ifasını xüsusi qeyd edib, filmin Fransada göstərilməsini xahiş edir. Film fransız tamaşaçıları tərəfindən də maraqla qarşılanıb, böyük uğur qazanır.

"Toppuş" filmindəki uğurundan sonra Faina təkrar kinoya çəkilmək istəməyərək "bütün bunlar çox yorucu işlərdir" kimi fikirlər səsləndirdi. Buna baxmayaraq, üç ildən sonra işsiz qalan, teatrdan uzaq olan aktrisa rejissor İqor Savçenkonun filminə çəkilməyə razılıq verir. Kino onu ələ almağı bacarır. Ard-arda gələn film təkliflərinin heç birinə yox demir. 1940-cı ildə aktrisa yenidən Mixail Rommun dəvəti ilə "Arzu" filminə çəkilir. Həmin film aktrisanın kino karyerasında önəmli yer tutur. Aktrisa öz xatirələrində yazırdı: "Bütün həyatım boyu mən o cür sevinc yaşamamışam. Nə teatrda, nə kinoda. Mixail Romm ilə mənim həmin filmdəki işim unudulmazdır. Mən Mixail müəllimdən aktyora necə davranmağın, insan xasiyyətinə incə yanaşmağın, xeyirxahlığın, əsl müəllim sənətinin sirlərini öyrənmişəm. Həmişə bu böyük insana qarşı olan minnətdarlıq hissimi qoruyub saxlamağa çalışmışam. Hər zaman ona məni məhz "Arzu" filminə dəvət etdiyi üçün sonsuz təşəkkür hissləri duymuşam".

Həmin filmi izləyən yazıçı Teodor Drayzer aktrisanın ifasını çox yüksək qiymətləndirib.

Böyük Vətən müharibəsi başladıqdan sonra o, bir müddət Daşkənd şəhərinə evakuasiya olunur. Lakin 1943-cü ildə yenidən Moskvaya qayıdıb. Mayakovski adına Dram Teatrına qəbul olunur. Rejissor İsidor Annenskinin "Toy" filmində gəlinin anası rolunu ifa edir. Həmin filmdə aktrisa güclü aktyor ansamblı ilə işləyir. Bu film uzun illər tamaşaçıların sevimli filmi olur. Aktrisanın həmin filmdə işlətdiyi frazalar uzun illər dillərdə gəzir. O, müharibədən sonra 1947-ci ildə "Bahar", "Küllücə" filmlərinə çəkilir. "Küllücə" filmindəki ögey ana obrazı kino tənqidçiləri tərəfindən onun ən yaxşı komik rolu kimi qeyd olunur.

Əzizim, sizin paxıllığınızı çəkirəm

Həyatı boyu aktrisa heç kimlə ailə qurmayıb. Bir dəfə kiminsə "heç sevmisinizmi" sualına o, gəncliyində baş vermiş hadisəni nəql edir: "Mən çox uzaq keçmişdə cavan və yaraşıqlı bir aktyoru sevirdim. Bir axşam o, mənim evimə qonaq gələcəyini bildirdi. Həmin gün çox zəhmət çəkməli olmuşdum. Amma doğrudan da gözəl süfrə alınmışdı. Gözlədiyim sevgili isə içkili vəziyyətdə, üstəlik də yanında cavan bir qızla yanıma gəlib dedi: "Əzizim, bəlkə yarım saatlığına çıxıb bir yerdə gəzişib, sonra qayıdasan?" Həmin gündən sonra kişilərə tərəf baxa bilmirəm. Onlar alçaq və sürünənlərdir".

60-cı illərin əvvəlində aktrisa təklikdən əziyyət çəkir. O, Fransada yaşayan bacısı İzabelladan məktub alır. Həmin ərəfədə bacısının həyat yoldaşı yenicə rəhmətə getmişdi. Faina israr edirdi ki, bacısı gəlib onunla birgə yaşasın. Mədəniyyət Nazirliyinin köməkliyi ilə o, bacısını öz yanına gətirə bilir. Xeyli müddət birlikdə yaşayan iki bacı bir gün faciə ilə qarşılaşır: İzabellada xərçəng xəstəliyi aşkar olunur. Bütün müalicələr, keçirilən əməliyyatlar köməksiz olur. 1964-cü ildə İzabella vəfat edir.

Aktrisanın filmdəki son işi "Bu gün yeni attraksion" filmi olur. 60-cı illərin ortalarında aktrisa yenidən teatra qayıdır və ömrünün sonuna qədərə teatra bağlı qalır. Mürəkkəb xarakteri ucbatından Faina Ranevskaya yaşının ahıl çağlarında daha da tənhalaşır və ətrafındakı insanlarla kobud rəftar edir. Onun daima çəkişdiyi, ağlatdığı insanlardan biri də aktrisa İya Saavina olub. Lakin bir dəfə onun xətrinə bərk dəydikdən sonra İyaya zəng vurub üzrxahlıq edir: "Əzizim, mən çox tənhayam. Dostlarımın hamısı dünyadan köçüb. Mənim bütün həyatım işdən ibarətdir. Qəfildən isə hiss etdim ki, sizin paxıllığınız çəkirəm. Bu ərköyünlük və ya özündənrazılıq deyil. Mən çox çətinliklə işləyirəm, qızım. Daimi qorxu məni həmişə izləyir. Səhnə, publika, hətta tərəf-müqabili qarşısında yaranan bu qorxunu sizə başa sala bilmərəm. Bu, mənim həyatımdır və həyat haqqında düzgün qərarlar tətbiq edə bilməmək çox qorxuludur".

Əxlaqsızlıq buz üzərində baletdir

Ölümündən bir il əvvəl aktrisa səhnədəki son rolundan imtina edir: "Özümü yaşlanmış əşya kimi hiss edirəm. Bütün sümüklərim ağrıyır. Çox yorulmuşam, çox. Bu günə qədər bir çox teatrlarda işləsəm də, heç birində rahatlıq tapmadım. 87 il! Mən axı Aleksandra Yabloçkina deyiləm ki, yüz il səhnədə olum. Yox, artıq səhnəyə çıxmayacağam.

Ranevskaya aktrisalıqla yanaşı, bir çox məşhur sitatların da müəllifi olub:

"Təklik budur ki, evdə telefon ola-ola, saatın zəng çalır".

"Homoseksuallıq, mazoxizm, sadizm əxlaqsızlıq deyil. Əxlaqsızlıq buz üzərində balet, ot üzərində xokkey oynamaqdan ibarətdir".

"Sizə yaxın adamlarla münasibətinizdə ən bağışlanmaz günah - uğurdur".

"Əgər gördüyün yuxunu kiməsə danışa bilirsənsə, deməli, tək deyilsən".

Qeyd edək ki, Faina Ranevskaya 1984-cü il iyulun 19-da sətəlcəm və infarktdan dünyasını dəyişib.

Tarix
2016.08.25 / 08:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla