Ana səhifə Toplum |
Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli
"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının
təkmilləşdirilməsi haqqında sərəncamı vergi ödəyiciləri ilə vergi
orqanları arasında əməkdaşlıq münasibətlərini daha da
təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və
proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan
bir sıra metodların tətbiqinə yol açır.
Vergilər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sərəncamda
diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən
müəyyənləşdirilməsi ("Advance tax ruling") qaydasının
tətbiqidir.
"Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi
ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən
alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında
vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin
vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi
barədə məlumat hazırlayaraq ona təqdim edirlər. Məlum olduğu kimi,
sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən
etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada
məsuliyyətə səbəb olur. Yəni, həmin şəxsə maliyyə sanksiyaları və
faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə
dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə
ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının
alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri
tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi
öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin
hazırlanmasıdır. Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr
doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən
edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi üzərində
iş gedir", - deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, sərəncamda öz əksini tapmış digər məsələ
kameral vergi yoxlamaları ilə bağlıdır. Kameral vergi yoxlaması
vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün
əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün
müddətində aparılır: "Lakin bir sıra hallarda vergi ödəyiciləri
müvafiq sənədləri vaxtında təqdim etmədikdə və ya ümumiyyətlə
sənədləşmən aparılmadıqda, yoxlamaların müddətinin uzanmasına səbəb
olurdu. Belə halların tamamilə aradan qaldırılmasını təmin etmək
üçün dövlət başçısının sərəncamı ilə kameral vergi nəzarətinin
konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa
çatdırılması tapşırılıb. Yəni, sahibkar vergi bəyannaməsini təqdim
edibsə və növbəti 30 gün ərzində həmin sahibkarlıq subyektində
kameral yoxlama aparılmayıbsa, vergi orqanı həmin vergi
ödəyicisində bu yoxlamanı aparmaq hüququnu itirir. Bu məqsədlə
Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində
dəyişikliklər edilməsi nəzərdə tutulur".
Nazirlikdən qeyd olunub ki, digər vacib məsələlərdən biri vergidən
yayınan vergi ödəyiciləri barədə ictimai məlumatlandırmadır: "Belə
ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata
keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən
şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği
verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi
məbləğlərinə uyğun müəyyənləşdiriləcək". Qeyd edək ki, "Vergidən
yayınma hallarının qarşısını almaq məqsədilə ictimai
məlumatlandırma" ("Whistleblow") adlanan həmin mexanizm dünya
təcrübəsində geniş tətbiq edilir. Bu zaman faktların media
vasitəsilə ictimailəşdirilməsindən də geniş istifadə olunur.
Məlumatda vurğulanıb ki, sərəncama əsasən, hər bir vergi
ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır:
"Bu, "Könüllü vergi açıqlaması" ("Voluntary tax disdosure")
sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması, vergi
yoxlaması üçün qanunla müyyən edilmiş müddət bitdikdən sonra,
yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini
nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə
vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış
vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə
sanksiyasının tətbiqi istisna ediləcək".
Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının
beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin
qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait
yaradacaq.
Tarix
2016.08.25 / 10:47
|
Müəllif
Axar.az
|