Ana səhifə Gündəm |
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru olduğum zaman,
2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun
araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə
yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq.
Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni
zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı.
8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları
dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi,
incidilməməsi önəmli idi.
Bunu APA Holdinqin
prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə
Mahirqızı MŞ-da "Azərbaycan mediası dini radikalizmə qarşı"
mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt "Xalq Cəbhəsi"
qəzeti məhkəməyə verilib.
V. Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər:
"Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin
tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu
gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın
əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə
bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə
başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar,
əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və
cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu
qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş
şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə
hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və
hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət
saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını
doğru hesab etmirəm".
V.Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov gülənçilərə
qarşı açıq və sərt fikrini bildirib:
"Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə
bu şəxslərə "siz artıq əndazəni aşmısınız" dedi və bildirdi ki, biz
Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər
Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt
gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak
edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin
bu fikirlərini çox dəstəklədi".
V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına
təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin
yanındadır:
"Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir".
Tarix
2016.08.25 / 15:24
|
Müəllif
Axar.az
|