Ana səhifə Kult |
Axar.az Kulis.Az-a istinadən yazıçı Pərviz Cəbrayılın
müsahibəsini təqdim edir.
- Pərviz bəy, əvvəlcədən söhbətə belə başlayaq. Belə bir
yazı yazmışdınız ki, yazdığım romanı itirmişəm. Bu nə
məsələdir?
- Ayxan, saqqalın ağarsın, nə bilim, sinəndə ağ tük bitsin,
əminəm ki, yazını oxumayıbsan. Ancaq təsəvvür eləməyin üçün
verdiyin suala belə cavab verim: atamı itirmişdim, bu dəfə yenidən
itirdim.
- "Öləngi" kitabınız çıxmışdı. Mən bilən o vaxt roman
yazmaq dəbdə deyildi. Sonradan xeyli romanlar yazıldı. Demək olar
ki, roman bumu sizinlə başladı?
- Saxta təvazökarlıq etmək fikrim yoxdu. Doğru deyirsən. Ən
doğrusu isə kiçik həcmli roman yazmağın mümkün olduğuydu. İndiki
yazar dostların çoxuna bax – bapbalaca roman yazırlar. Mənim
romanım heç nə olsa belə, nə qədər adama ürək-dirək verdi. Həm
roman yazmaqdan qorxmasınlar deyə, həm də kiçik həcmə də roman
sığışdırmaq olar deyə. Mənimlə bum başlamadı, ürəkli olmaq başladı.
Mən hətta oxucuların da roman yazmasının tərəfindəyəm. Ziyanı
yoxdu. Oxucu əsasdı. O, nə alacağını bilir.
- Şeirləriniz də kitab şəklində çap olunmuşdu. Fərqli
bir tərziniz var. Özünüzü şair kimi görürsünüz, yoxsa
yazıçı?
- Mənə şair deyiləndə həzz alıram. Dünyada şair olmaqdan gözəl
nə var? Ancaq mən yaşlı adamın şeir yazmasına birtəhər baxıram.
Hərçənd öz fikrim daha birtəhərdi. Mən davamlı olaraq şeir də
yazıram. Amma heç birini şeir yazım deyə yazmıram. İçdən gələn
hiss-fikir özü bilir, şeir kimi gəlir (sərbəst, heca - o da bizlik
deyil), nəsr kimi gəlir. Yenə deyirəm, iki kitablıq şeirim olsa da,
kitab çap eləmək fikrim yoxdu, satmaq fikrim yoxdu, özümçün
yazıram, dostlarçün. Ona görə də özümə pis baxmıram. Amma şair kimi
yaşlı adamların şeir yazması bir az məzəli gəlir mənə. Mənim
yazmağım belədi də, elə bil söz deyirsən də kiməsə - ancaq obrazlı,
səliqəli, poetik. Hesab elə, nəsr muğamdı, şeir muğam arası
təsnif-zad. Adam nəfəs dərməlidi.
- Yadımdadır, o vaxt "Proloq" qəzetinə çox iddialı
başlıqda bir müsahibə vermişdiniz: "Özümdən güclü yazıçı
tanımıram". Bu, ironiya idi, yoxsa həqiqətən elə düşünürdünüz? O
zaman sizi xeyli tənqid etmişdilər. İndi də eyni
fikirdəsiniz?
- Müsahibə ayrıdı, onu mən vermişdim, başlıq ayrıdı, onusa qəzet
rəhbərliyi, ya müsahibə alan jurnalist Ramin Deko vermişdi.
İroniya-zad deyildi. Bu, kontekstdən çıxarılmış başlıq idi. O,
reallıq idi, yəni çox kədərli reallıq. Demişdim: "Yazmadığım
yazılarıma görə özümü ən böyük yazıçı hesab edirəm". Yəqin çatdı
fikrim. O zaman xeyli tənqid də olmamışdı. Təkcə gözəl Rafiq Tağı
hövsələsizlik etmişdi. Müsahibənin jurnalistikaya aid hissəsi ilə
ədəbi hissəsini qarışdırmışdı. Növbəti söhbətdə izahını verdim.
Burada özünü böyütmək yox, kiçiltmək vardı. Ancaq bax, istənilən
şəxs o sözü deyə bilər. Çünki istənilən şəxsin öz içində xəyal kimi
gördüyü mətn onunçün dünyanın bütün əsərlərindən böyükdü. Yazmadığı
yazıya görə bu sözü deyən adamı təkəbbürlü, qeyri-təvazökar,
iddialı adlandırmaq gülməlidi.
- Milli Kitab Mükafatında qalib oldunuz. "Yad dildə"
romanı səs-küyə səbəb oldu. Ancaq tənqidçilər əsəri tənqid
etmişdilər. Çoxları düşünürdü ki, obyektiv qərar deyil. Nə
düşünürsünüz bu haqda?
- Tənqidçinin işi tənqid etməkdi. Ruzisi ordan çıxır. Ancaq
məsələ ondadı ki, sən dediyin anlamda tənqid eləyən təkcə dəyərli
Əsəd Cahangir olmuşdu. Onun da yazdığı tənqidləri (hamısını yox
təbii ki) həmişə güzgüyə tutub oxuyuram. Və ləzzət alıram. Niyə
təkcə onu deyirəm? Çünki dahi Tehran Əlişanoğlunun yazdıqlarının
özünü əvvəlcə tərcümə, sonra tənqid, sonra təfsir edib oxucuya
çatdırmaq lazımdı ki, biləsən, adam nə demək istəyib. Qalan bütün
təniqdi məqalə müəllifləri kitabı yüksək qiymətləndirmişdi. Yox,
əgər tənqidçi deyəndə Rəşad Məcid, Çingiz Abdullayev, bir də
Rəbiyyət Aslanovanı nəzərdə tutursansa, mən pas.
İndi mən deyim ki, "Yad dildə"nin qalib olması obyektiv idi, ya
qeyri-obyektiv? Desəm obyektiv, bu, qeyri-obyektiv olacaq, yox,
Məşədi İbad demişkən, qeyri-obyektiv desəm, onda Rafiq Əliyevi,
Niyazi Mehdini, Rüstəm İbrahimbəyovu, Elçin Şıxlını və 4 nəfərdən
başqa bütün jüri üzvünü incitmiş olaram. Hərçənd Rəşad da 10 baldan
7-sini vermişdi. "Mən ədalətli adamam", - demişdi. Ancaq istefa
verdi. O öz ədalətindən istefa verdi, mən neynəyə bilərdim ki?
Günahkaramsa, bağışlasın.
Bir şeyi də deyim. O vaxt kitabla bağlı yazılmış iki sözü heç
unutmaram və o iki söz qədər ləzzətli ikinci xoş söz eşitməmişəm
hələ. Biri: Qan Turalı xəbərinə belə başlıq yazmışdı: "Ədəbiyyat
qalib gəldi". Bir də Almaniyada yaşayan gözəl heykəltəraşımız Azər
Vəlinin sözü. "Azadlıq" radiosunun "Oxu zalı"nda yazmışdı: "Mən
"Yad dildə"ni oxuyandan sonra yenidən Azərbaycan ədəbiyyatını
oxumağa qayıtdım".
- Oxuculardan biri bir dəfə yazmışdı ki, "Yad dildə"ni
kitab mağazalarından tapa bilmədim. Mən bilən ikinci tirajı
buraxıldı. Ümumi tirajı nə qədər oldu? Doğrudan da satılıb
qurtardımı? Sirr deyilsə, maddi gəliriniz oldumu?
- "Qanun" nəşriyyatı "Ən yeni ədəbiyyat" layihəsinin ənənəsinə
uyğun min tiraj çap etmişdi, mənə ordan 4 kitab çatdı zəhmət haqqı
kimi. Narazı da deyiləm. Azərbaycanda pioner layihə idi yazıçını
nəşriyyat hesabına çap etmək. Hamımız kömək etməliydik. On min
tiraj deyildi ki, deyəm, Şahbaz Xuduoğlu yedi, mən qaldım. Bu
pioner layihə Şahbazın inqilabı idi. MKM qalibi olandan sonra,
Nigar xanım da layihənin prinsipinə uyğun 500 tirajla "Yad
dildə"nin yeni nəşrini buraxdı. Hər iki tiraj reklamsız-filansız, -
mən yazarlarımızın hay-küylə, TV-lərdə səviyyəsiz şou proqramlara
qoşulmaqla, mənasız qalmaqallarla reklam olunmalarını deyirəm, -
heç biri olmadan bütün tiraj satıldı. Çox da çəkmədi. İndi nə qədər
adam yazır ki, necə tapaq. Düzü, bilmirəm.
- Yazarlardan birinin belə bir fikri var idi ki, Pərviz
maraqlı əhvalat danışır, ancaq bunu ədəbiyyat hesab etmədiyi üçün
yazmır, əsər yazanda yerlə-göylə əlləşir və daha dərin mətləblərə
girişir. Doğrudan dərin yazmağa çalışırsınız, ya belə
alınır?
- Kədərli ironiyadır. Bu ironiyanın sahibinin orqanizmində ciddi
xəstəlik var, ürəyim ağrıyır ona görə. Məsələ ondadı ki, mən həmişə
pis oluram, deyirəm, niyə başqa dostlar kimi maraqlı əhvalat danışa
bilmirəm. Deyirəm, görünür, çox istedadsızam. Vallah, bəzən buna
görə əməllicə məyus da oluram. Görünür, o yazar qəşəng əhvalat
danışmağı yaxşı bacarır. Dərin yazmağa qalanda, dərin adam dərin
yazır, dayaz adam dayaz. Çalışmaqla olsa, kim çalışmır ki? Mən də
elə çalışıb pullu olardım da. Daha dərin yazmağı neynirəm?
Gəmim-zadım var?
- Pərviz bəy, siz necə düşünürsünüz, yazıçı, şair, sənət
adamı sosial şəbəkələrdə öz əlçatmazlığına xələlmi
gətirir?
- Bəlkə də gətirir. Ancaq sərsəm təkəbbürdü bu. Nə əlçatmazlıq?
Kim nə böyük bir şey yeyib ki, əlçatmaz olub? Mənə oxucularım adi
adam kimi baxır. Sevinirəm. Mən kiməm guya? Mən də adi adamam da.
Nə böyük iş görmüşəm ki? Üç roman yazmışam, bir qədər hekayə, bir
qədər şeir, publisistika. Nə olsun? Təki məni əlçatan hesab eləsin
hamı. Onda özümün də özümə əlim çatar. Adlarını deməyəcəm,
deyərlər, bizim adımızı çəkib bizimlə bir yüksəklikdə durub özünü
tanıtmaq istəyir, nə qədər növcavan yazarımız var ki, onlarla
görüşməkdən ötrü cavanlar çəllək-çəllək pivədən, vedrə-vedrə
arağından keçir, onların mübarək saqqallarına, eynəklərinə,
papaqlarına, altının stuluna əllərini toxundursunlar. Nə olur ki,
guya? Məzəli söhbətlərdi. Bəlkə də inanmayacaqsız. Mən dünən
yazmağa başlayan adamı da özümdən böyük sayıram az qala. Körpə
yazıçıymışam kimi hər birinin fikrinə sayğıyla yanaşıram.
Ümumiyyətlə, mən yazıçıyammı? Sırf yazıram deyə, hə, yazıçıyam.
Ancaq yazıçı ayrı şeydi axı. Hə, bax yenə o fikrə qayıdıram, hələ
yazmadıqlarıma görə özümü Dostoyevskidən də böyük sayıram. Ancaq
heç Anar da ola bilməyəcəyəm. Reallıq bu. On kitabım olsaydı da,
indi yenə belə deyərdim.
Yazıçı kimi bir uğurumu dəqiq bilirəm. O vaxt bir məktəbli
atasına bağışladığım "Öləngi" kitabı ilə orta məktəbin sinif
otağında yoldaşlarıyla futbol oynayıb. Sevinib. Uşaqları
şənləndirib. Az şeydimi? İnan mənə, həyat amansızdı. Nizam-zad var.
Həmin bu həyat dediyimiz zad onun özünün təpəsinə döyə-döyə gətirib
eləyib yazıçı... Hə-ə. Bəs o uşaq da kim ola? Təsəvvür elə,
yer-yerdən suallar qopur: "Kim ola?.. Kim ola?.." Bə-ə-liii...
Bizim həmin bu Ayxan Ayvaz!
- İtən roman haqda nə düşünürsüz? Bərpa etmək mümkün
olacaq?
- Ayxan, sözün açığı, yazmaq istəmirəm. Bir verilişdə də
demişdim, bizim iztirablarımızın perspektivi yoxdu. Lap tanındın.
Elə biri mən. İndi ölkədə MKM-dən o yanası yoxdu ki. Qalibiyəm. Nə
olsun? 19-cu əsrin geridəqalmış saydığımız Rusiyasının ac-yalavac
yazıçısı Dostoyevski, az qala arvadının donunu satıb yazan Markes
bilirdi ki, iztirablardan sonra şöhrət gələrsə, para da gələcək, o
da oturub bir kitabın puluyla həm yazacaq, həm də dolanacaq. Bizdə
isə fərqi yoxdu. Ancaq istəsəm, o romanı yazacağam. 3 dəfə yaza
bildiyim romanı hələ iki dəfə də yaza bilərəm. Mən öz yanına hökm
eləyə bilənlərdənəm. Ölməsək, sorun deyil. Sadəcə, gedənlər bir də
qayıtmır. Əsas ideyadı. İdeya varsa, yazmaq işimizdi də. Çətini
yazmaq deyil, təslim olmamaqdı.
- İş rejimindən həmişə gileylənirsiniz. Bunu dəyişmək,
yazıçı üçün daha münasib şərtlərdə işləmək mümkün
deyilmi?
- Elə bir iş bir dənədi yazıçı üçün - yazıçılıq. Peşəkar yazıçılıq. Bəli, məhz, yazıçı işləmək. Orxan Pamuk kimi. O da mümkün deyil bu reallıqda. Biz məhv olmuş nəsilik. Sadəcə, sürünə-sürünə, ölə-ölə də olsa, estafeti şanslı nəslə çatdırmaq kimi missiyamız var. Özü də bu, balaca iş deyil a...
Tarix
2016.08.26 / 09:22
|
Müəllif
Axar.az
|