Ana səhifə Toplum |
Göyçay rayonunda avtovağzal binasının olmaması sərnişin
və sürücülər üçün problemə çevrilib.
APA-nın yerli bürosunun
xəbərinə görə, rayonda köhnə avtovağzal söküldüyü üçün avtobusların
dayanma yeri müvəqqəti olaraq dəyişdirilib. İki ildir ki,
Bakı-Şamaxı-Yevlax yolunun kənarında, açıq havada müvəqqəti salınan
avtovağzalda sərnişinlər üçün heç bir şərait yaradılmayıb. Sərnişin
Bahadur Xəlilov, sürücü Rəhman Azadov və İbad Rəhimov bildirib ki,
bu səyyar avtovağzalda oturacaq və gözləmə zalı yoxdur. Onların
sözlərinə görə, müvəqqəti salınan səyyar avtovağzal 2 ildən çoxdur
ki, insanlara çox aşağı səviyyədə xidmət göstərir.
Səyyar avtovağzalda şəraitin olmaması səbəbindən hər gün 1000-dən
çox insan əziyyət çəkir. Köhnə avtovağzalın sökülərək yerində yeni
avtovağzalın inşası üçün heç bir işin görülməməsi isə insanların
haqlı narazılığına səbəb olub. Rayon sakinləri və qonaqlar deyir
ki, avtovağzalın olmaması yay və qış aylarında vəziyyəti daha da
acınacaqlı edir. Belə ki, onlar açıq havada avtobus gözləmək
məcburiyyətində qalırlar.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov
bildirib ki, avtovağzal əvvəllər özəl olaraq fəaliyyət göstərib: "
Buna görə rayon icra hakimiyyəti bu işlərə nəzarət etmirdi.
Avtovağzal rəhbərliyi icra hakimiyyətinə məlumat vermişdi ki,
binanı söküb yerində təzəsini tikəcəyik. Söküblər, amma hələ ki,
yenisini tikməyiblər. Əlbəttə rayonda avtovağzal olmalıdır.
Əvvəllər avtovağzalın tikintisi məsələsi gündəmdə idi, layihə də
hazırlanmışdı, sonradan bizə məlum olmayan hansısa səbəbdən ərazidə
tikintiyə başlamadılar. Avtovağzal əvvəllər özəl idi, sonradan
obyekt Nəqliyyat Nazirliyi tərəfindən sahibkardan geri alınıb".
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən
"APA-Economics"ə bildiriblər ki, hazırda Göyçay avtovağzalının
inşası ilə bağlı layihə təsdiqlənmə mərhələsindədir. Xidmət
gecikmənin olduğunu etiraf edir və bildirir ki, yaxın zamanlarda bu
rayonda da yeni avtovağzalın tikintisinə başlanılacaq: "Orada köhnə
avtovağzalda söküntü işləri aparılması səbəbindən müvəqqəti olaraq
başqa əraziyə köçürülüb. Yaxın zamanda yeni avtovağzalın
tikintisinə başlanılacaq".
Qeyd edək ki, Göyçay avtovağzalından rayonun kəndləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Ucar, İsmayıllı, Mingəçevir, Zərdab, Şamaxı və Ağcabədi istiqamətlərində marşrut avtobusları hərəkət edir.
Tarix
2016.08.26 / 18:33
|
Müəllif
Axar.az
|