Yuxarı

Bu şeirlərin 94 faizi əxlaqsızlıqdır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi nəsillərin arasında gedən çək-çevir bütün dövrlərdə olub. "Köhnələr" "təzələr" tərəfindən həmişə inkar olunub. Amma zaman keçib köhnələr "yaşamaqda" davam ediblər.

Bəs, görəsən gənc ədəbi nəslin nümayəndəsi olaraq onlar yaşlı nəsildən kimisə oxuduqlarına görə peşmandırmı?

Axar.az məsələ ilə bağlı qələm əhli arasında sorğu aparıb.

Şair Aqşin Evrənin fikrincə, orta məktəblərin ədəbiyyat dərsliklərindəki şeirlərin 94 faizi əxlaqsızlıqdır:

"Bir dəfə Müşfiqdən soruşurlar ki, bu cəfəng şeiri niyə əzbərləmisən? O da cavab verir: "Əzbərləmişəm ki, belə şeirlər yazmayım".

İndi mən heç kimi oxuduğuma görə peşman deyiləm. İnsanların özlərini necə biabır eləməsinə teatr tamaşası kimi baxmaq lazımdır. orta məktəblərin ədəbiyyat dərsliklərindəki şeirlərin 94 faizi əxlaqsızlıqdır. Hamımız etiraf etməliyik ki, ağsaqqallarımız yersiz pafos, saxtakarlıq, yaltaqlıq, nadanlıqla dolu şeirlərlə həm özlərini biabır eləyiblər, həm də Ədəbiyyat kitabını".

Çinarə Ömray isə yazar olaraq deyil, şəxsiyyət olaraq çoxunu tanıdığına görə peşman olduğunu qeyd edib:

"Gənc ədəbi nəslin adından danışa bilmərəm. Amma mən bizdən yaşca böyükləri son zamanlar kitablardan daha çox statuslarda görüb oxuyuram. Bəzi statuslarını oxuyub onlara qarşı fikirlərimin mənfiyə dəyişməyindən çox peşman oluram. Yəni yazar olaraq deyil, şəxsiyyət olaraq çoxunu tanıdığıma peşmanam".

Cavid Zeynallı isə sovet dövrü ədəbiyyatının çoxunu mənasız hesab edir:

"Mən oxuyacağım kitabları daha çox sınaqdan çıxan müəlliflər və kitablar hesabına müəyyən edirəm. Əgər belə demək mümkündürsə, təcrübəsiz vaxtlarımda 60-70-ci illərdə çap olunan, oxuduğum və peşman olduğum müəlliflər yəqin ki olub. Düzünü deyim, heç adlarını da xatırlamıram. Daha çox müasir dövrdə çap olunan yerli yazıçıları və dünya ədəbiyyatını mütaliə edirəm. Düzü, sovet dövrü ədəbiyyatının çoxunu oxumağı mənasız hesab edirəm. Kolxoz sevgilərindən xəyala dalmamaq da olar..."

Dilqəm Əhməd İsa Muğannanı oxuduğuna görə peşman olduğunu deyib:

"Mərhum İsa Muğannanın sonralar üzərində yenidən işlədiyi əsərlərini oxuduğuma peşmanam. "Cəhənnəm", "Qəbiristan" kimi əsərləri. Çünki həm tariximiz təhrif olunub, həm də Müsavat hökuməti əleyhinə yanlış fikirlər var".

Gülşən Mustafa isə bir qədər fərqli fikirdədir. Gənc yazar pis əsəri də oxumağı məsləhət görür:

"Heç kəsi oxuduğuma görə peşman deyiləm. Pis əsəri də oxumaq lazımdır ki, yaxşını dəyərləndirə biləsən. Mən, sadəcə, hər oxuduğumdan nəticə çıxarmağa çalışmışam".

Alpay Alpay oxuduqlarına görə peşman olmadığını bildirib:

"Bu suala cavab verməyə çətinlik çəkirəm, səmimi deyirəm. Məsələ burasıdnadır ki, mən, oxuduqlarıma görə peşman deyiləm. Çünki oxuduqlarımın hamısı klassiklər olub".

Habil Yaşar zəif poeziyasının olması səbəbi ilə Süleyman Rüstəmi oxuduğuna görə peşmandır:

"Düzü, bu sual çox düşündürdü məni. "Partbiletim sol cibimdə – ürəyimin başındadır" deməsi, eyni zamanda digər şairlərə nisbətən daha zəif poeziyasının olması səbəbi ilə Süleyman Rüstəmi deyərdim. Digər şairlərə görə, o, mənim üçün zəifdir. Amma tarix onu yaşadırsa, hər halda heç də zəif şair deyil".

Mirmehdi Ağaoğlu Çəmənzəminlinin hekayələrini bəyənmir:

"Yaşlı nəsildən oxuduğum əsərlər ən azı ədəbiyyat faktı kimi mənə maraqlı gəlib. Məsələn, bir müddət əvvəl Çəmənzəminlinin hekayələrini oxudum. "Mariya" hekayəsini çıxmaqla digərlərini o qədər də bəyənmədim. Bəs bu hekayələri oxumağıma peşmanammı, əlbəttə yox. Çəmənzəminli Azərbaycan nəsrinin özülünü atan ədiblərdəndir. Təsəvvür edin, heç bir təcrübə yox, heç bir ənənə yox və sən ana dilində yeni bir şey yaratmağa məcbursan. Əlbəttə, burada nöqsanlar da ola bilər".

Zaur Sahil digərlərindən fərqli olaraq yaşlı nəsli oxuduğuna görə yox, oxumadığıma görə peşmandır.

Əsəd Qaraqaplan isə yaltaq mətnlərlə böyüdüyünü etiraf edib:

"Sovet dövrü yazarlarını, xüsusən, bir neçəsini çıxmaqla şairləri oxuduğuma görə peşmanam. Çünki ona sərf elədiyim vaxtı daha ciddi və zövqlü mətnlərə sərf edə bilərdim. O dövrün poeziyası insanın zövqünü korlayır. İnsanda bir manıslıq yaradır. Özləri kimi mətnləri də yaltaqdı. Ona görə düşünürəm ki, onlardan, sadəcə, bir neçəsini oxumaq lazımdı, o da bir dəfə.

Məsələn, dil bilmirsənsə, heç olmasa, o dövr türk poeziyasını oxumaq daha yaxşıdır, nəinki bunları. Mən sonralar bildim bunu. Bu da bizim təhsilin günahıdır. Əvvəldən bizi bu yaltaq mətnlərlə böyüdüblər".

Ulucay Akif də bəzi gənclər kimi, oxuduqlarına heyfslənmir:

"Belə bir müəllif məndə yoxdur. Bunun isə bir əsas səbəbi var. Biz yaşlı nəsil yazıçıları sosial şəbəkələr üzərindən tanımamışıq, buna görə də onların əsərləri ilə elə sırf kitablardan tanış olmuşuq. Kitab isə elə bir şeydi ki, istədiyin an yarımçıq qoya bilərsən. Buna görə də mən heç vaxt yaşlı nəsil yazarlardan pis bir əsər oxumamışam. Öz əlimdədi, kitabı bağladığım an yazıçı susmağa məcbur qalır. Amma bir şeyi deyə bilərəm ki, yaşlı nəsildə nəsrimiz poeziyamızdan daha güclü olub. Çünki bayağı, şablon şeirlər rastıma çox çıxır. Ümumiyyətlə, belə şeyləri ciddi problem saymadığım üçün heç narahat, peşman olan deyiləm. Zamanın ələyindən keçəndə, geriyə yalnız layiq olanlar qalacaq.

Könül Səidin fikrincə, "oxudum və peşman oldum", demək qələmə hörmətsizlikdir:

"Mənim evdə orta zənginlikdə olan kitab rəfim var. Orda həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin kitabları var. Ayrı-seçkilik etmədən hər gün hər iki nəslin kitablarını mütaliə edirəm, yeri gəldikcə faydalanıram. Amma heç bir halda kimisə oxudum və peşman oldum deyə bilmərəm. Bu, ən azından o insanın qələminə, zəhmətinə hörmətsizlik olar".

Gülnar Səma isə heç bir yazarı inkar etmir:

"Mən filoloq olduğuma görə hər bir müəllifi mütəxəssis kimi oxuyuram. Düzünü desəm, qəbul etdiyim imzalar çoxdur. Tamamilə inkar edəcəyim imza isə yoxdur".

Tarix
2016.08.27 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla