Yuxarı

Tanımayanlarla Allahı tanış edə bilərəm... - Qaraişıq

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Qaraişıq Sumqayıt şəhərində doğulub-böyüsə də, 2008-ci ildən İngiltərədə yaşayır. Yenicə çapdan çıxmış "77 şeir" kitabının müəllifidir. Zaman-zaman şeirləri, kiçik esseləri ilə də Azərbaycan mətbuatında çıxış edir. Yəni özü Azərbaycanda olmasa da, sözü Azərbaycandadır.

- Rauf bəy, ciddiyyət, ya səmimiyyət?

- Səmimiyyətlə ciddiyyət...

- Necəsiniz, şeirləriniz necədi?

- Yaxşıyam. Şeirlərim... Köhnə şeirlərin keyfi kökdü, bir ildi ki, "ev-eşik" sahibi olublar - kitaba düşüblər. Təzə şeirlərim Feysbukda, "kirayədə" qalırlar.

- "Ən yaxın dostum İqbaldı,

Ən böyük dostum – Allah", - deyirsiniz. İqbal necədir?

- Ən yaxın dostum İqbaldı. Sumqayıtda çox adam tanıyır onu. Demək olar, hər gün danışırıq. Yaxşıdı. İndi Azərbaycandadır. Ən böyük dostum Allahdı. Onu tanıyanlar tanıyır, tanımayanlar isə istəsələr, qiyabi də olsa, tanış edə bilərəm...

- Kitab adamı olub dünyanı gəzmək gözəldi, ya dünya adamı olub kitab yazmaq?

- Dünyanı gəzmək gözəl şeydi. Dünya adamı olmaq da gözəldi. ("Hara getsən vətəndir!" misrası düşdü yadıma. 77 şeirdən biri. Hələ gəzə-gəzə kitab da yaza bilsən, bu, lap əla olar. Onu da deyim ki, özümü kitab adamı saymıram.

- Bu boş küçə

Ürəyim kimi boş, kimsəsiz.

Sərilib üzüqoylu yerə.

Bu boş küçə, borclu küçə

On ildi bir görüş borcludu mənə.

Sevgili görüşü.

Bu boş küçə, borclu küçə

Min il keçə

Borcundan çıxa bilməz.

Bu boş küçə

Ürəyim kimi boş, kimsəsiz… - O boş küçə borcunu qaytara bildimi sizə?

- Hələ min il keçməyib axı.

- Niyə məhz daş, ağac və kəpənək?

- O şeiri 25 yaşında ən doğma adamını itirib özünə sui-qəsd etmək istəyən bir gənc yazıb... 4 cü mərtəbədən nə görünürsə, onu da yazıb...

- Ölmüşdüm…

Bir cüt sarıca yarpaq

Bir cüt quruca yarpaq

Qondu qaraca gözlərimin üstə.

Elə bildim… əllərindi!

Açdım gözlərimi!

Yoox…

Əllərin deyilmiş sənin

O bir cüt sarıca yarpaq,

O bir cüt quruca yarpaq.

Heyf dirilməyimə,

Heyf!.. - O bir cüt sarıca yarpaqla, quruca yarpaq çoxmu aldadıb sizi?

- Yarpaqlar hər il aldadır məni... Payızda dilxor edirlər məni tamam! Öpüşüb-görüşüb ayrılırıq. Bir də yazda görürəm ki, budur, durub gəliblər yenə...

- Sarı, qaşqa, təpəl, şəkil günlərdən nə xəbər?

- Sarı, qaşqa, təpəl, səkil günlərimin günü azdı bir az burda. Neynəyim, "başqa təpəl, şəkil günüm" yox... Şükürlər olsun, hələ ki, yola gedirlər günlərim.

- 77 şeir. Niyə? 7 müqqədəs rəqəmdi, ona görə? İki yeddi - ikiqat müqəddəslik?

- Qızlarıma söz vermişdim ki, 2015 də şeir kitabımı çap etdirəcəm. Hə, şeirlərimi yığdım bir yerə, dedim, yəqin bir 100 dənə olar da... Cəmi 77 dənəsini bəyəndim... Həm də o arada kitaba ad axtarırdım. Elə qərara gəldim ki, kitabın adı "77 Şeir" olsun. 7 rəqəmindən, ümumiyyətlə, xoşum gəlir...

- Kitabınızı tənqid edən oldumu?

- Eşitməmişəm. Bizdə müəllifi tənqid edirlər (ya da tərifləyirlər), kitabı yox... Təəssüflər olsun. Bu təəssüf sözünü yazana qədər adam 100 dəfə üff eləyir...

- Sizcə, bizdə tənqid inkişaf edə bilib?

- Tənqid inkişaf edə bilməz. Tənqid ya var, ya yox! Ədəbiyyat da onun kimi. Ədəbiyyatı inkişaf etdirmək mümkün deyil, onu yaratmaq lazımdır - sətir-sətir, misra-misra! Rusiyada "Qızıl ədəbiyyat " dövrü yaranmamışdan öncə, "Qızıl tənqid" yaranmışdı o vaxt. Tənqidi Böyük Zövqü olan adamlar yaratmalıdır. Elmi adla əlaqəsi yoxdur. İstedadlı, xoş niyyətli, imanlı və işinin ustası olsa bir adam, nə yazır-yazsın, gözəl olar! Məncə.

- Bu ədəbiyyatla Nobelə çata bilərik?

- Biz öncə öz mükafatımızı, deyək ki, ümumtürk mükafatı yaratmalıyıq. Məsələn: Nizami mükafatı! Elm, ədəbiyyat, mühəndislik, tibb və s. Ondan sonra o mükafatı alan adamın əsərlərini, elmi işlərini, ixtiralarını dünyada güclü reklamla və siyasi, yəni, yumşaq güclə (soft power) aparıb Nobel komissiyasına təqdim etmək olar. Özümüzü tanımasaq, bizi heç kim tanımayacaq, məncə.

- Sizi daha çox hansı incidir – yanınızdakı, ya qəlbinizdəki?

- Mən hər şeydən inciyən adam deyiləm. Məni incitmək bir az qəliz məsələdir. İncisəm də, o saat bir-iki dənə şeir yazıram, vəssəlam. Düzdü, qəlbində bir fayl qalır, delete eləmək olmur, bəzən...

- O, indi hardadı?

- Bizdə olur...

- Azərbaycanda olanda qarabağlı olursunuz, Southamptonda olanda azərbaycanlı. Bu, necə hissdir?

- Azərbaycanda olanda sumqayıtlı oluram, burda olanda qarabağlı... Maraqlı hissdir... Əgər adamı mobil telefona bənzətsək, hara gedirsən get, başının siqnalı, batareyanın enerjisi və balansının konturu olsun həmişə gərək.

- Bizə hələlik son sözünüz?

- Sizə 3 şey arzulayıram:

1. Ruhunuz (siqnal) güclü,

2. Canınız (batareya) sağlam,

3. Qəlbiniz (balans) dolu olsun. Bunlara çatmaq üçün isə ən böyük və ən etibarlı "mobil operator"a - Allaha bağlanmaq lazımdır!..

Tarix
2016.08.27 / 09:18
Müəllif
Çinarə Ömray
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla