Yuxarı

Kişilərimizin qeyrət fobiyası

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətənin hüdudlarından kənarda yaşadığım üçün səhərlər çay masasında ilk işim saytlara nəzər yetirmək, xəbərləri incələmək olur. Adətən, səhər ovqatı günlük yaşamın necəliyinə birbaşa təsir edir. Yəni səhər pozitiv düşüncələr, xoş şeylərlə qarşılaşırsansa, günün də o qədər gözəl keçir. Əksi də məlumdur.

Planşeti açıb təzə dəmli çayından bir udum alırsan ki, görəsən, ölkəmdə vəziyyət necədir, nələr yaşanır? Azərbaycan saytlarına daxil olanda başlıqlar insanı həyatdan soyudur, hətta intihara sürükləyir. "İsmayıllıda ər xəncərlə arvadını yaraladı", "Qubada qısqanclıq zəminində kişi arvadını altı yerdən bıçaqladı", "Bakıda gənc oğlan sevgilisini öldürdü", "Lənkəranda kişi qadını boğaraq qətlə yetirdi", "Gəncədə qətl hadisəsi baş verdi" və s.

Heç xəbərə daxil olmadan səbəb məlum olur. Azərbaycan kişisinin qeyrət, namus fobiyası əsasında baş verən cinayətlər - Xəyanət!

Öncə onu qeyd edim ki, xəyanətin cinsi olmaz. Və individual xarakter əskikliyidir. İstər kişi olsun, istərsə də qadın, heç bir fərqi yoxdur. Demək ki, şəxsin xarakteri bütöv deyil. Burada qadın-kişi ayrımçılığı mövzu bəhsi ola bilməz. İnsan faktoru rol oynayır. Tərəflərdən biri digərindən narazıdırsa, yolları ayırmalı, hərəsi öz istəyi doğrultusunda həyatını istədiyi kimi yaşamalıdır.

Bəzən sosial şəbəkələrdə paylaşımların altında belə rəylər olur: "Xəyanət etməyə necə baxırsınız?" Bu sualı verən beyin primitivliyin altındadır. Heç bir məntiqi əsası yoxdur, boş çoxluq kimidir. Xəyanətə necə haqq qazandırmaq olar ki?! Amma xəyanət, aldadılma, ümumiyyətlə, münasibətdə əyrilik varsa, iki tərəf də günahkardır, qarşı tərəfdə çatışmazlıq qaçılmazdır.

Xəyanət bizim kişilərdə fobiya halındadır. Kişilər var, hər gün qadınının telefonunu qurdalayır, mesajlarına, gedib-gələn zənglərinə baxır, nəzarətdə saxlayır. Bu, nə sevgi adı altında məhəbbətə yamadığımız qısqanclıqdır, nə də normal insan hərəkətidir. Eyni zamanda, belə qadınlar da mövcuddur. Şübhə münasibətin içini yeyən qurd kimidir. İçinə düşdüsə, yeyib bitirəcək. O, səni bitirmədən, sən ya onu içindən söküb atmalı, ya da münasibətini bitirməlisən. Sonu cinayətə dayanan yaşam hər iki tərəfi bədbəxt edəcək.

Bizim insanımızda sivillik yoxdur. Elə bil, can almağı, zorakılığı özlərinə peşə ediblər. Namus, qeyrət filan deyibən insan öldürüb, öz həyatını da, dünyaya gətirdiyin övladlarının həyatını da puç etmək ən böyük ağılsızlıq və cahillikdir. Heç bir xəyanətin qarşılığı ölüm ola bilməz! Ayrıl, boşan və uzaqlaş. Bu qədər bəsit... Sənin öldürməyin kimə nə qazandıracaq? Kimə nəyi sübut edirsən bununla?

Hə, camaat deyəcək ki, filankəsin arvadı gəzirdi, kişi bıçaqla boğazını kəsdi. Kişi adamdı! Bunu eşitmək sizin illərinizdən, övladlarınızın yetim və öksüz qalmağından önəmlidirmi? Bir münasibət - eşq, evlilik, ilişgi, flört varsa, onu sivil və insani dəyərlərlə yaşamaq lazımdır. Əsl insan kimi, vəhşiləşmiş, zombiləşmiş formada yox.

Xəyanəti yaradan səbəblər nədir?

Ailədə xəyanəti yaradan səbəblər müxtəlif ola bilər. Öncəliklə, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. Cinsi həyatın təmin olunmaması, qayğı və nəvaziş əskikliyi, tərəflərin bir-biri ilə dil tapa bilməməsi, sevgi qıtlığı, həddindən artıq sosial problemlər və s. səbəb kimi göstərilə bilər.

Xəyanət aşkarlanarsa, ən ağıllı seçim ayrılıqdır. Heç bir xəyanətin və ya səhvin qarşılığı ölüm, cinayət ola bilməz, buna kimsənin haqqı yoxdur. Dünya sivil qanunlarla idarə olunduğu halda, affekt halında düşünülməmiş və qızmış beyinlə edilən qeyri-insani davranış hər iki tərəfin həyatının puç olması ilə nəticələnəcək.

Dünyanı sevgi toxumları ilə çiçəkləndirək. Əgər sevgi və sayğı bitibsə, bu ilişgini davam etdirməyin mənası yoxdur. Danışın, anlaşın və qarşılıqlı anlaşma ilə ayrılın. Övladlarınıza ayrı-ayrılıqda daha yaxşı valideyn ola bilmək imkanınız var ikən, birlikdə zəhərli bir həyat yaşayaraq, onları da bu çirkabda çabalamağa məcbur etməyin.

Belə xəbərlərin günümüzdə yer almaması üçün düzgün seçim mütləqdir. Lütfən, insan həyatı ilə oynamayın! İcazə verin, bir stəkan çayımızı ağız dadı ilə içə bilək...

Tarix
2016.09.08 / 08:45
Müəllif
Aysel Abdullazadə
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla