Yuxarı

Məmməd İsmayıl: “Səndən şair çıxmayacaq...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan tanınmış şair Məmməd İsmayıl Axar.az-ın ədəbiyyatda dəyər kultu mövzusu ilə bağlı suallarını cavablandırıb:

Ədəbiyyatını göstər, kim olduğunu deyim

Hətta əski çağların insanları belə gözəlliyin az və zor olduğunu yaxşı bilirdilər. Bu sözləri ona görə dalbadal sıralayıram ki, uşaqlıqdan gəncliyə, kitabsızlıqdan kitaba doğru getdiyimiz çağlarda oxumaq üçün məktəb kitabxanasından əmioğlumla birlikdə oxumağa kitablar alardıq. Bu, hələ oxu mədəniyyətinin qürbətində, nəyin pis, nəyin yaxşı olduğunu, kimi və ya kimləri oxumaq lazım gəldiyini bilmədiyimiz zamanlar idi. "Ədəbiyyatını göstər, sənin kim olduğunu deyim"də həqiqət payı umduğumuzdan daha çoxdur. Yəni əlbəttə, kitabxanada olan kitablar da bizim ədəbiyyatın kitabları idi.

Səndən şair olan deyil

Mən Aşıq Ələsgər və Osman Sarıvəllinin kitablarını almışdım, əmioğlum isə adını çəkməyə lüzum görmədiyim, indi adı-sanı çoxdan unudulmuş bir şairin kitabını almışdı. O zaman ikimiz də şeir yazmağa yenicə başlamışdıq, yarış içindəydik. Və mən o zaman şüuraltı bir düşüncə ilə əmioğluma deyəcəkdim: səndən şair-filan olan deyil, bir gör kimin kitabını oxuyursan? Nədən qarşıma Aşıq Ələsgər və Osman Sarıvəllinin kitabları çıxmışdı? Və az sonra bu siyahıya Ə.Kərim və İsa Hüseynov da əlavə olunacaqdı. (Bu siyahını Nizamidən, Xaqanidən, Azərbaycan və dünya ədəbiyyatından adlar çəkməklə xeyli uzatmaq olardı. Ona görə uzatmaq istəmirəm ki, məni indiki halda oxu təməlinin oluşumu maraqlandırır!)

Tənqid oxlarının hədəfi olan İ.Hüseynov

Hələ yaxşı ilə pisin arasında bir yerdə, tərəddüdlər ləpədöyənində, sənətin qürbətində nədən adlarını çəkdiyim sənәtkarların әsәrlәri ac marağımın qarşısına çıxmalıydı və bu seçim də bilincli bir seçim deyildi… O, hansı təsadüfdür ki, birimizin qabağına qızılı, başqa birimizin qabağına kömürü çıxarır. O təsadüfün adı nədir görəsən? Yaxşı əsərlər də bir baxıma qızıla bənzəyir. Heç qızılın bir qızın, gəlinin biləyinə, boynuna can atdığını görmüsünüzmü? Əksinə, qız-gəlinlər qızıla can atar. Qızılın adı qızıldır, o da öz dəyərbiçilməz dəyəri ilə həmişə göz önündə olan gözəllərdən torpaq altında qalmışlığının qisasını beləcə alır. Qızılın dәyәrini ölçü, ayar daşı ilә ölçürlәr, qızıl xeyirlә şәrin müqayisә ölçüsüdür. Bәs sözün dәyәr ölçülәri nәdir? Təbiətin ümumi qanununun sirrini elm deyilən çevrənin içindən çəkib çıxarmaq üçün nə etməli? Tarixdə bəziləri qızıl əldə etmək üçün gün işığını torpağa gömməyi düşünmüşdülər. Kimdir ilk dəfə bunu düşünən? İbn-i Rəşid Kurtabdakı böyük məscidin sağdan birinci sütunun altına günəş işığını gömməyin yolunu bulmuşdu. Amma bu təcrübənin başarıyla bitib-bitməməsini bilmək üçün səkkiz min il gözləmək lazımdır. Çünki gün işığını içində barındıran çuxur ancaq səkkiz min ildən sonra açılacaq. Niyə 20 yaşlı M.İsmayıl adları qəzet, jurnal səhifələrindən düşməyən, adlı-sanlı, döşləri orden-medallı, Sosialist Əməyi Qəhrəmanı, "xalq şairləri"nin yazılarını yox, o zamanlar hələ çoxlarının heç adını belə eşitmədiyi Ə.Kərimi, ya da sevilmək, təqdir olunmaq yerinə, tənqid oxlarının hədəfi olan İ.Hüseynovu oxumağa can atırdı. Həm də bunu aşıq, saz mühitində böyüyən, laylasına ağı, bayatı, gəraylı, qoşma, təcnis qarışan bir yeniyetmə edirdi? Sirr haradadır? Görünür, o məscidin altında qızıl olmasını gözləyən gün işığı kimi hər mükəmməl əsərin də içində gizlənən enerjinin varoluşunu bilmək üçün səkkiz min ilə ehtiyac qalmır, çox zaman böyük enerjili əsərin haradasa özü səni arayıb tapır, yetər ki, salama hazır olan yolçu kimi onun gəlişini gözləyəsən, daha doğrusu, bu görüşə can ata, onu istəyəsən? Bәzәn biz aradığımız yox, bizi arayanlar çıxır qarşımıza.

Sənətkarın ilham enerjisi

Sanki hər mətn bir qatar misalı yarandığı gündən gələcəyə yol alır, bu "qatarı" o "Gələcək" deyilən dayanacaqda kim və kimlər qarşılayacaq? Amma bu tərəddüdlü sual o "qatarın" vecinə də deyil, vecinə olsaydı, heç əbədiyyət yoluna çıxmağa cəsarət edərdimi? Heç şübhəsiz, ilahidən, ilhamdan, dünya ədəbi təcrübəsindən gələn mətndə və o mətnə ki, sənətkarın ilham enerjisi hopdurulmuş, o mətndə ki, çağırış enerjisi var, o mətnin zamandan, oxunub-oxunmamaqdan qorxusu da olmayacaq! Bu, hər halda əbədiyyət sevgisidir. Rus filosofu Berdyayaev deyirdi ki, әbәdiyyәtdәn başqa heç nәyi ürәkdәn sevmәk lazım deyil, әgәr әbәdiyyәt yoxsa, demәli, heç nә yoxdur.

Və o mətnlər, sadəcə, yazarını deyil, həm də keçmiş və gələcəkdən gələn ədəbi təcrübəni də özündə ehtiva edir. Və onlar bir qazan südü qatığa çevirən bir qaşıq maya kimidir. Gəlişləri ilə bütün ədəbiyyat dünyasını maqnit kimi özünə çəkməyi və sehrləməyi, buna heç can atmasalar da, bacarırlar. Hər şey mayasında gizlidir, elə əsl ədəbiyyat da! Əsas olan odur ki, sənin ədəbiyyata gəlişini kim və kimlər qarşılayır, bu çox önəmlidir. Baratinski deyirdi ki, istedad Tanrı görəvidir, onu yerinə yetirmək hər istedadlı adamın boynunun borcu olmalıdır.

Bәzәn Şәrq Qәrbin ayağına gedәsi olur

Son zamanlar ədəbiyyatımızda yeniləşmə hərəkətinin doğuşunu görürük. Xüsusilə ədəbi gənclikdə ağına-bozuna baxmadan bir Batı heyranlığı var! Halbuki!!! Dünyanın quru, su, hava sәrhәdlәri var. Qitələrarası fəqliliklər bəlkə də bu sərhəd oluşumlarından gəlir. Vә fәrqliliklәr nә qәdәrdirsә, bәnzәrliklәr dә o qәdәr olmalıdır. Yaradıcı adam bu mәnada haradasa dünya adamıdır. Vә qitәlәrarası fәrqliliklәr olsa da, enindә, sonunda bu fәrqliliklәr düşüncә yerdәyişmәlәri ilә bu fәrqi azaltmağa çalışır, bәzәn Qәrb Şәrqin, bәzәn dә Şәrq Qәrbin ayağına gedәsi olur. Qәrbin axtarış istiqamәti insanın tәbiәt üzәrindә qәlәbәsini gerçәklәşdirmәk ovqatında qurulub, Şәrqin axtarış istiqamәti isә әksinә, insan ruhuna vә mənәviyyatına yönәlib. Fәrq bu qәdәrdir.

Elə "heç" deyirsən, nə var bu "heç"də

Qoyub önümüzə kim bu təzadı?

Səhərlər Doğudan doğan günəş də,

Axşamlar əyilib Batıdan batır…

Qitələrarası soyuyan sumu

Sonu nə olacaq bu gedişin də?

Min ildi sualı soran Doğumu,

Min ildi Batı da cavab peşində..

Budurmu qardaşın qardaşa ərki

O gözdən bu gözə kin, sitəm baxar.

Adında gizlənən şərdimi Şərq ki,

Əzəldən Qərb ona belə kəm baxar?!

Batı daha çox gözünə inanır

Var göz mədəniyyəti, var söz mədəniyyəti. Bu düşüncə Qərblə Şərqin baxış bucağında ortaya çıxır. Batı daha çox gözünə inanır, bəlkə buna görədir ki, Qərbdə gözə dayalı kino sənəti Şərqə nisbətən daha gəlişmiş durumdadır, yəni topluma alışıq olduğu baxış hədәfi vermək gərəklidir, Şərqə gəldikdə isə biz daha çox şeirə, əfsanəyə, dastana, saza, sözə bağlıyıq, bəlkə, yurddan-yurda qonmaq zorunda olduğumuz zamanlarda sözümüzə sığınmışıq, çünki sözün daşınmaq problemi yoxdur. Zaman atәşdir, önünә çıxan hәr şeyi yaxıb yandırar, әsl sözdən başqa...

Hind vedalarında Allah adına belə bir kəlam var: "Mən suyun dadı, Günəşin işığı, efirin səsi, insanın istedadıyam, hər şeydə, hər yerdə var olan mənəm..."

Dahiyanә vә sәhvsiz tәnqidçi - zamandır

Siseron deyirdi ki, insan öz daxili dünyasının әksidir. İnsan nә fikirlәşirsә, hәyatda da o olur. "Yayından çıxan ox bizә hәqiqәti necә axtarmağın yollarını öyrədir", - deyirdi Konfutsi. Yәni yaxşı başlanğıc işin yarısıdır. Güclәr var ki, onu görmәk yox, ancaq hiss etmәk olar, çünki güclüyә, cәsurlara tale dә kömәk elәyir. Dәyәrli söz öz-özünә arayışsız gәlәn sözdür. Onlar sanki tәbiәtin özü tәrәfindәn diktә edilir. Z.Freyd deyirdi ki, göylər nə edirsə, yaxşılığa edir. Dünyanın yaradılış planında insanın mutluluğu nəzərdə tutulmamışdı. Yer üzәrindә mutluluğu insanın özü vә sözü yaratmalıdır. Belinski demişkәn, әn böyük, dahiyanә vә sәhvsiz tәnqidçi - zamandır. Bu mәnada "istinad etdiyimiz dәyәr kultu zamanın sınağından çıxa bilәcәk söz olmalıdır" düşüncәsindәyәm…"

Tarix
2016.09.24 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla