Yuxarı

İlham Əliyev Sumqayıta getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:44

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə əsaslı təmir və yenidənqurma işlərinin şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirildiyi barədə məlumat verib.

Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki "Göyərçin" abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Diqqətə çatdırılıb ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib.

Bildirildi ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

Daha sonra Prezident İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bina 1956-cı ildə istifadəyə verilib.

Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Qeyd olunub ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır. Sonra Azərbaycan Prezidentinə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib.

Dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.

Bildirilib ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.

Qeyd olunub ki, bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb.

Diqqətə çatdırılıb ki, 12 hektar sahəsi olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq. Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir.

Bulvarın ərazisində 4,2 kilometr uzunluğunda, 16 metr enində asfalt yol salınıb. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib və mərmərlə üzlənib.

***

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Prezident İlham Əliyevə küçənin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolun 4 min metrinə Azəryoltikinti ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə məlumat verilib ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur.

Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış olub.

***

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verilib ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

**

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Məlumat verilib ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Tarix
2016.09.27 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla