Yuxarı

Bakı bunu dəfələrlə sübut edib - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin gündəliyiniz yetərincə genişdir, olduqca çoxsaylı məsələlər müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bildirib.

"Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq.

Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir.

Sizin başçılıq etdiyiniz orqanların fəaliyyəti spesifikdir. O, cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin gözünə görünmür. Sizin fəaliyyətinizi mövcud şəraitdə qiymətləndirmək lazımdır. Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar. Buna görə də əlbəttə ki, bir daha demək istəyirəm, artıq böyük tarixə malik olan Şura, – sabah Şuranın 41-ci iclası olacaq, siz dəfələrlə görüşmüsünüz, - özünün səmərəliliyini artıq sübut edib. Xüsusən indiki şəraitdə, səylərin daha artıq birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi və əlbəttə, vaxtında informasiya mübadiləsinin zəruri olduğu şəraitdə bu, çox vacibdir. Potensial təhdidlər barədə informasiya mübadiləsinə gəldikdə isə burada söhbət nəinki günlərdən, hətta saatlardan gedir.

Buna görə də biz çalışırıq və bundan sonra da çalışacağıq ki, tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti gücləndirək. Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik. Bu ölkələrlə bizi vahid dövlətin tərkibində birgə yaşadığımız uzun tarixi dövr birləşdirir və son 25 ildə artıq müstəqil ölkələr kimi öz münasibətlərimizi tarixi dostluq və qarşılıqlı dəstək ənənələri əsasında qururuq. Buna görə bir daha demək istəyirəm, biz sabahkı iclasa xüsusi əhəmiyyət veririk. Mən şadam ki, həmin iclas bizim ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqillik illərində, son illərdə istənilən təhdidlərə davam gətirmək qabiliyyətini dəfələrlə sübut edib", - İlham Əliyev qeyd edib.

Tarix
2016.09.27 / 22:28
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla