Ana səhifə Toplum |
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Report-a bildirib ki, paytaxta yağan güclü yağışla əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilir. Bu cür hallarda sürücülərdən təmkinli olmaları və avtomobillərini minimum sürətlə idarə etmələri xahiş olunur.
"Bakının Tbilisi prospekti, Bakı-Sumqayıt şossesi, Babək
prospekti, aeroport yolunda havanın yağmurlu keçməsi ilə əlaqədar
təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi
20 km/saat aşağı salınıb. Məsələn, aeroport yolunda 120 km/saat
olan sürət həddi 100 km/saat müəyyən edilib. Hava şəraitindən asılı
olmayaraq, yalnız texniki cəhətdən saz olan avtomobillər istismara
buraxılmalıdırlar. Çiskin və yağmurlu hava şəraitində avtomobilin
texniki sazlığı bir daha nəzərdən keçirməlidir", - deyə V.Əsədov
bildirib.
Onun sözlərinə görə, əsas təhlükə yarada biləcək məqamlar isə
avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə
olmamasıdır: "Digər tərəfdən, sürət həddi aşağı salınmalı, ara
məsafə daha çox saxlanılmalı, bu cür hava şəraitində əyləcdən daha
az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə
etmək avtomobilin sürüşmə ehtimalını artırır".
Polis polkovniki əlavə edib ki, sürücülər çirkli suların
yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən
piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə
etməlidirlər.
V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən
paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün
istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir və hazırda
sıxlıq müşahidə edilmir.
Tarix
2016.09.28 / 21:02
|
Müəllif
Axar.az
|