Ana səhifə İdman |
Sabah Uiks və Nika oynamayacaq. Başqa hər cəhətdən hazırıq.
APA-nın məlumatına
görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk
deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" sabah
"Maynts"ı qəbul edəcək. Ev sahiblərinin ukraynalı çalışdırıcısı
matçdan öncə keçirilən mətbuat konfransında bunları deyib: "Başa
düşürük ki, şansımız var. Əminlik var. Bundan bacardığımız qədər
istifadə etməyə çalışacağıq".
- Rafael Santosu hesabdan silmisizmi? Bir də Uiks və
Kvekveskirinin yoxluğunda onların mövqeyində kimləri
oynadacaqsız?
- Mən razılaşmıram ki, Rafael Santosu hesabdan silmişik. O, çox
vacib oyunlarda da iştirak edib. Santos bizim üçün lazımlı
oyunçudu. Bunu nəzərinizə çatdırmaq istəyirəm. Yarımmüdafiə
xəttində Nika Kvekveskiri və Teo Uiks oynamayacaq. Bu mövqedə yeni
transfer Franyiçi oynada bilmərik. Çünki o, cinah futbolçusudu. O
ki qaldı Franyiçin adaptasiyasına, hər şey qaydasındadı, işləri
yaxşı gedir.
- "Maynts"ın Avroliqada qarşılaşdığınız digər rəqiblərdən
fərqi nədədi?
- "Maynts"ı digər rəqiblərlə müqayisə etmək istəmirəm. "Qəbələ"
çox ciddi komandadı. İstənilən rəqiblə qarşılaşmada şansımız var.
Sadəcə, özümüzün ən yaxşı oyununu göstərməliyik. Hər bir futbolçu
meydanda bütün bacarığını göstərməlidi. Onda bizim qələbə şansımız
yaranar. "Maynts"a gəlincə, çox güclü komandadı. Düşünmürəm ki,
onlar bizimlə matçda heyətdə eksperimentlər edəcəklər. Xeyr. Məncə,
bizə qarşı ən güclü heyətlə oynayacaqlar. Müşahidəmə əsasən deyirəm
ki, Avroliqa güclü çempionatların komandaları üçün də maraqlıdı.
Onlar da çalışırlar ki, əsas heyətləri ilə çıxış etsinlər.
"Borussiya"nın "Qəbələ" ilə hər iki oyununu xatırlatmaq istəyirəm.
Onlar bizə qarşı əsas heyətləri ilə oynamışdılar.
- Rəqibin ən güclü cəhətlərini bizə açıqlaya
bilərsizmi?
- Ən üstün cəhətləri fiziki gücləridi. Çox sürətli və cəlddilər.
Uzun ötürmələrdən tez-tez istifadə edirlər. Oyunçuları boş mövqeyə
açılmağı yaxşı bacarırlar. Meydanda sona qədər mübarizə aparırlar.
Başa düşürəm ki, bu cür komandaya qarşı oynamaq bizim üçün çətin
olacaq. Əks-hücuma da sürətli çıxa bilirlər. Çox aqressiv
oynayırlar. Fərdi cəhətdən güclü futbolçulara sahibdilər. Bax,
"Maynts"ın güclü xüsusiyyətləri bunlardı.
- Yağışlı hava ilə əlaqədar meydançanın ot örtüyü yenidən
yararsız hala düşə bilərmi? Bu, sizi narahat edirmi?
- Meydança yenidi. Bu barədə nəsə demək mənim üçün çətindi.
Meydanın sabah necə olacağını bilmirəm. Təbii ki, aramsız yağış
davam etsə, meydanın vəziyyəti ağırlaşacaq. Düşünürəm ki, bununla
əlaqədar hücum mövqeyimizdə müəyyən dəyişikliklər edə bilərik.
- "Qəbələ" daxili çempionatda topa daha çox sahib olur.
Avroliqada isə əksinə, müdafiəyə meyilli komanda təsiri bağışlayır.
Bununla bağlı nə deyə bilərsiz?
- Düşünməyin ki, biz çempionatda hücum edirik, Avroliqada
müdafiə olunuruq. Biz həmişə istəyirik ki, hücum edək. Sadəcə,
Avroliqada rəqiblərimiz çox güclü olur, bu səbəbdən istədiyimizi
tam edə bilmirik. "Anderlext" və "Maynts" kimi komandalar olduqca
güclü rəqibdilər. Biz onlarla matçlarda da öz oyun fəlsəfəmizdən
dönmürük. Sadəcə, rəqib işimizi çətinləşdirir.
- "Maynts"ın heyətində ən bəyəndiyiniz futbolçu
kimdir?
- Mənə hansısa futbolçunu fərqləndirmək çətindi. "Maynts"ın
heyətində çox yaxşı oyunçular toplaşıb. Bəziləri daha yüksək
səviyyəyə malikdilər. Onların fiziki hazırlıqları xüsusən seçilir.
Oyun intellektləri də yüksəkdi, yəni taktiki planda da özlərini
yaxşı tərəfdən göstərirlər.
- Son vaxtlar Baqali Dabonun "ayağı açılıb". Sabah onun
üçün xüsusi tapşırıq vermisizmi?
- Düşünmürəm ki, rəqibin müdafiəçiləri ona xüsusi diqqət yetirəcəklər. Rəqibin oyunlarına baxmışıq, onların boşluqlarını aşkar etməyə çalışmışıq. Ümid edirik ki, "Maynts" sabah həmin boşluqları buraxacaq. Dabo da bunları bilir və ondan istifadə etməyə çalışacaq.
Tarix
2016.09.28 / 22:36
|
Müəllif
Axar.az
|