Ana səhifə Gündəm |
Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendeslə görüşüb.
Axar.az xəbər verir ki, Bakı Beynəlxalq Humanitar Forumunun artıq beşinci dəfədir keçirildiyini deyən Mehriban Əliyeva bu tədbirdə iştirak edən ölkələrin sayının getdikcə artdığını bildirib. "Əsas odur ki, Forumun nəticələri həyata keçirilsin", - deyən Azərbaycanın birinci xanımı tədbirdə diqqət mərkəzində duracaq məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti Kolumbiyanın Xocalı soyqırımını tanıyan 10 ölkədən biri olduğunu qeyd edərək Azərbaycan xalqının Kolumbiyanın bu addımını çox yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən böyük problem olduğunu bildirib.
Kolumbiya Konqresindən Forumda 3 senatorun iştirak etdiyini deyən Daira de Yezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
***
Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.
Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.
Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.
Tarix
2016.09.29 / 19:25
|
Müəllif
Axar.az
|