Yuxarı

Səhər saat 5-də mesaj gəldi... - İbrahim Nəbioğlu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az tanınmış jurnalist İbrahim Nəbioğlunun İngiltərədə yaşayan azərbaycanlı şair Rauf Qaraişıq haqda qələmə aldığı yazını və şairin bir neçə şeirini təqdim edir:

Hava limanında təyyarəmin qalxış anonsunu gözləyir, vaxt keçsin deyə telefonumu qurdalayırdım. Birdən mesencerə mesaj gəldi. Səhər saat 5 idi, sabahın alaqaranlığında təlaşlandım. Açanda gözümə bu misralar sataşdı:

Sən?!

Genə sən?

Genə gəldin qapıma,

Sentyabr!!!

Sən tay abır qoymadın məndə -

Sentyabr!!!...

Deməyəsən, şeirin müəllifi mənə Feysbukdan həftələr öncə dostluq göndəribmiş. Tanımadığım üçün qəbul etməmişdim. Şeiri paylaşdım və bu, mənim Rauf Muradovla dostluğumun başlanğıcı oldu…

* * *

Raufun rəngli və fərqli şeirləri haqda ədəbi məqalə yazmağı düşünmədim başdan. Sadəcə olaraq, bu, son dərəcə maraqlı və qeyri-adi daxili dünyaya sahib insanı daha geniş çevrəyə tanıtmaq istədim. Onun bir neçə şeirini paylaşınca Aynur Camalqızı məndən Raufun şeirlərini istədi, sonra da bu şeirləri sayta yerləşdirmək arzusunda olduğunu dilə gətirdi. Və belə bir qərara gəldik ki, Raufu azca auditoriyaya tanıdaq.

Şerlərini "Qaraişıq" təxəllüsü ilə imzalayır çox zaman. 2015-də çap olunmuş "77 Şeir" adlı cəmi bircə kitabı var. Dostum, istedadlı şair və gözəl jurnalist Əli Nəcəfxanlının kitabda qısa, amma çox səmimi yazısı var. O yazıdan, bir az da ordan-burdan istifadə edib, bu son dərəcə maraqlı və orijinal həmvətənimizi tanıtmaq istədim sizə…

Əsli-kökü Qarabağdandır, amma 1959-da Sumqayıtda inşaatçı və müəllimə ailəsində doğulub, Politexnikdə oxuyarkən 3 elmi məqaləsi dərc olunub. 26 yaşında Moskvada maşınqayırma texnologiyası üzrə aspiranturaya qəbul olunur. 3 il sonra SSRİ ixtiraçısı adına layiq görülür. 40-dan çox ixtirası və elmi işi var. İxtiraları İngiltərə və Türkiyə daxil 7 ölkədə tətbiq olunub….

Ağrılar bir dənizmiş,

Sən uzaq yaşıl ada!..

Ağrılar bir dənizmiş,

Sən uzaq yaşıl ada!..

Vaqif Səmədoğlunun heyranıdır, zatən ona ithaf etdiyi bu 4 misradan da bunu sezmək mümkündür. Rauf modern düşüncəlidir, elmidir, hətta bənzərsizdir. Bunu şeirləri haqda da demək olar.

Qiyabi tanışlığımızın ertəsi günü 2 qəribçilik çəkən insan 3 saata yaxın telefonda danışdıq – o İngiltərədə, mən Türkiyədə. İkimiz də texniki təhsil aldığımızdan tez ortaq dil tapdıq. Ona Borxesin bəhrələndiyi və kumiri saydığı Jon Danndan danışdım. Rauf o qədər gözlənilməz analiz və fikirlər söylədi ki, onun daxili dünyasına valeh oldum. Borxes isə söhbətimizə mənim Raufun bəzi şeirlərini "Borxesvari" olduğunu söyləməmdən girdi.

Ölmüşdüm…
Bir cüt sarıca yarpaq
Bir cüt quruca yarpaq
Qondu qaraca gözlərimin üstə.
Elə bildim… əllərindi!
Açdım gözlərimi!
Yoox…
Əllərin deyilmiş sənin
O bir cüt sarıca yarpaq,
O bir cüt quruca yarpaq.
Heyf dirilməyimə,
Heyf!..

Rauf var gücü ilə müxtəlif mühərriklərin modernləşdirilməsi, "3C+5B" adlı problemin sürətlə həlletmə sistemləri və başqa "Nau Hau"lar, "Müasir insan və kompüterlər" kimi mövzular üzərində çalışır.

2005-dən İngiltərədə yaşayır dostum, əvvəl Liverpulda, son 8 ildir də ölkənin cənubundakı Southemptonda. İki qızı var, biri öz ailəsi ilə İspaniyada yaşayır, o biri də ata-anasının yanında.

Raufu israrla çox sevdiyi və dəfələrlə gəldiyi İstanbula çağırıram, deyəsən, gələcək. Düşünürəm ki, necə edək ki, İstanbuldan sonra Bakıya da gəlsin Rauf. Belə beyinləri, belə kosmik enerjili insanları öz ölkəmizdə görməliyik.

Ey gözəl ölkəmiz, bir səs versənə, bu insanları təkrar qazanmayaqmı?..

BİLMƏDİM

Qulağım dolusu

səsinə qulaq asa bilmədim!

Gözüm dolusu

nurlu üzünə baxa bilmədim!

Ürəyim dolusu

sevə bilmədim səni!!!

...Vaxtım yoxuydu.

İndi vaxtım var,

Ama sən yoxsan,

Ata!!!

AĞACLAR

Salam deyirəm

hamıya, dostlar...

Başqa sözüm yoxdu...

Heç soruşmuram - necəsiz,

nə təhərsiniz...

kefim yoxdur.

hava soyuqdur,

külək, yağış ...

Yer-yurd

sarı-qırmızı yarpaqlarla dolu.

...Soruşsaydım, bircə ağaclardan soruşardım:

"Necəsiz, üşümürsüz?"

bir də

soruşardım:

"Bir belə yarpağı itirməyin ağrısına

necə dözürsünüz?

Ay ağaclar!!!"

SƏNİN ÜÇÜN

Sənin üçün çox darıxırdım...

Görüşdük..!

Karıxdım!

Duruxdum!

Sonra üz-üzə durduq dinməzcə,

Sonra

İkimiz də doluxsunduq

Yaman dəyişmişik,

Yaman qocalmışıq,

Ay

Vətən!..

GECƏ YARPAQ DÜŞƏNDƏ

Yamyaşıl çalarları

Payız düzlərdən silər-

Ağacın yaz donundan

Bir naxış da əskilər

Gecə yarpaq düşəndə.

Daşların oyuğuna

Dəli küləklər sinər.

Budaqların ucuna

Qonan sükut diksinər

Gecə yarpaq düşəndə.

Sızlayar sızım-sızım,

Ürək kövrəklik tapar

Sanki bir gözəl qızın

Kirpiyindən yaş qopar

Gecə yarpaq düşəndə.

ƏGƏR

Əgər Allah səni

Ağac kimi bitirsəydi yer üzündə

Yəqin, sən palma olardın.

Düpbələmdüz palma.

Bakı palması.

Qərib palma.

Əgər Allah səni

Dəniz kimi köçürsəydi yer üzünə

Yəqin, sən Xəzər olardın

Dibinə qədər qurumuş Xəzər.

Bizim Xəzər.

Qərib Xəzər.

Əgər Allah səni

Şəhər kimi gətirsəydi yer üzünə

Yəqin, sən Şuşa olardın.

Daşı daş üstündə qalmayan Şuşa.

Bizim Şuşa.

Qərib Şuşa.

YALIN DODAQLARIN QALIN QABIĞI

(Velimir Xlebnikova)

Əlli dərəcə şaxta.

Dilim ağzımda taxta.

Yalın əlim yalın qapı cəftəsində,

Yalın dərim qalın qapı cəftəsinə

Yapışıb qalarmı ola?

Yalın ayaqlarımla çırpıram mən qapını

Yalın dərim

Yarın qapısına

Yapışıb qalarmı ola?

Qışqırıram

Yalın səsim

Çilik-çilik çiliklənmiş qalın səsim,

Yarın qulaqlarına çatarmı ola?

Çıx çölə, çıx çölə,

ay zalım qızı,

Çıx duraq göz-gözə,

ay zalım qızı!

Yalın dodaqların qalın qabığı

Yarın yanağına yapışarmı ola?

Elə yapışar!

Əlli dərəcə şaxta…

DARIXIRAM, ANA

Darıxıram, anam,

Darıxıram.

Darıxdığımdan az qala

Məktub yazam sənə

Qonşu otaqdan mətbəxə.

Darıxıram, anam

Başına dönüm, döndərim.

Otuz ildə bircə şeyi

Kamil bildim-

Darıxmağı.

Darıxıram, ana…

VƏTƏN

Vətən dediyin-

Sumqayıtın zavod çörəyidi

Qarbuşkası yəni....

Bir az da iyli brınza

Bir də...

Bir dəmir qruşka

Şirin çay

bir də,

bir də

Səni

Olmayan vaxtından

Daha çox sevən

bir Adam

Vəssalam...

BALACA QARDAŞA SONUNCU MƏKTUB

O dəmir eynəyimi

Bir də saatımı satma,

Qoy qalsın

O qara saatı deyirəm,

Qara sifətli saatı

Bir də eynəyi!!!

Hə, bayrağı –

O yekə üçrəngli bayrağı

Verərsən İlqara, çardaqdadı

Tapançanı –

Tikiş maşınının içindədi –

Saxla özünə, lazımın olar

Bir də... özün bilərsən, istəyirsən sat

Ama saata dəymə...

Bir də dəmir eynəyə

Mən bəlkə qayıtmadım !..

Hə , bir də şeirlərim –

Verərsən Xanoğlana.

Hə, di sağ ol.

Şeydi... işdi əgər

Eynəyi satsan, eybi yox, sat...

Ama saata dəymə,

Qara saatı deyirəm

Qara sifətli saatı...

Rauf Qaraişıq

Tarix
2016.09.30 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla