Yuxarı

Onları beşinci kolona çevirirlər... - Polis məmuru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən köklü islahatlar nəticəsində ölkəmiz müstəqil siyasət yeridən, hər zaman xalqımızın mənafeyindən, milli maraqlardan çıxış edən, regionda əsas söz və nüfuz sahibi olan bir dövlətə çevrilib.

İqtisadiyyatın dinamik inkişafı isə yeni iş yerləri açılmasına, əhalinin maddi rifahının daha da yaxşılaşmasına, qlobal xarakterli infrastruktur layihələrin gerçəkləşməsinə əlverişli zəmin yaradıb.

Lakin danılmaz faktdır ki, ölkəmizin sürətli inkişafınını gözləri götürməyən, iqtidarın uğurlarını narahatlıqla izləyən və qısqanclıqla qarşılayan bir sıra maraqlı xarici dairələr və onların pul kisələrindən birbaşa asılı olan dərnək səviyyəli bəzi müxalifət partiyaları, onların hətta şeytanla da ittifaqa girməyə hazır olan mənsəb və mənfəətpərəst liderləri özlərinin məkrli niyyətlərinə çatmaq üçün insan və vətəndaş hüquq və azadlıqlarını daim manipulyasiya obyektinə çevirir, belə universal bəşəri dəyərləri də gözdən salırlar. Üzdə dinc, xəlvətdə isə zorla "demokratiya ixracı"nda ixtisaslaşmış, müxtəlif "rəngli inqilablar"ın məntiqi nəticəsi olaraq bəlli ölkələri xaos, anarxiya və vətəndaş müharibəsi girdabına yuvarlamış həmin dairələr uğursuz eksperimentləri çoxdandır ki, ölkəmizdə də reallaşdırmaq üçün dəridən-qabıqdan çıxır, bu yolda səsləri virtual aləmdən gələn radikal müxalifət cameəsinin tör-töküntülərini ölkəmizdəki əsas dayaq nöqtələri, "beşinci kolon" kimi formalaşdırmağa, toparlamağa çalışırlar.

Bulanıq suda balıq tutmaq sevdasına düşmüş hər iki cəbhənin başbilənləri və azsaylı nümayəndələrinin daha çox mövsümi xarakter daşıyan pozuculuq fəaliyyətlərinin ölkəmiz və xalqımız üçün həlledici, taleyüklü ictimai-siyasi proseslər ərəfəsinə düşdüyünü desək, yəqin ki, yanılmarıq. Mütəqilliyin ilk illərində narazılıq dalğasında hakimiyyəti qəsb etsələr də bir il sonra elə eyni zəmində rüsvayçı şəkildə iqtidardan getmiş AXC-Müsavat cütlüyünün ozamankı təmsilçiləri, bugünün radikal müalifət cinahının liderləri zaman-zaman guya siyasi fəaliyyətlərinə görə təqib olunmaları, həbsə atılmaları barədə beynəlxalq təşkilatlara, məlum çevrələrə donoslar, raportlar ötürməklə özləri barəsində daim əzabkeş obrazı yaradaraq bunu əsas mövcudluq, həm də yaxşıca qazanmaq vasitəsinə çevirə biliblər, bu yolla öz havadarlarından külli miqdarda pul qoparmağı və silməyi yaxşı bacarırlar. Elə bu günlərdə, yəni sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş ümumxalq səsverməsi (referendum) ərəfəsində ölkə vətəndaşlarının guya bu ümumdövlət əhəmiyyətli tədbirin əleyhinə, Əsas Qanuna ediləcək əlavələrə qarşı olduğunu "nümayiş" etdirmək məqsədilə əsasən AXCP-nin üzvlərindən və təsir dairəsində olan şəxsərdən ibarət, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun paytaxtın "Məhsul" stadionunda sentyabrın 11-də və 17-də təşkil etdiyi mitinqlərdə olduğu kimi.

Həmin mitinqlərdən əvvəl radikal müxalifətin cəmiyyət arasında heç bir dayağının, nüfuzunun olmadığını yaxşı bilən bəzi Qərb dövlətlərinin səfirliklərinin insan hüquqlarını bəhanə gətirərək ölkəmizin daxili işlərinə kobud müdaxilə edərək AXCP-nin və Milli Şuranın, bir sıra QHT-lərin aparıcı funksionerlərinə təlimat vermələri də sonuncuları fiaskodan qurtarmadı. Xaricdəki himayədarlarının çabaları da daxil olmaqla AXCP, Milli Şura adlı qondarma qurum keçirdikləri iki mitinqdə üst-üstə 2-3 mindən çox iştirakçı toplaya bilmədi. Bu səhnə, ələ və sözə baxan, əcnəbi dairələrin əlində aranı qarışdırmaq üçün maşaya çevrilmiş "cəbhəkratiya"nın nə qədər rəzil və acınacaqlı vəziyyətə düşməsinin növbəti bariz nümunəsidir.

AXCP-Milli Şura funksionerləri öz ağaları qarşısında belə rüsvayçı duruma düşmələrini ənənəvi olaraq guya polisin mitinqlərin qarşısını almaq üçün atdığı qabaqlayıcı addımlarla izah etməyə çalışsalar da onların bu yalanlarına nəinki tərəfdarları, artıq heç havadarları da inanmırlar. Milli Şuranın sentyabrın 11-də təşkil etdiyi mitinqdə bir xanım çıxışı zamanı yalan bir iddia səsləndirib. Guya polis əməkdaşları paytaxta gələn bütün yolları, o cümlədən Sumqayıt-Bakı magistralının Xırdalandan keçən hissəsini bağlayıb. Halbuki sonuncu marşrutla hərəkət edən bütün sürücülər və sərnişinlər yaxşı bilir ki, aidiyyatı qurumlar həmin günlərdə və indi də sözügedən yolun Xırdalan qəbristanlığının yanından keçən hissəsində piyadaların təhlükəsizliyi üçün keçid inşa edir. Burada Bakı-Sumqayıt magistral yolunun polis əməkdaşları tərəfindən bağlanılmasından ümumiyyətlə söhbət gedə bilməz.

Digər böyük yalanlardan birini təəssüf ki, yenə başqa bir xanım söyləyir. Referendum əleyhinə təşkil olunmuş aksiyalarda sifarişçilərə vəd etdikləri kütləvilik faktorunun pərtliyini ört-basdır etmək istəyən AXCP-nin sədr müavini Gözəl Bayramlı iki mitinqdən əvvəl və sonra ümumilikdə 185 fəalın saxlanıldığını, saxlanılanların 170 nəfərinin cəbhəçi olduğunu bildirir. Sədri kimi bu xanım da cəmiyyətə guya iqtidarla mübarizədə əsas ağırlığın təmsil etdiyi təşkilatın üzərinə düşdüyünü gözə soxmaq, radikalların xaricdə dəstəklənməsi üçün əcnəbi donorların ən böyük qrant payının da məhz onlara düşməli olduğunu vurğulamaq istəyir.

Lideri kimi xanım Bayramlı da iştirak etdiyi bütün aksiyalarda demokratk azadlıqlardan, qanunların aliliyindən, vətəndaşların qanun qarşısında bərabərliyindən ağızdolusu danışır. Onun iddialarının əksinə olaraq, ölkəmizdə bütün vətəndaşların hüquqları etibarlı şəkildə qorunur və təmin olunur. Müxalifət düşərgəsində özünü "birinci legion"un komfortlu təmsilçiləri, cığal, ərköyün uşaqlar kimi aparmağa adət etmiş "cəbhəçi"lərə elə gəlir ki, sanki ölkə qanunlarının təsir dairəsinə düşmürlər. Onlar aksiyalarda və başqa kütləvi tədbirlərdə özlərini necə istəsələr, apara bilərlər, onlara güldən ağır söz demək, intizama dəvət etmək, barələrində hər hansı inzibati tənbeh tədbiri görmək olmaz. Belə yerdə görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin məşhur personajlarından olan Mirzə Səfərlə Həsən ağanın qohumu arasındakı dialoq yada düşür. İndi cəbhəçisənsə, sənin barəndə hər hansı tədbir görülə bilməz?! Tədbir görəndə də haray-qışqırıqları ermənipərəst konqresmenlərin dilindən tutmuş "Hyuman Rayts"ın hesabatlarınadək ən müxtəlif səviyyələrdən gəlir.Yeri gəldi-gəlmədi, başqalarından fərqlənmək mərəzi onların iştirakı ilə keçirilmiş son iki mitinqdə də özünü qabarıq göstərib. Görünür, sədrindən aldığı təlimatla bu xanımın başı mitinq "pripiskası"na necə qarışıbsa, o, az qala hər 5 iştirakçıdan 3-nün polis tərəfindən saxlanıldığını iddia edib. Necə deyərlər, çoxun ziyanı yoxdur, təki rəqəmlər gözə az dəyməsin. Xanım müavin səsləndirdiyi saxta rəqəmlərdən necə vəcdə gəlibsə polis əməkdaşlarının az qala salam verdiyi, profilaktik söhbət apardığı bütün şəxsləri bilərəkdən saxlanılanlar kimi göstərib. Eyni xətaya Milli Şurannın digər aparıcı funksioneri olan Oqtay Gülalıyev də yol verib. O, cəbhəçi xanımdan da uzağa gedərək referendum öncəsi 200-dən çox şəxsin polis tərəfindən saxlanıldığını və inzibati həbsə məruz qaldığını bildirir. Hər iki şəxsin fərqli rəqəmləri haradan götürdükləri bəlli deyil. Məlum olan odur ki, hər ikisinin səsləndirdikləri rəqəmlər həqiqətdən çox uzaqdır və belə görünür ki, bu şəxslər bəlli bir mərkəzdən aldıqları sifarişi ən yüksək səviyyədə "yerinə yetirməyə" əməlli-başlı çalışıblar. Burada "Nə qədər pis olsa, o qədər yaxşıdır" prinsipi ilə hərəkət etmək onların hər ikisinin ortaq marağındadır. Ölkə vətəndaşlarını "bizimkilər"ə və "başqaları"na bölmək, vətəndaşları cəbhəçilərə, müsavatçılara, istiqlalçılara, digər hissələrə ayırmaq mərəzi radikal müxalifətin və "Milli Şura"nın bütün funksionerlərinin xarakterində vardır. Özlərini az qala demokratiyanın yeganə müdafiəçiləri sayanlar, bütün opponentlərini insan hüquqlarının pozulmasında ittiham edənlər hətta inzibati xəta törədənləri də siyasi mənsubiyyətinə görə ayrl-ayrı qruplara, hissələrə bölürlər. Amma polis orqanları üçün hüquqazidd əməlləri törətmiş vətəndaşın hansı partiyaya, sosial zümrəyə aid olmasının heç bir fərqi yoxdur. Elə bu kontekstdə diqqətəlayiq bir faktı nəzərə çatdırmaq istərdik. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə ərazi polis orqanları tərəfindən ötən il ərzində bütün respublika üzrə 7361, cari ilin 8 ayında 5580 nəfər, o cümlədən "Milli Şura"nın son mitinqindən sonra ictimai qaydanı pozmuş 12 şəxs, eyni zamanda, daha əvvəlki, məsələn iyul və avqust aylarında müvafiq olaraq isə 552 və 770 nəfər inzibati qaydada həbs olunub. Heç şübhəsiz ki, inzibati qaydada məsuliyyətə cəlb olunanların arasında nəinki müxalifət, həmçinin İXM-in tələblərini pozmuş onlarca iqtidar və digər partiyaların da təmsilçiləri vardır. Barələrində müvafiq protokol tərtib edərkən polis əməkdaşları onların partiya mənsubiyyəti ilə heç vaxt maraqlanmayıb və buna zərurət də yaranmayıb.

İqtidarı icra şaqulini möhkəmləndirməkdə, hakimiyyəti bir əldə cəmləşdirməkdə ittiham edənlər illərdir müxalifət düşərgəsində "əvəzedilməz lider" statuslarını qoruyub saxlamaq üçün min oyundan çıxır, demokratiyadan, inan hüquqlarından dəm vura-vura avtoritarizmdən, despotizmdən o yana gedə, gənclərin önünü aça bilmirlər, rəhbərlik etdikləri partiyaları "ailə podratı" kimi işlədirlər. Bu sonuncu amil özünü xüsusilə referendum öncəsi ABŞ Konqresində ermənipərəst qüvvələrin "Milli Şura" ilə faktiki işbirliyində ölkəmizlə bağlı keçirdikləri dinləmələrdə daha qabarıq göstərdi.

Xaricdən edilən ciddi təzyiqlərə, radikal düşərgənin bütün qara-qışqırığına baxmayaraq, elə məlum dairələr sonda xalqın mütləq əksəriyyətinin sentyabrın 26-da məntəqələrə gələrək konstitusiyaya təklif edilən düzəlişlərə səs verdiyini, referendumun legitimliyini tanımağa məcbur oldular. Referendumun nəticələri isə vətəndaşların möhtərəm dövlət başçımızın son illər həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti elliklə dəstəklədiklərinin, onun ətrafında daha sıx birləşərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən cəhdin qarşısında sarsılmaz xalq-Prezident birliyinin duracağı anonsunu verdi, Azərbaycanı keyfiyyətcə yeni inkişaf səviyyəsinə çıxarmağı hədəfləyən iqtisadi-siyasi kursun bundan sonra da davam etdirilməsinin zəruriliyini ortaya qoydu.

Orxan Mansurzadə, DİN mətbuat xidmətinin şöbə rəisi

Musavat.com

Tarix
2016.10.01 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla