Yuxarı

İlham Əliyev: “Mən onu uşaqlıqdan tanıyırdım”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:42

Oktyabrın 4-də dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı İlham Əliyevə məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.

Dövlətimizin başçısı abidənin önünə gül qoyub.

Prezident İlham Əliyev mərasimdə çıxış edib:

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır.

Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır.

Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.

Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının Xalq Artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.

Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.

Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaqdır. Sağ olun".

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoyublar.

Dövlət başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşdü.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkli çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinləyiblər.

Tarix
2016.10.04 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla