Yuxarı

11 uşaqdan biri astma xəstəsidir - Mütəxəssis

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astma dünyada böyük tibbi problemlərdən biri sayılır. Bu xəstəlik insanların sağlamlıq statusuna zərbə vuran problemlərdən biridir. Astma qlobal problem kimi qiymətləndirilməlidir.

Bunu APA TV-nin "Öncə sağlıq" proqramında Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının, Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb elmləri doktoru Əlizamin Sadıqov deyib.

Mütəxəssis bildirib ki, bu gün dünyada 12 böyükdən, 11 uşaqdan biri astma xəstəsidir: "Yəni bu, qlobal problemdir. Dünyada 340 milyona yaxın insanın astma xəstəsi olduğu bildirilir. Hərçənd, mən düşünmürəm ki, bu, real rəqəmdir. Yəqin ki, əslində qeydə alınmayan şəxsləri də nəzərə alsaq, daha çox insanın astmadan əziyyət çəkdiyini demək olar. 2025-ci ilə qədər isə bu rəqəmin daha yüz milyon nəfər artacağı gözlənilir. Azərbaycanda isə təxminən 400 mindən çox insanda astmaya rast gəlinir, bu da kifayət qədər böyük rəqəmdir".

O, astmanın xroniki problem olduğunu, eyni zamanda genetik bir xəstəlik kimi səciyyələndirildiyini deyib: "İrsən meylli olan insanlara xarici mühit faktorlarının təsiri müəyyən zamandan sonra bronx divarlarında iltihab yaradır. Bu proses periodik olaraq davam edəndə həmin iltihab adi iltihablardan fərqlənir və bronxial astma inkişaf edir. Bronxlarda həssaslıq artır, adi bir qıcıq, məsələn, soyuqdəymə, siqaret tüstüsü, kəskin qoxular, iqlim dəyişikliyi xəstələrdə vəziyyətin dəyişməsinə, astma tutmalarına səbəb olur".

Astmanın əsas əlamətinin öskürək, boğulma, sinədə sıxıntı, gərginlik olduğunu deyən mütəxəssis qeyd edib ki, Azərbaycanda xəstəliyin başlanğıcında astma özünü daha çox öskürəklə büruzə verir: "Bakıda daha çox bizə astma ilə bağlı öskürək əlamətləri ilə müraciət olunur. Bu öskürək çox zaman həkimlərimizi çaşdırır. Lazım olmayan antibiotik müalicələrinə başlanır. Təbii ki, bu, riski bir qədər də ağırlaşdırır və xəstəliyin demək olar ki, idarə olunmaz bir həddə çatmasına səbəb olur. İlk növbədə öskürəyin nəyə görə uzun zaman davam etməsi araşdırılmalıdır.

Bu gün dünyada qəbul olan qaydalara görə, öskürək, soyuqdəymə əlamətləri 10 gündən çox davam edirsə, deməli, bu problem soyuqdəymə ilə bağlı deyildir. Ona görə də əhalimiz də, həkimlərimiz də bu məqamlarda diqqətli olmalıdırlar. Bizim həkimlər çox zaman hər şeyi soyuqdəymə faktoru ilə əlaqələndirirlər və bu zaman sanki antibiotiklər yaxın köməkçiyə çevrilir. Amma hər öskürək antibiotik təyini üçün əsas deyil".

Ə. Sadıqov bildirib ki, başlıca məsələ öskürəyin səbəblərini araşdırmaqdır: "Biz düşünürük ki, öskürəklə müraciət edən 10 xəstədən beşində bu, allergik mexanizmlərlə bağlı olur".

Həkim deyib ki, uşaqlar, qadınlar, qara dərili insanlar daha çox astmaya meyllidirlər. Astmanın müalicəsinin olduğunu deyən Ə. Sadıqov "Amma buna tam müalicə demək olmaz. Kimsə deyirsə ki, astma tam müalicə olunur, bu, düzgün deyil", - deyə bildirib.

Onun sözlərinə görə, astma əsasən genetik problem olduğu üçün onun tam müalicəsi mümkün deyil.

Astmanın xroniki problem olduğunu, ömür boyu davam etdiyini vurğulayan pulmonoloq deyib ki, ona görə də müalicə daimi olmalıdır. Xəstəlik nəzarətdən çıxan kimi kəskinləşmə yarana bilər: "Hazırda təxminən 10 faiz astma xəstəsinə təyin olunan dərmanların heç bir əhəmiyyəti olmur. Müəyyən yanaşı problemlərin də təsiri nəticəsində ağırlaşmalar qeydə alınır və dərmanın təsiri, yəni müalicənin nəticəsi olmur.

Təxminən 5 astma xəstəsindən ikisi gündəlik həyati keyfiyyətlərini itirirlər, onlardan yararlana bilmir, fiziki aktivliyin məhdudlaşması ilə üzləşirlər. Yaşlı xəstələrdə təxminən 30-40 faiz hallarda heç bir izahı olmayan, səbəbi bilinməyən, genetik sayılmayan astmaya rast gəlinir. Belə hallarda həkimlər müalicə ilə bağlı çətinliklə üzləşirlər".

Mütəxəssis qeyd edib ki, qeyri-steroidlər, iltihab əleyhinə olan preparatlar da astmanı kəskinləşdirə bilir.

Onun sözlərinə görə, astma öskürək tutması daha çox otağa daxil olanda, yatağa uzananda, allergenlərlə təmasda olanda baş verir: "Xəstələr deyirlər ki, bayıra çıxanda özümü daha yaxşı hiss edirəm. Amma soyuqdəymə təsiri varsa, insan isti mühitdə özünü daha yaxşı, soyuq mühitdə isə pis hiss edir və öskürək tutmaları yaranır. Bunlar fərqli məqamlardır.

Ə. Sadıqov onu da bildirib ki, 80 faiz hallarda allergik rinitdən sonra astmanın başlanma ehtimalı var: "Və ya əksinə, astma olan pasientlərdə sonradan 40-50 faiz hallarda rinit yarana bilir. Eləcə də atopik dermatit də astma üçün risk faktoru sayılır".

Qadınlar arasında astma xəstəliyinə daha çox rast gəlindiyini açıqlayan həkim bildirib ki, uşaq yaşlarında oğlanlarda problemə daha çox rast gəlincə də, sonradan say fərqi dəyişir: "Bu, o demək deyil ki, oğlanlar böyüdükcə problem tam sağalır. Sadəcə, oğlan uşaqları yetkinlik dövrünə çatandan sonra inkişaf çox sürətlə getdiyi üçün birdən-birə bronxların genişlənməsi baş verir və artıq eyni mühitdə, eyni dozada olan allergen spazma törədə bilmir və bu uşaqlar sanki astmadan xilas olurlar. Əslində sonradan həmin şəxslərə yenidən astma əlamətlərinin üzə çıxması mümkündür.

Ona görə də bu kimi hallarda astma ilə bağlı profilaktika olduqca önəmlidir. Virus infeksiyalarından, allergenlərdən qorunmaq nə qədər çətin olsa da, mümkün qədər təmasdan yayınmaq, siqaret çəkməmək, gigiyena qaydalarına əməl etmək mühüm məsələdir. İstər uşaqlar, istər böyüklər maksimum fiziki aktiv olmalıdırlar. Üzgüçülük, gəzinti, qaçış astma xəstəliyinin profilaktikasında mühüm əhəmiyyət kəsb edir".

Astma xəstələrinə, astma riski olanlara ev heyvanlarından, itlərdən, pişiklərdən mümkün qədər uzaq durmağı tövsiyə edən pulmonoloq deyib ki, pişiklərdə olan allergenlər itlərdə olan allergenlərdən iki dəfə çoxdur: "Əgər nəzarətdə saxlansa, astma çox rahatlıqla idarə olunan xəstəlikdir. Hətta astması olan şəxslər heç özlərini xəstə kimi hiss etməyə də bilərlər".

Tarix
2016.10.05 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla