Ana səhifə Gündəm |
İsveçrədə rəsmi səfərdə olan Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal
Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının Sədri
Rafael Kontla görüşüb.
XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazir
Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən
məmnunluq ifadə edib və iki ölkənin parlamentləri arasında mövcud
olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət
göstərdiyini vurğulayan E. Məmmədyarov parlamentlərarası əlaqələrin
ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini
diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini
münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırıb.
O, Azərbaycanın mövqeyini bir daha xatırladaraq qeyd edib ki,
münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində
beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nın məlum
qətnamələrinə uyğun həll edilməlidir.
Sonra iqtisadi sahədə əlaqələrə toxunan E. Məmmədyarov 70-dən artıq
İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini
məmnuniyyətlə qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın
daha da artırılması üçün geniş potensialın mövcudluğuna diqqəti
cəlb edib. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını
və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu qeyd edərək,
İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft
sektoruna sərmayə qoyuluşuna dəvət edib. Nazir Azərbaycanda mühüm
nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və
İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını
bildirib. Bu xüsusda, "Ştadler Reyl" şirkəti ilə Azərbaycan Dəmir
Yolları QSC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi
ətrafında fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov federal müşavir Didye Burkhalterlə "Azərbaycan
Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların
rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" saziş imzaladığını
qeyd edərək, bunun ölkələrimiz arasında insanlar arasındakı
təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini ifadə
edib.
Görüş əsnasında həmçinin beynəlxalq təşkilatların parlament
ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran
regional məsələlər müzakirə olunub.
Tarix
2016.10.10 / 19:50
|
Müəllif
Axar.az
|