Yuxarı

Biri pul qazanır, biri…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yolüstü görüşlər" silsiəsindən

1

Biləsuvar rayonunda özümü rahat hiss edirəm. Yəqin, uşaq vaxtı qısa bir müddət burada yaşamağımla və ailəmizin bir qanadının keçmişdən burada yurd salması ilə bağlıdır. Buna görə də imkan düşəndə ayaq saxlayıb camaatla görüşməyi, hal-əhval tutmağı xoşlayıram.

Bu dəfə də çevrə yolunda dayandıq. Kənd camaatı hərəsi səliqəsiz bir talvar düzəldib həyətlərində əkib-becərdikləri mer-meyvəni, yağ-pendiri ora düzüblər. İstəsən çöl quşları da tapa bilərsən.

Birinci yaxınlaşdığım yerdə məndən öncə bir qadın nə isə alıb getmək istərkən bizi görüb ayaq saxlayır. Bu kiçicik bazarın sahibi olan qadın nə istədiyimi soruşur. Qiymətlərlə maraqlanıram. "Zəhmətinizin müqabilində niyə ucuz satırsınız" deyə, zarafaatla da olsa, ürəyimdəkini deyirəm. Çünki kəndçi əməyinin nə demək olduğunu bilirəm.

Sonra diqqətimi məndən əvvəl nə isə almış qadın cəlb edir. "Bu xanımı yola salın, sonra mən nə almaq istədiyimi deyərəm". Alıcı hesab elədiyim qadının üzünə xəfif bir qızartı çökür: "Narahat olmayın, mən bu kənddənəm, qonşuyam. Getmək istəyirdim, sizi görüb dayandım. Sizin kimi adamlarla hər gün rastlaşıb, tanış olmaq olmur".

Bir kəndli xanımın diqqəti illərlə çəkdiyin zəhmətin ən böyük qiymətidir.

***

İkinci talvarda isə tamamilə ayrı bir mənzərə ilə rastlaşdım.

"Bu yeni tikilmiş gözəl evlər, yəni sizin evlər hansı kəndindir? Bəydillinin, yoxsa Xırmandallının?" - deyə soruşuram. Satıcının ətrafına yığışmış yerli gənclər "Bura Xırmandallıdır, - deyirlər. – Qızqayıt Həsənovanın kəndi!"

"Həm də yazıçı Əhmədağa Muğanlının! Bilirsiniz?" - deyə xatırladır və soruşuram.

"Yox!" - xorla cavab verirlər.

"Bu yolun o üzündə isə başqa bir yazıçımız, həm də ölkədə çox yaxşı tanınan Əlibala Hacızadə anadan olub. O da Xırmandallı məktəbini bitirib. Onu da tanımırsınız? "

"Eşitməmişik!" - deyirlər.

Təəccüblənirəm və hər iki yazıçının əsərlərinin adlarını çəkir, filmlərini xatırladıram. Xeyirsizdir, doğrudan da heç nədən xəbərləri yoxdur.

Biraz da qəzəblə: "Siz heç əlinizə kitab alırsınız?" soruşuram. Yenə xorla cavab verirlər. "Yox! Kitab oxumağa vaxtımız hardadır?!"

Burda özümü saxlaya bilmirəm və bir az da ərklə yolun qarşı tərəfindəki çöldə otlayan heyvanları göstərib "Onda sizin o qoyunlardan nə fərqiniz?" deyir və "incisələr də, qoy incisinlər!" düşünürəm. Aralarında nisbətən yaşlı birisi dillənir:

"Düz deyirsiz, müəllim! Çünki bizi elə qoyun gününə qoyublar. Kitabı hardan tapaq? Bu boyda rayonda bir dənə kitab mağazası yoxdur. Olsa da oxuya bilmərik. İmkanınız varsa, kəndə girin, bizim 2 nömrəli məktəbimizə baxın. Bəlkə respublikada ondan gözəl məktəb yoxdur. Ancaq uşaqları bədbəxt günə qoyurlar, o gözəllikdə məktəbdə normal dərs keçilmir. Bu dediklərinizi gərək oranın müəllimləri öyrədə uşaqlarımıza. Ancaq onları belə şeylər maraqlandırmır".

Bayaqdan bəh-bəhlə təriflədikləri yağlarına, pendirlərinə baxmadan geri dönüb, maşına minirəm.

***

2.

Rusiyadan gəlmiş qonağım və dostlarımla Qəbələyə gedirdik. Qonağım yolboyu gül-çiçək kimi rəngbərəng meyvə sərgilərini görüb maşını saxlatdırdı. Qapı açılan kimi qabağımı yaşlı bir qadın kəsdi:

"Ay Sabir Rüstəmxanlı, kənara getmə, nə istəyirsən, məndən al".

Başqa birisi "Bəlkə maşında kitabın var? Bir dəfə də gələndə mənə təzə kitabını gətir!" dedi…

Sonra yol üstündə çayxanada, Qəbələdə restoranda oturduq. Kanat yolunun sonuncu dayanacağına qalxdıq. Hara addım atdıqsa, qarşımıza çıxan adamlar xoş üzlə, köhnə tanışları kimi qarşıladılar bizi. Bu danışıqları qonağımıza tərcümə edirdilər.

Ucqar kəndlərdə, dağların üstündə, kanat yolu işçilərindən başlamış satıcılaradək - hər kəsin məni tanıması və əziz adamı kimi qarşılaması, ərklə söhbət eləməsi moskvalı qonağımızı heyrətləndirir. Gülə-gülə "bizi tanışlarının, dostlarının marşrutu ilə aparırsan?" soruşur.

"Azərbaycanın harasına getsək, belə qarşılanacağıq!" – deyirəm.

"Xoşbəxt adamsan! - deyir. - Bu boyda xalq məhəbbəti qazanmaq hər şairə qismət olmur!"

"Neyləyək? - deyirəm. - Biri pul qazanır, biri sevgi..."

Tarix
2016.10.11 / 15:28
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla