Yuxarı

Bu xoşbəxtlik uğrunda ölmək…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi xalq və dövlət olaraq, imza atmaq istədiyimiz ilklərin qarşılığında zamanın hər döngəsində tarixin acı bir zərbəsi, haqsızlığı haqlayıb. Lakin bu torpağın aurasında müstəqillik, özgürlük həmişə hakim olub. Odur ki, nə şah İranı, nə Çar Rusiyası, nə də Sovet imperiyası xalqımızın dövlət üçün yaşatdıqlarını tarixin yaşanmış mərhələsinə çevirə bilməyib.

18 oktyabr - bu tarix bütün yaşanmış acıların son sərhəddidir. Tarixin müstəmləkə məhbəsinin tikanlı məftillərindən o üzə qalan nəinki illər, hətta əsrlər belə bu xalqın qürur və ləyaqətini zədələyə bilməyib. 1992-ci ilin bu günündə yaranmış ictimai-siyasi şərait ortaya iradə qoyan xalqımızın müstəqillik dönəminə birdəfəlik və əbədi qədəm qoyduğunu təsbit etdi!

Yaşadığımız bu illər bir daha sübut etdi ki, dünya heç də özgüvəni, özgürlüyü birmənalı qəbul etmir. Hətta demokratik dəyərlər ikili standartlarla müşayiət olunur. Əldə olunan müstəqilliyin dönməz xarakter alması üçün layiqli liderin olması isə tarixin diktəsidir. Məhz Heydər Əliyev kimi azman şəxsiyyətin varlığı bütün təhdid, təhlükə və sapıntılara cavab oldu. Azərbaycanın müstəqilliyi çox da böyük olmayan itkilər hesabına qorundu və 22 il əvvəl, çox qarışıq geosiyasi dönəmdə Ulu Öndər Heydər Əliyevin hesabına "Əsrin kontraktı" imzalandı. Dünya Azərbaycanla işbirliyinə, etibarlı tərəfdaşlığa, qarşılıqlı faydalı əməkdaşlığa məhz Heydər Əliyev dühasına görə razılıq verdi. Elə bugünkü dövlətçiliyimizin malik olduğu iqtisadi-siyasi uğurlarımızın kökündə o illərdə təməli qoyulmuş ənənələr durur.

Müstəqillik bəzən malik olduğu coğrafi ölçülərindən min dəfələrlə balaca və min dəfələrlə böyük dünyanın orbitində yeri gələndə bir içim su, bir udum hava misalıdı.

Düşmənlərin hər tərəfdən əhatəyə aldığı Azərbaycan üçün dünya, əlbəttə ki, həddən artıq dar bir məkandı!

Uğurları sərhədlərindən qat-qat geniş yayılan Azərbaycan üçün dünya, əlbəttə ki, çox böyükdü!

Azərbaycanın müstəqilliyi əlbəttə ki, yüzlərlə dövlətin etirafıdı - qürurumuz bu!

Azərbaycanın müstəqilliyi eyni zamanda bayrağımızın və himnimizin səslənişi, yüksəlişi demək oldu. İstər beynəlxalq aləmdə, istərsə də paytaxtımızda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə himnimiz və bayrağımız ölkəmiz adına, xalqımız adına şərəf gətirən ən yüksək nəticələrlə diqqət mərkəzində oldu. Birinci Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, Avroviziya kimi tədbirlər sırası artan silsilə ilə davam edən ev sahibliyini təcəssüm edir.

Azərbaycanın müstəqilliyi onun hərtərəfli inkişafı ilə bərabər yerdə və göydə bir brendin - süni peykimizin varlığı dünyanın ən nəhəng dövlətləriylə bir sırada, bir gücdə olmağımızın təsdiqidi.

Müstəqilllik günü ilə bağlı fərdi və rəsmi düşüncələr bir-birini tamamlayır. Təsadüfi deyil ki, Prezident Ilham Əliyevin oktyabrın 11-də imzaladığı Dövlət Müstəqilliyinin Bərpasının 25-ci ildönümü haqqında sərəncamda deyilir: "... Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaş və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir".

Bütün nüfuzlu ictimai-siyasi beynəlxalq təşkilatların - BMT, İKT, YUNESKO, İSESKO, Avropa İttifaqı, Avropa Parlament Assambleyası - öz sırasında görməkdən məmnun qaldığı Azərbaycanı müstəqil Vətən, xalqımızı bu dövlətin vətəndaşı kimi görmək, əlbəttə ki, yenə də qürur mənbəyidi.

Müstəqil Azərbaycan döyüş meydanında - istər Qarabağ uğrunda savaşın ilk illərində, istər atəşkəs dönəmində, istərsə də son Aprel döyüşlərində xalqımızın qəhrəmanlıq salnaməsinə imza atmaq gücündə olduğunu sərgiləyib. Yüksək səviyyədə aparılan ordu quruculuğunun son təsdiqi də elə Aprel döyüşləri oldu - Azərbaycan Ordusu bir daha sübut etdi ki, öz torpaqları, ərazi bütövlüyü uğrunda vuruşmağa qadirdir, öz torpaqlarını azad etmək gücündədir!

Müstəqil Azərbaycan siyasət meydanında - BMT, Avropa İttifaqı, dünya ölkələrinin parlament salonlarında öz uğurlu xarici siyasəti ilə söz sahibi olduğunu sərgilədi.

25 il tarix üçün çox qısa bir zaman kəsimidir, amma bu dövrdə əldə olunan uğurlar və aparılan siyasət mümkün bütün imkanlardan maksimum istifadənin göstəricisidir.

Azərbaycan qələbələr və özünütəsdiq testlərindən çox uğurla çıxır. Tarix həmişə qalibləri alqışlayır. Bu gün biz 18 oktyabrın - Müstəqilliyimizin Bərpasının 25 illiyini qeyd ediriksə, çox az sonra, 2018-ci ildə Azərbaycanımızın dövlət olaraq 100 illiyini bayram edəcəyik.

Müstəqilliyimiz hər birimizi bu xoşbəxtliyi yaşamağa, bunun uğrunda ölməyə, rahat, firavan həyata səsləyir.

Yetər ki, layiqli vətəndaş olaq!

Bayramın mübarək, Azərbaycan!

Tarix
2016.10.18 / 10:51
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Digər xəbərlər

Şuşa işğal olunanda da “günahkar” ağdamlılar idi...

Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik

Ermənilər hər gecə əlaqəyə çıxır bizimkilərlə...

Onun ölümü bağışlanmazdı, amma…

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Anar Yusifoğlunun Əli Həsənova – Şok müraciəti

Bizi yerdən əzizlərimiz götürür...

Ölümə qarşı bir can kimi...

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Niyə belə etdin ki!..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla