Yuxarı

Jurnalist həkimlərə qarşı 300 min iddia qaldırdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son həftələrdə bir neçə klinikada xəstə ölümünün baş verməsi həkim səhlənkarlığının ictimai təhlükəsini bir daha gündəmə gətirdi. İctimai reaksiyaya və həkimlərin cəzalanması yönündə əhəmiyyətli hüquqi presedentlərin olmasına baxmayaraq, həkim səhlənkarlığı nəticəsində ölüm hallarının artması cəmiyyəti ciddi şəkildə narahat edir.

2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişən BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov Axar.az-a açıqlamasında artıq bu sahədə məhkəmə presedentlərinin olduğunu xatırlatmaqla, zərərçəkənlərin bu presedentlərdən istifadəsinin zəruriliyini bildirdi. S.Vəkilovun sözlərinə görə, qanunun imkan verdiyi səviyyədə həkimlərin cəzalanmasına nail olmaq bu ölümlərin qarşısının alınması, həkimlərin səhlənkarlığının dayandırılması yönündə effektiv addımlardan biridir.

Səməd Vəkilovun müsahibəsini təqdim edirik:

- Elnarə Tofiqqızının ölüm faktı son bir neçə ildir müzakirə edilən və aktuallıq kəsb edən ən səs-küylü hadisəyə çevrilib. Sizcə, bu, nə ilə bağlıdır?

- Məlum cinayət hadisəsinin ictimai aktuallıq qazanmasının səbəbini bir tərəfdən elm adamı və tənqidçi kimi E.Tofiqqızının ictimai insan, həmçinin jurnalist ailəsindən olması şərtləndirdisə, digər dərəfdən həkim səhlənkarlığı ilə bağlı törətdilən cinayətlərin artan xətt üzrə inkişaf etməsi bu olayı gündəmdə saxladı. Hər dəfə həkim səhlənkarlığı hadisəsi baş verdikdə mərhum Elnarə Tofiqqızının ölüm faktı yenidən aktuallaşdı və cəmiyyət tərəfindən həkimlərə qarşı aparılan bu cinayət işi dəstəkləndi. Başqa sözlə desək, Elnarə Tofiqqızını ölüm işi ilə bağlı aparılan istintaq və məhkəmə prosesi fərdilikdən çıxdı və ümumilikdə həkim səhlənkarlığına qarşı hüquqi etiraz statusu qazandı.

- Hüquq müstəvisində həkim səhlənkarlığına qarşı aparılan bu mübarizədə nəyə nail oldunuz?

- Bu "nail olmaq" məsələsinə iki prizmadan yanaşmalıyıq: Əvvəla, əməliyyatda iştirak edən hər üç həkim məsuliyyət daşıdı: Müdafiə Nazirliyinin nəzdindəki 1 saylı Hərbi Hospitalın şöbə müdiri olan cərrah Mahir Məmmədovun rütbəsi endirildi və işdən kənarlaşdırıldı, pensiyaya göndərildi, 1 saylı Mərkəzi Klinik Xəstəxananın ("Semaşko") anestezioloqu Firuz İbrahimov 2,5 il müddətində həbsə məhkum edildi, əməliyyatın keçirilməsində dələduzluq məqsədi güdən və pul qazanmaq istəyən asistent, Topçubaşov adına Elmi Tədqiqat Mərkəzinin cərrahiyyə şöbəsinin həkimi Fərəcullah İdrisovu isə Bakı şəhər BPİ CM-nin 29.178.1 maddəsilə məhkum etdi, ancaq hadisənin baş verdiyi tarixdən 2 ildən artıq müddət ötdüyü üçün onun işi məhkəməyə göndərilmədi. Həmçinin, əməliyyatın həyata keçirildiyi "Medi Sina" klinikası bağlandı, klinikanın direktoru Müğdət Həşimov isə hazırda həbsdədir.

Yəni, ilk növbədə bu zəruri olmayan əməliyyatı keçirən həkim heyətinin və müasir tələblərə cavab verməyən tibbi avadanlıqla təmin edilmiş səviyyəsiz klinika quranın qanunvericilikdə cinayət məsuliyyəti daşıdığı ortaya qoyuldu. Bu vaxta qədər həkim heyətinin cəzalandığı faktı olmamışdı və ilk presedent bu hadisədə yaşandı. Bu özü həm digər həkimlərə, həm də zərərçəkənlərə bir mesajdır ki, qanundan heç kəs yaxasını qurtara bilməz və hər kəs törətdiyi əmələ görə cəza alır. Həkim səhlənkarlığına görə baş verən ölüm faktlarının araşdırılması, cinayətkarların hamısının cəzalanması üçün artıq bir presedent yaradıldı.

Əlbəttə, hesab etmirəm ki, cəzalar adekvatdır. Əslində, müvəkkilim Anar Niftəliyevlə bu barədə ortaq baxışımız var ki, həkimlərin törətdiyi əmələ görə CM-də nəzərdə tutulan məsuliyyət artırılmalıdır və biz növbəti fəaliyyətimizlə bağlı müzakirə də aparmışıq, hesab edirik ki, qanunvericilik təşəbbüsü ilə bağlı Milli Məclisə müraciət etmək zamanıdır.

- Bu işlə bağlı diqqət çəkən məqamlardan biri də təzminat davalarıdır...

- Bu təşəbbüsü prosesdə iştirak edən digər vəkil həmkarım, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev irəli sürdü və müvəkkilim də dəstəklədi. Təşəbbüsün mahiyyətində nə dayanır? İlk növbədə qarşı tərəfin qanunvericiliklə müəyyən olunmuş bütün müstəvilərdə cəzalandırılması. Həkimlər bilməlidirlər ki, bu cinayəti törətməklə həm də maddi məsuliyyət daşıyırlar. Əslində, təzminat ödənilməsinə məcbur edilməsi də həkimlərin cəzalandırılmasının növbəti yoludur və qanunvericiliklə tənzimlənir.

Beynəlxalq praktikada maddi məsuliyyəti çox yüksək məbləğlərlə ifadə edirlər və həkimləri də, tutaq ki, bir il həbs deyil, daha çox, yüzminlər, bəzən milyonlarla ölçülən təzminat qorxusu səhlənkarlıqdan, məsuliyyətsizlikdən çəkindirir. Həkim bilir ki, səhlənkarlıq və məsuliyyətsizlik nəticəsində törətdiyi əməlin cəzası bir neçə milyona qədər təzminatla qiymətləndirilə bilər. İndi özünüz düşünün: həkim bir neçə yüz min və ya milyonu ödəməyə məcbur edilirsə, əslində, onun fəaliyyətinin böyük bir hissəsi əlindən alınmış sayılır. Çünki o illərlə işləməli, tutaq ki, kredit götürüb ödəməyə məcbur olduğu məbləğin girovuna çevrilməlidir.
Bu baxımdan qanunvericiliyin imkan verdiyi bu cəzadan da yararlandıq və qaldırdığımız maddi və mənəvi təzminat davasının mənəvi hissəsi təmin edildi.

- Bəs, maddi təzminat niyə təmin edilmədi?

- Məhkəmə maddi təzminatla mənəvi təzminatı bir-birindən ayırdı. Ali Məhkəmə mənəvi təzminatın məbləğini 75 min manat müəyyən etdi, vurğulayım ki, bu, indiyə qədər Azərbaycanda məhkəmə tərəfindən qəbul edilən ən yüksək mənəvi təzminat qərarıdır. Həmçinin məhkəmə maddi təzminat üçün ilkin instansiya məhkəməsinə müraciət hüququmuzun olduğunu da xatırlatdı. Bu hüquqdan isə müvəkkilim istifadə edir və hazırda iş Yasamal Məhkəməsindədir.

- Belə məlum olur ki, maddi və mənəvi təzminat iddiaları ayrı-ayrılıqda qaldırılmalıdır. Maddi təzminatla bağlı proses nə yerdədir?

- 303 min manat maddi təzminat iddiası qaldırılıb və hazırda proses davam edir.

- Hazırkı davam edən prosesi necə qiymətləndirirsiniz? Çünki aparılan məhkəmə proseslərində vaxtaşırı olaraq bu məsələ gündəmə gəlir və qarşı tərəfin neqativ üsullardan istifadəsi müzakirə edilir...

- Proses rayon məhkəməsi ilə yekunlaşmayacaq axı, daha yuxarı instansiyalarda da mübarizə gedəcək. Bu, müvəkkilimin mövqeyidir. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: Yasamal Məhkəməsində maddi təzminatla bağlı ötən iclasda iştirak edən zərərçəkən Anar Niftəliyevə hakim sual etdi ki, qarşı tərəflə ortaq bir məbləği razılaşdırıb, bu iddianızdan imtina etməyə razısınızmı? Anar Niftəliyev qətiyyətlə imtina etdi və bildirdi ki, hətta iddiada göstərilən məbləğdən, yəni 300 mindən iki dəfə artığını təklif etsələr belə, o, məhkəmə iddiasını geri götürməyək. Zərərçəkən bununla bildirdi ki, əslində, məqsəd aksiyadır, presedent yaratmaqdır və həkim səhlənkarlığının qarşısına hüququn, məhkəmə qərarlarının qoyulmasıdır. Ortaq rəyimizə görə, proseslər tam yekunlaşandan sonra Elnarə Tofiqqızının ölüm işi ilə bağlı istintaq, məhkəmə proseslərini və qərarları özündə əks etdirən broşür nəşr etmək və onu pulsuz paylamaq niyyətindəyik. O broşürdə həm cinayət müstəvisində, həm də maddi və mənəvi təzminat məsələsində presedentlər əksini tapmış olacaq. Bu broşür həm də xəstəxanalara, həkimlərə paylanılacaq, onlar bilməlidirlər ki, səhlənkarlıq edərlərsə, onları hansı sərt cəzalar və yüksək cərimələr gözləyir.

Məslənin mahiyyəti budur. Bu hadisəyə qədər həkim məsuliyyətsizliyindən xəstə ölümü adi hala çevrilmişdi. Təsəvvür edin, iki körpə qız uşağının anasını öldürən bu həkimlər hətta Elnarə Tofiqqızının yas mərasimində iştirak belə etmədilər, 40 gün müddətində bir dəfə gəlib zərərçəkən Anar Niftəliyevə başsağlığı belə vermədilər. Cəzasızlıq həkimləri o qədər arxayın salıb ki, hətta özlərini mənəvi baxımdan belə müqəssir hesab etmirlər, xəstənin həkim səhlənkarlığından ölümü, az qala, hansısa məqalədə jurnalistin buraxdığı hərf yanlışlığı səviyyəsində ölçülür. Elə bunun nəticəsidir ki, Azərbaycanda həkim səhlənkarlığından ölüm halları durmadan artır, kor bağırsaqdan belə əməliyyata qaldırılan hansısa gəncin əməliyyat zamanı öldürüldüyünün şahidi oluruq.

Həkimlər qarşılarında qanunun ədalətini, cəzanın sərt üzünü görmədikcə, bu ölüm halları da davam edəcək. Elnarə Tofiqqızının ölüm işinin məhkəmə istintaqı məhz buna xidmət edir: həkimlər qarşılarında qanunun sərt üzünü görməlidirlər.

Tarix
2016.10.24 / 09:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla