Yuxarı

Aynur Camalqızının qadınlarla bağlı yeni layihəsi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qadın Konsensus Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidnetinin yanında Qeyri Hökümət Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihənin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan sahibkarlar Konfenderasiyası, BMT-nin İnkişaf Proqramını nümayəndəsi, iqtisadçılar, sahibkar qadınlar, həmçinin kənd təsərrüfatı və sahibkarlıq məsələləri ilə məşğul olan ictimai sektor nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı iki ay davam edəcək layihə barədə ətraflı məlumat verib:

"Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılması və "15 oktyabr - Dünya Qadın Fermerlər Günü"nə diqqət ayrılması ilə bağlı təşviqat aparmaq planlaşdırılır".

Aynur Camalqızı Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatının alternativ sahə kimi tez-tez xatırlandığını diqqətə çatdırıb:

"Ərzaq və kənd təsərrüfatı məhsullarının 80 faizi qadınlar tərəfindən istehsal olunur. Deməli, qadınların rolu əhəmiyyətli dərəcədədir. Layihə çərçivəsində bu qadınları cəmiyyətə tanıtmaq istəyirik. Bölgələrdə bu cür qadınlar var.

2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, məşğul əhalinin 36,4 faizi kənd təsərrüfatlarında fəaliyyət göstərir. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksini tapmır. İndi, sadəcə, kənd təsərrüfatında muzdlu işləyən qadınların sayı bəllidir. Onların da sayı 2015-ci ildə 9733 nəfər olub. 2014-cü ildə bu rəqəm 10125 nəfər idi".

Layihənin rəhbəri Fainə Hənifəyeva Qadın Konsensus Mərkəzinin daima qadınlarla bağlı silsilə layihələr həyata keçirdiyini xatırladıb. Onun sözlərinə görə, layihələrin hamısı qadınların iqtisadi gücünün nümayişinə yönəlib:

"Bura məişət zorakılığının qarşısının alınmasından tutmuş lider qadın yetişdirilməsinədək mühüm məsələlər daxildir. Məqsədimiz qadınların bir çox sahələrdə rolunun güclənməsi, onların maddi asılılığının azalmasıdır".

F.Hənifəyeva qeyd edib ki, layihə çərçivəsində Bərdə, Tərtər, Salyan, Neftçala, Masallı, Ucar və s. rayonlarda fəaliyyət göstərən fermer qadınlarla müsahibələr edilib, onların fəaliyyəti, qarşılaşdıqları çətinliklər araşdırılıb, Azərbaycanda "Fermer qadın" portreti cızılıb:

"Oktyabrın 15-də dünya fermerlər günü idi, həmin gün mətbuatda silsilə yazılarla çıxış edərək diqqəti qadın fermerlərin problemlərinə yönəltdik. Araşdırmalarımıza görə, qadınlar əkin və heyvandarlıq sahələrində fəaliyyət göstərirlər. Rayonlar üzrə Siyəzən, İmişli, Dəvəçidə fermer qadınlar quşçuluqla, cənub rayonlarda sitrus meyvələrinin yetişdirilməsi, Şəmkirdə isə istixanalarda meyvə-tərəvəzin yetişdirilməsi ilə məşğul olurlar. Müsahibə verən qadın fermerlər üzləşdikləri problemlərdən də danışıblar. Buraya maddi gəlirlərinin az olması, texnologiya və innovativ biliklərin azlığı, torpağın məhsuldarlığının artırılması, gübrədən düzgün istifadə, ziyanvericilərlə mübarizə, düzgün toxumun seçilməsi, bazarın əlçatan olmaması, nəqliyyat, tədarük məsələsi kimi problemlər daxildir. Məhz bu problemlər səbəbindən məhsuldarlıq aşağı düşür. Cavan qadın fermerlər bazarda yetişdirdiyi məhsulu satmaqdan utanırlar. Onlar etiraf edirlər ki, pul olsa, toxum alıb yaxşı nəticə əldə edə bilərlər".

Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında kənd təsərrüfatı sahələrində çalışan fermerlər arasında qadınların sayının az olmasını təəssüflə qeyd edərək hətta konkret statistikanın olmamasını xüsusilə qeyd edib:

"Bu sahədə kişilərin rolu daha çoxdur. Yəni kişi fermerlər təsərrüfatda qadınların əməyindan daha çox istifadə edirlər. Bu gün Bakıdan cənub zonasına hərəkət edəndə, yol boyu Salyanda, Cəlilabadda və digər rayonlarda əkin sahələrində nə qədər qadınların çalışdığının şahidi oluruq. Qadınlar fermer təsərrüfatının yaradıcı rəhbəri kimi, demək olar ki, görünmürlər. Halbuki bütün bu təsərrüfatlarda qadın əməyindən istifadə olunur. Ancaq həmin təsərrüfatların əksəriyyəti kişi sahibkarlara məxsusdur. Mən də bir millət vəkili olaraq bu sahənin inkişafında əlimdən gələni etməyə hazıram. Milli Məclisdə də bu məsələyə diqqət ayrılmalıdır".

F.Ağamalı fərdi və dövlət təsərrüfatlarının birləşdirilməsindən yana olduğunu vurğulayıb:

"Ailə fermer təsərrüfatlarında qadınların rolunu artırmaq lazımdır. Maarifləndirmə işlərinin aparılması vacibdir. İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirliyi xüsusilə icra orqanları ilə birlikdə qadın fermerlərinin cəmiyyətdə rolunun artırılmasına dəstək verməlidirlər. Prezident Azərbaycanda fermer təsərrüfatlarının inkişafı istiqamətində ciddi addımlar atır, dövlət tərəfindən yardımlar olunur. Ölkə başçısının kənd təsərrüfatı sahəsinə başçılıq edən şəxsi yenisi ilə əvəz etməsi bu sahənin inkişafına gətirib çıxaracağına inam yaradır. Etiraf etmək lazımdır ki, buna qədər Azərbaycanda kənd təsərrüfatı sahəsi yaxşı vəziyyətdə olmayıb".

Millət vəkili Çingiz Qənizadə bildirib ki, Azərbaycanda daha böyük kənd təsərrüfatlarının olması üçün kiçik təsərrüfatlar birləşdirilməlidir:

"Bu gün Azərbaycanda torpaqların bir çoxu şoranlaşdığı üçün onun təmizlənməsi ilə bağlı müvafiq addımlar atılmalıdır. Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması işinə dövlət tərəfindən dəstək verilməlidir. Bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən də addımlar atılır. Hətta, ASAN Xidmətin nəzdində fermerlərə dəstək verilməsi işi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq fərman imzalanıb. İndi Azərbaycanda kiçik fermer təsərrüfatlarının inkişafı üçün dövlət tərəfindən dəstək mütləq lazımdır. Hesab edirəm ki, dövlət də bu dəstəyi verəcək. Eyni zamanda, QHT-lərin də bu layihəyə dəstəyi vacibdir".

İqtisadçı ekspert Rəşad Həsənov isə hazırda Azərbaycan qadınlarının 60 faizinin fermer təsərrüfatlarında çalışdığını vurğulayıb:

"Bu sahə üzrə müəyyən çətinliklər var. Bugünkü problemlərin çərçivəsində qadınların fermer təsərrüfatındakı iqtisadi rolunu təmin etmək və onların sayını artırmaq lazımdır. Sözügedən sektor üzrə inşkişafda qadınları sıxışdıran məqamlar var. Xüsusilə də rayonlarda qadınların daha üzdə fəaliyyət göstərməsinə mane olan mental problemlər qalmaqdadır. Azərbaycanda bu sahə hələ cəmi 25 ildir ki, var. Hesab edirəm, dövlət qurumları, vətəndaş cəmiyyətləri bu sahənin inkişafına dəstək verməlidir. Bu, yaxın və orta müddətli dövrdə mövcud problemləri aradan qaldırmağa köməklik göstərəcək".

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə qadınların fermer təsərrüfatı üzrə əsas təşəbbüsü ələ almasının vacibliyini önə çəkib:

"Ümumiyyətlə, Azərbaycanda təsərrüfatda qablaşdırma mexanizmi yoxdur. Qadınlar buna daha çox cəlb oluan bilərlər. Bundan əlavə, bir sıra rayonlarımızda istifadə edilməyən pay torpaqları var. Bu məsələyə diqqət ayrılmalıdır. Əslində, fermer təəsrrüfatları üzrə çalışan qadınlarımızın sayı yüz minlərlədir, sadəcə, rəsmiləşdirilməyib. Qadınların çoxunun bu sahə üzrə qeyri-formal fəaliyyət göstərməsi əsas problemlərdəndir".

Tarix
2016.10.26 / 16:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla