Yuxarı

Xəzər Süleymanlı: “Əlvida, Bakı!”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az şair Xəzər Süleymanlının şeirlərini təqdim edir:

Əlvida Bakı

Bir səhər güzgüdə özünə baxıb,

Son dəfə özündən doyub gedəsən.

Bu ömrü yarımçıq əlyazma kimi

Yazı masasında qoyub gedəsən.

Gedəsən, nə dərdin, nə qəmin qala,

Səni səadətin çəkə dalınca.

Masanın üstündə qələmin qala,

Üç nöqtə göz yaşı tökə dalınca.

Dönə göyərçinə bəyaz kağızlar,

Təlaşla boylana sən gedən yola.

Hərflər uşaqtək tuta əlindən,

Şeirlər hərəsi bir qadın ola.

Səfillər boylana kitab rəfindən,

Yalquzaq ulaya şam işığında.

Qumarbaz özünü itirə birdən,

Bu qorxunc səslərin qarışığında...

Birdən kürəyindən qanadlar çıxa,

Gerçəyə çevrilə xəyalındakı.

Buludlar içində gözdən itəsən,

Bərkdən qışqırasan: "Əlvida, Bakı!"

Necəyəm indi

Dilucu "necəsən?" soruşub getmə,

Dayan, izah edim, necəyəm indi.

Dağılmış binayam, sökülmüş yolam,

Toz altda boğulan küçəyəm indi.

Hesabdan yaxşısan, hələ gəl otur.

Mən də sual verim tənliyini qur.

İkidən bir çıxıb sonra birə vur,

Hesabla, tap görüm, neçəyəm indi ?

Ürəyim inanmır ürək sözümə,

Bir ucuz ölüm də gülmür üzümə.

Sənsiz bütün gecə özüm-özümə,

Səni xatırladan gecəyəm indi.

Balıq yaddaşı

Bu dəniz ömrümün qum sahilinə,

Axır ki, məni də atdı tənhalıq.

Yoxsul taleyimə, kasıb bəxtimə,

Baxıb gülümsəyir bir qızıl balıq.

Köhnə xatirələr ləpələndikcə,

Gözümün yaşına qarışır sular.

Bu sonsuz dənizin bətnindən indi,

Beləcə doğulur, ölü arzular.

Bu nə vahimədir, bu nə təlatüm?!

Dalğalar elə bil durur qəsdimə,

Dənizi çaşdırıb oğru görkəmim,

Köpək balıqları hürür üstümə.

İndi bu vahimə, qorxu içində

Bir ümid doğulur hər addımbaşı.

Haçansa məni də xatırlayacaq,

Bir su pərisinin balıq yaddaşı.

Mənəm günahkar

Nə desən haqlısan, mənəm günahkar.

Üzünə baxmağa utanıram mən.

Niyə and içirsən, nə ehtiyac var?

Sən yalan desən də, inanıram mən...

Demə ki, "xoşbəxt ol, çat arzu-kama",

Çılğın gəncliyimin sönən dəmidir.

Bu sanki gözü kor olan adama,

"Gözün aydın olsun" demək kimidir.

Daha öz səsim də mənə yad olub,

Hardasa ağlayan körpə səsitək.

Mənim gözlərimdə həsrət iz salıb,

Körpələr evinin pəncərəsitək...

Ağ günə çıxdımı qara gözlərin?

Yuxumu gözümdən oğurlayan qız,

Ağ günə çıxdımı qara gözlərin?

Elə ağladım ki, arxanca sənin,

Yuyuldu yollardan ayaq izlərin...

Daha tükənmişəm, daha bitmişəm,

Sənin nə vecinə, rahat yatırsan...

Mən sənə haqqımı halal etmişəm,

Sən niyə yuxuma haram qatırsan?

Qayıtmaz o günlər, bilirəm indi.

Qoyardın başını, sinəmə hərdən

Gecəni ikiyə bölürəm indi,

O yanında sən yat, bu yanında mən...

Yaxşı ki, yoxsan...

Mən indi beləyəm ilin hər günü

Qaranlıq adamı, gecə adamı

Mən indi bir az da içki düşkünü,

Mən indi bir az da küçə adamı...

Kaş sənə hər şeyi danışa bilsəm,

Mənə məskən olub soyuq səkilər

Mən indi səninlə üz-üzə gəlsəm,

Gözümdən gözünə yuxu tökülər...

Bilsəm ki, sonunda lap ölüm də var,

Dərdə də düşmərəm sonuma çıxsan.

Hələ bir yalandan təsəllim də var,

Mənim bu günümdə yaxşı ki, yoxsan...

Tarix
2016.11.06 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla