Yuxarı

Anarın Təhminəsindən, Zaurundan... - Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizcə, yazıçının, şairin mətndəki səmimiyyətini necə müəyyən etmək olar?

Axar.az qələm adamlarının bu suala cavablarını təqdim edir:

Seyran Səxavət

"Deməli, ən vacib məsələyə toxunursunuz. Hətta sualınızda belə bir nüans hiss olunur ki, səmimiyyət ən vacib keyfiyyətlərdən biridir; mənə elə gəlir ki, ən vacibidir. Qaldı sualın ikinci tərəfinə - deyə bilərəm ki, yazıçı səmimiyyətini duymağın ən vacib cəhəti oxucu səmimiyyətidir - oxucunun özü səmimi deyilsə, o, heç vaxt yazıçının mətnində səmimi, yaxud-qeyri səmimi olmasını duya bilməz. Yəni yazıçı-oxucu səmimiyyəti eyni dərəcədə olanda bu duyula bilər. Yoxsa elə bir cihaz, yaxud resept yoxdur ki, yazıçının səmimi, yaxud qeyri-səmimi olmasını ortaya qoya bilsin. Bir az dərinə getsək, deməliyik ki, oxucu səmimiyyəti dediyimiz vacib keyfiyyəti oxucuya elə yazıçı aşılayır. Əslində, bu, son dərəcə qəliz və mürəkkəb sualdır və bu barədə uzun-uzadı müzakirələr və təhlillər aparmaq olar. Ən azı ona görə ki, yazıçı-oxucu münasibətlərinin nüvəsi, mayası elə bundan ibarətdir. Hətta mən onu deyərdim ki, bu münasibət təkcə söz sənətində deyil, həyatımızda da, yaşam tərzimizdə də əsas, məğlubedilməz, aparıcı və sarsılmaz şərtdir. Bu da o deməkdir ki, həyatın bir parçası olan sənət də, elə həyatın özü də səmimiyyətsiz bir heçdir!"

Məti Osmanoğlu

"Yazıçı səmimiyyətindən söz düşəndə öncə ağlıma İsa Muğannanın 1970-ci ildə yazdığı tərcümeyi-halının son cümlələri gəlir: "Düşüncələrdən kitablar əmələ gəlir; bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi-halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə - yazıçı deyil".

Mən də böyük söz ustasının səmimiyyəti yazıçılığın ilkin şərti hesab etməsi ilə tam şərikəm. O ki qaldı yazıçının səmimiyyətini mətndə oxucunun necə müəyyənləşdirməsinə... Məncə, burada da eyni qanun qüvvədədir: əsas məsələ bədii mətnin şərtlərini və şərtiliklərini oxucunun qəbul etməsi, özünü mətndə görə bilməsi, mətnin havası ilə yaşamasıdır. Yazıçı oxucuya öz yazdıqlarının şərtlərini qəbul etdirə, oxucunu bədii şərtiliklərə inandıra, mətnin içinə, mətndəki duyğu və obrazlar dünyasına daxil edə bilirsə, səmimidir. Oxucu mətnin içində yazıçının "laməkan" – məkanın fövqündə olan varlığı ilə qarşılaşa, mətndə yazıçının ruhunu hiss edə bilmirsə, nə yazıçının, nə də mətnin səmimiyyətindən söhbət gedə bilər. XX əsrin əvvəllərində psixoanalitik nəzəriyyənin ən çox tədqiq və təhlil etdiyi yazıçı F.M.Dostoyevski olub. Ziqmund Freyd, Alfred Adler, Karl Qustav Yunq kimi alimlərin bədii mətn üzərində apardıqları tədqiqatların məğzini Dostoyevskinin romanlarında müəllifin kimliyini "kəşf etmək", əsərlərdə müşahidə olunan psixoloji sarsıntıları müəllifin fərdi yaşantılarına əsasən izləmək olub. Həmin psixoloji tədqiqatlardan çox aydın görmək olur ki, Dostoyevski dünya ədəbiyyatının ən şedevr əsərlərində məhz özünü, yaşadıqlarını yazıb. Onun obrazlara çevirdiyi düşüncələrin başlanğıcında həm şüurlu, həm də şüur altında olan psixoloji yaşantılar, sarsıntılar, həyatında dönüş yaradan məqamlar dayanır... Azərbaycan klassik ədəbiyyatında fərdi yaşantılardan mətnə "sızan", mətndə obraza çevrilən səmimiyyət Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında daha aydın müşahidə olunmaqdadır... Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə xüsusi fərq gətirən cəhətlərdən biri şairin ruhuna çökmüş ölüm duyğusunu özündən uzaqlaşdırmaq cəhdinin səmimi ifadəsidir. Müəllif, sanki, ayrılmaq istəmədiyi dünyaya, insana, sevgiyə, gözəlliklərə "bu yaz bir başqa yazdır" sözləri ilə vəsf etdiyi 1937-ci ilin yazının gətirdiyi ölüm duyğusunu tovlayaraq, ovudaraq baxır və bu, əsərə qeyri-adi bir səmimiyyət verir. İsa Hüseynovun "İdeal" romanını yazıçının tərcümeyi-halından gələn fərdi sarsıntılarından, atasının ölümü ilə bağlı yaşadıqlarından kənarda düzgün qavramaq mümkün deyil... Onu da vurğulamaq zəruridir ki, burada söhbət tərcümeyi-halın mexaniki şəkildə mətnə köçürülməsindən getmir. Yazıçı tarixdən öyrəndiklərini və ya müasiri olduğu, yaşadığı zamanda və mühitdə gördüklərini öz ruhuna "yükləməyi" bacaranda, təsvir və təqdim etdiklərini öz tərcümeyi-halına çevirəndə onun yaratdığı oxucuya daha yaxın və doğma olur. Məsələn, Elçinin yaratdığı Baladadaş obrazına səmimiyyət gətirən, bu obrazı sevdirən təkcə müəllifin öz qəhrəmanını yaxşı tanıması deyil, həm də sevməsi və sevə-sevə təqdim etməsidir. Anarın Təhminəsindən, Zaurundan fərqli oxucu nəsillərinin marağını azaltmayan sehrli qüvvə də, görünür, bu amillə bağlıdır..."

Narıngül

"Hər bir bədii əsərin əsas dəyəri onun səmimiliyindədir. Əsərin təhkiyəsi, dili, süjet xətti maraqlı olmaqla bərabər, səmimiliyi də oxucu üçün çox vacib şərtdir. Əlbəttə, mətnin səmimiliyi deyərkən yalnız avtobioqrafik əsərlər nəzərdə tutulmur. Müəllifin mətnə yanaşması, mətndəki prototipləri necə təqdim etməsi, oxucunu inandıra bilmək bacarığı mətnin səmimiliyini işarə verən əlamətdir. Nəzərə almaq lazımdır ki, müasir oxucu artıq pafosu, didaktikanı, təbliğatı əks etdirən ədəbiyyata qarşı o qədər də maraqlı deyil. Oxucu əsərin ilk cümləsindən səmimi olub-olmamasını hiss edir. Mütaliə zamanı hadisələr oxucunun gözləri qarşısında səhnələşirsə və onun altşüurunda yeni təsvir vasitələri yaranırsa, sözlərin enerjisi hiss olunursa, demək, əsər səmimidir. Müəllif yazını qələmə almazdan əvvəl mətnə hazır olmalı, sərbəst şəkildə mətnlə baş-başa qalmağı bacarmalıdır. Əgər o, mətni qələmə alarkən azaddırsa, sözə qarşı səmimidirsə, əsərin səmimiyyəti oxucuya da sirayət edəcək. Yalnız azad düşüncəli, istedadlı insan təbii və səmimi ədəbi obrazlar yaratmağa qadirdir. Həyatı olduğu kimi dərk etmək, hadisələrə real yanaşmaq və yüksək bədii ümumiləşdirmə aparmaq bacarığı əsərin səmimiliyinə xidmət edən amillərdəndir. Məsələyə forma və məzmun aspektindən baxıldıqda isə düşünürəm ki, məzmun və formanın vəhdəti də əsərin bədii dəyərinə, səmimiliyinə böyük təsir göstərir. Məsələn, bəzən görürsən ki, müəllif şərq təfəkkürünə, Şərq düşüncəsinə yaxın olan bir insandır və bu məzmunda özünü büruzə verir, lakin forma - qəlib Qərb "istehsalıdır". Həssas oxucu dərhal saxtalığı hiss edəcək və təbii ki, əsərin bədii dəyəri aşağı enəcək.

Səhər Əhməd

"Yazarın səmimiliyi əsərin həyatiliyini sübut edir, mövzunun boğazdan yuxarı, uydurulmuş olmadığını göstərir. Bu oxucuya ən çox lazım olan amildir. Əsl yazıçı fantastik mövzuya belə səmimiliyini qatmaqla əsəri oxucuya sevdirir. O ki qaldı səmimiyyəti müəyyənləşdirməyə, o, yeganə nəsnədir ki, saxtalıqla heç vaxt yeri səhv düşmür".

Tarix
2016.11.07 / 09:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla