Yuxarı

Həmin an mənə xəbərdarlıq siqnalları ötürülür... - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə "Axar.az"ın oxucuları"Kəpəz TV"nin aparıcısı Çiçək Məmmədova ilə görüşür. Sazlı-sözlü bir yurdda - İncə dərəsində doğulub. Onunla söhbətimdə xatirə dəftərini vərəqlədim. Bu dəftər zəngin xatirələr, duyğusal hisslərlə yadda qaldı.

Çiçək necə incə, zərifdirsə

- Adınızla bir harmoniya hiss edirsinizmi?

- Hər kəs öz adının mənasında, işığında gizlənir. Adım dostlar üçün hansı təsiri bağışlayıbsa, elə doğurdan da elədir. Çiçək necə zərifdirsə, mən də eləyəm. Hisslərim kövrəkdir. İnsanların naqisliyinə dözə bilmirəm.

Öz həddimi bildim

- Dostlarınız sizdən ağız dolusu danışır...

- Mən insanları tez tanıyıram, yanılmıram. Ruhumun ehtiyacı olan dostlarımın əhatəsindəyəm. Ağır oturuşlu-duruşlu adamları sevirəm. Yəqin ki, mənimçün "başqa dünyadır" deyəndə tək sazı-sözü nəzərdə tutmurlar. Mövlanəyə deyirlər ki, bu qədər oxuyursan, bu qədər yazırsan, bəs nəyi bilirsən? Deyir ki, həddimi bilirəm.

- İnsanları tanımaqda heç yanılmamısınız?

- Yanıldığım çox az olub. Az olsa da, o yanlışın ağrısı ömrümün sonuna yetəcək qədər olub. Mən insanları sözündən yox, enerjisindən oxuyuram. Mənfi enerji olarsa, həmin an mənə xəbərdarlıq siqnalları ötürür. Elə insanlarla ünsiyyətə girə bilmirəm.

Sənin məktubların vəlvələ salıb

- İncə dərəsində bir məclis yaratdınız...

- "İncə günü-İncə gülü" saz-söz şöləni yaratdıq.

- Elə birdən-birə bu fikrə düşdünüz?

- Hələ tələbəlikdən qabaq meylim jurnalistikaya idi. Doqquzuncu sinifdə oxuyurdum. Azərbaycan Radiosundan tanınmış jurnalist Telman Qarayev gəlib İncə dərəsində məni tapdı. Dedi ki, sənin xəbərini varmı, məktubların Azərbaycan Radiosuna vəlvələ salıb? İndi elə bilirəm ki, o enerjidən heç nə qalmayıb, hər şeyi itirmişəm. O vaxtlar doğurdan da sarı simə elə toxunurdum ki, arxamca jurnalistlər İncə dərəsinə gəlirdi.

Jurnalistika qadın sənəti deyil

- Uşaq vaxtı jurnalistikaya güclü meyliniz olub. Bəs niyə birdən-birə profilinizi dəyişdiniz?

- Mən orta məktəbdə oxuyanda jurnalist olmaq istəyirdim. Dostlarım yaxşı tanıyırlar şair Cəlili, əmimdir. Onunla məsləhətləşdim. Razılaşmadı ki, jurnalistika qadın sənəti deyil, müəllimə ol, ancaq yazmaq istədiyini də yaz.

O dərədə hamı havalıdır

- Sizin dərədə şair Cəlil kimi havalı adamlar çoxdu?

- O dərədə hamı havalıdır. O dərənin sazı da, sözü də havalıdır. Havalı olduğuna görə də havalandırır hamını, – deyir və gülür.

- Teleradioda işlədiniz, yadlıq hiss etmədiniz?

- Tələbə olandan sonra getdim Azərbaycan Radiosuna. Ştatdankənar müxbir kimi veriliş aparırdım. O zamanın ən tanınmış diktorları işləyirdi radioda. Beləcə, onların yanında dərs keçdim. Sonralar Narınc Xatun məni İncə dərəsində tapdı və Hüseyn Ariflə birgə "Aşıq Pəri" məclisinə dəvət etdilər. İlk dəfə o məclisin açılışında iştirak edənlər İsmayıl Şıxlı, Əzizə Cəfərzadə və başqaları idi. Hüseyn Qagayla tanışlıgımız da ordan başladı.

- İncə dərəsində keçirdiyiniz məclis necə yarandı? Bu şairləri ora toplamaq istəyi idi, yoxsa televiziya işçisi kimi görəviniz?

- İllər sonra mən yenidən AzTV-yə gəldim. Ondan sonra Kəpəz TV-də, Tovuz televizyasında verilişlər apardım. Türkel TV-dəki "Xoş ovqat" verilişi mənim həyatımda möhür oldu. Hal-hazırda Kəpəz TV-də "Duyğulu könüllər" verlışini aparıram.

Akif Səməd mənim dərdimin şairidir

- Akif Səməd deyirdi ki, İncə dərəsi bütün keyfiyyətlərini dəniz damlası kimi özündə göstərir. Biz bu dadı İncədən uzaq düşəndə bildik. Bu müqəddəslik həm də Hacı Mahmud Əfəndinin adı ilə bağlıdı, onun orda doğulması, ziyarətgahının orada yerləşməsi o məkanı daha da qutsal elədi. Aşıq sənətində Avdı babamız yetişdi, "İncə gülü havasını" yetmiş iki saz havasına ərməğan elədi.

- Bunlardan biri də onlardan sonra o ağır yükü daşıyan siz oldunuz...

- Məndən öndə gedənlər olub. Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar... O axar elə davam edir, incəlilərin sayı qədər... Akif Səməddən danışsam, söhbət çox uzanar. Akif Səməd mənim ruh paramdı. Hər yerdə axtardığım, ancaq göz yaşımda tapdığım şair (kövrəlir).

Çiçək xanımın suyunu bulandırmaq

- Arzularınızdan danışdız, İncəli şairlərin irsinin toplanmasında xidmətləriniz olub. Bu istiqamətdə hansısa bir iş görmək istəyəndə maneələr olur?

- Maneələr təkcə "İncə gülü"ndə yox, hər zaman var. Biz dünyadan gileylənirik, əslində, bizi vuran insanlardır və ən qorxduğum şey də güvənin qırılmasıdır. İnsanı həyat yox, insan yorur. Həyat torpaqdır—quyunu qazan insanlardır deyirlər. Mənimçün maneələr və zərbələr həmişə var, amma unutmasınlar ki, mənim suyumu bulandırmaq çox çətindir.

- Sizi dostlarınız çox müqəddəsləşdirdilər...

- Bəlkə də onlar mənim içimdəkini məndən yaxşı gördüklərinə görə… Bilmirəm!

- Bəs 17-18 yaşınızda sizi sizdən alan hisslər olmadı heç?

- Bütün hallarda məni özünə çəkən ancaq söz oldu. İndinin özündə də qohum-qardaş deyir ki, görəsən sözdən ayrılıb özündən özünə bir şey saxlayacaqsan?

- Buna görə sizi qınamırlar?

- Qınayırlar... Amma daha çox qürur duyurlar...

- Sizə neçə şeir yazılıb?

- Sayını bilmirəm…

- Niyə tez unutduz?

- Çünki mən o istəkdə olan adam deyiləm. Mənim istəyim, sevgim saznan-söznən olub...

- Heç kimisə ürəyinizdən keçirib şer yazmısız?

- O istək bütün insanlarda var. İnsanı yaşadan sevgidir, eşqdir. Sevginin tükəndiyi məqam puçlugun başlanğıcıdır. "Harası qaranlıq sorurlar, sevginin olmadıgı hər yer derlər". Mənim bütün şeirlərim elə sevgidən dogulub.

O yanı Çiçək Qaymaqlı,

Bu yanı Çiçək Qaymaqlı

Qızları göycək Qaymaqlı…

Məmməd Aslanla tanışlıqdan uzun illər sonra bir dəfə zəng vurdum, dedim ki, məni tanıdınızmı? Telefonda bax, bu bayatını dedi.

Sən mənim imicimi…

- İncə dərəsində şairləri bir yerə toplaya bildiz. Dünyasını dəyişənləri də unutmamısız.

- Onların ruhunu, səsini gətirdim ora. Ağamalının, Akifin səsi gəldi. İnsanlar Akifin səsi ilə görüşdülər. Akif təzə ölüb, ancaq elə bil, səsi Nuhun zamanından gəlirdi. Çoxları məndən incidi, dedim ki, Ağamalı, Akif gəlməmiş heç kim məndən söz gözləməsin. Birinci Avdı babanın "İncə gülü"nü səsləndirdim. O, Akifin, Ağamalının ustadı olub. Məmməd İlqarı axırıncı dəfə verilişə çəkəndə mənə dedi ki, sən mənim imicimi nə qədər aşağı salacaqsan? Niyəsini də belə cavabladı. "Məni neçə dəfə verilişə çəkəcəksən? Şair bir dəfə görünər, uzaq başı iki dəfə…"

- Bəs Məhəmməd Astanbəyli?

- Məhəmməd Astanbəyli ilə çəkilişlərim olub, operatorumuz çəkib. Amma özüm şəxsən görüşməmişəm, görüşmək istədiyim insandır. Ancaq hələ məclislərdə kənardan dinləmişəm.

- Çiçək xanım, bayaq çiçək kimi idiniz, indi bir az qayğılandınız…

- Ağamalıdan, Akifdən danışdım. Məmməd İlqarı düşündüm deyə, yükləndim... (kövrəlir).

- İncə dərəsinin üç kəndi bir-birinə yəni belə doğmadır?

- Hə, sanki bir ananın balalarıyıq. Üç kəndin arasında nə hasar, nə bir şey var. İncə dərəsində hər şeir sınaqdan keçmir, hər aşıq qəbul olunmur, hər söz sazda oxunmur. Həzrət Əli deyir ki, hər kəs öz dilinin altında gizlənir.

Tarix
2014.04.09 / 21:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla