Yuxarı

“Mənə "çıx, get bu ölkədən" demək istəyirlər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev "Axar.az"ın suallarını cavablandırıb. Gənc fəal barəsində açılmış cinayət işindən və aktrisa Mətanət Əhmədova ilə olan pul qalmaqalından danışdı.

- Bəxtiyar bəy, Nurəddin Eres adlı Türkiyə vətəndaşının şikayəti əsasında sizə cinayət işi açılıb. Niyə birinci siz polisə müraciət etməmisiniz?

- Daxili İşlər Nazirliyinin rəsmi səhifəsi vasitəsi ilə rəhbərliyə Nurəddin Eresin dələduzluq addımları ilə bağlı müraciətlər etmişəm. Bu ilin fevral, mart, aprel aylarında da dəfələrlə 102 xidmətinə, Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciətlərim olub. Hər dəfə ondan sadə bir izahat alınıb. Eres qeyd edib ki, cəmi bir neçə gün sonra borcları qaytaracaq. Amma sonradan yenidən vətəndaşlardan gizlənib.

- Demək olar ki, hamı bu problemdən sizin polisə çağırılmağınızdan sonra xəbər tutdu. Problemi niyə əvvəlcədən ictimailəşdirmədiniz?

- Məsələni müxtəlif orqanlara müraciət edərək həll etmək istəyirdim. Deyirdim ki, Eresin yeri müəyyənləşdirilsin, pulu qısa zamanda geri qaytarsın. Çünki bu pul Eres barədə müsbət tövsiyəm ilə başqa bir dostum tərəfindən verilmişdi. Ona ən qısa zamanda qaytarılmalı idi. Sonradan onun ailəsi, yaxınları vasitəsi ilə Nürəddinlə danışmaq istədim. Mən istəmirdim ki, məsələ ictimailəşsin. İstəmirdim hamı onun və ona dəstək verən xanımı Mətanət Əhmədovanın dələduzluğundan xəbərdar olsun. Düşünürdüm ki, insanlar öz törətdikləri əməllərdən peşman olarlar, üzr istəyərlər. Təsəvvür edə bilməzdim ki, bu işlərin arxasında dayanan aktrisa Mətanət Əhmədova bütün abır-həya limitlərini keçib, öz əməllərindən diqqəti yayındırmaq üçün məndən polisə şikayət edəcək.

Sonradan mənə məlum oldu ki, bu cütlük 20-dən çox Azərbaycan vətəndaşına qarşı eyni "əməliyyat" vasitəsi ilə təzyiq ediblər. Onlardan borc adı ilə pul alıblar, sonra gizləniblər. Onları təxribata çəkiblər və sonradan borc aldıqları adamlarla bağlı müxtəlif qurumlara şikayət etməklə hədələyiblər. Bəzi insanlar onlara verdikləri pulları almaqdan imtina edib və geri çəkiliblər, bəzilərini isə şərləməyə müvəffəq olublar.

Mənə bildirilib ki, Mətanət Əhmədovanın qurbanlarından biri Aslan adında öz doğma əmisi oğludur. Mətanət Əhmədova ictimaiyyətə vətənpərvərlik dərsi keçəndə şəhid əmisindən istifadə etməyə çalışırdı. Amma əmisi oğluna qarşı da dələduzluq ediblər.

- Sizə cinayət işinin açılmasında başqa bir səbəb görmürsünüz ki?

- Düşünmürəm ki, cinayət işinin açılması ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Amma ictimai fəaliyyətim bu məsələdən bəzi şəxslərin və onlara yaxın mətbuatın sui-istifadə etməsinə fürsət verib. Həmin rəsmi şəxslər müxtəlif səbəblərə görə mənə qarşı olan incikliklərini bu məsələdən istifadə edərək göstərməyə çalışırlar.

Mən isə buna təbəssümlə yanaşıram. Çünki dövlətin əhəmiyyətli vəzifələrində oturmuş şəxslərin belə yollarla öz əhəmiyyətlərini mənə göstərmək istəməkləri çox da ciddi görünmür. Eyni zamanda, bu məsələ hüquq-mühafizə orqanlarında və qanunlarımızda səhv yanaşmaları da ictimailəşdirdi.

Birincisi, hüquq-mühafizə orqanlarımızda əcnəbi vətəndaşların Azərbaycan vətəndaşlarına qarşı törətdikləri əməllərə bir biganəlik, ehtiyatlılıq var. Hansı quruma müraciət etsək, kiminsə Türkiyə vətəndaşı olması əsas gətirilərək, onunla həddindən artıq ehtiyatlı, Azərbaycan vətəndaşları ilə isə sərt davranılır.

İkincisi, uzun illərdir ki, dələduzlar müxtəlif insanların etibarından istifadə edərək onlara məxsus vəsaitləri mənimsəyirlər. Sonradan dələduzların qurbanları olmuş insanlar ya bu pulları itirdikləri ilə barışırlar, ya da məhkəmə hökmü ilə uzun illər ərzində qaytarırlar.

Təsəvvür edin ki, Mətanət Əhmədova və Nürəddin Eres bir Azərbaycan vətəndaşından 20 min manat alır. Məhkəmə isə hökm çıxarır ki, Mətanət Əhmədova və əri həmin vətəndaşa ayda 100 manat ödəməklə, borcunu qaytarsın.

Yəni 200 aya, 16 ilə borc geri qaytarılır. Bunu bilən dələduzlar isə müxtəlif insanlardan borc adı ilə pul alırlar. Sonradan öz adlarına mülk olmadığını, işləmədiklərini əsas gətirərək, pulu qaytarmağa imkanları olmadığını deyirlər.

Üçüncüsü, hüquq-mühafizə orqanlarının vahid elektron məlumat bazasının olmaması ilə bağlı problemdir. Məsələn, eyni şəxsin eyni əməli ilə bağlı 10 vətəndaş müxtəlif rayonlarda yerləşən polis şöbələrinə müraciətlər edir. Bütün şöbələrdə müraciətlər kağız vərəqlər üzərində yazılmış ərizələr və izahatların olduğu qovluqlarda saxlanılır. Heç kim yoxlaya bilmir ki, həmin vətəndaş kimlərə qarşı nə vaxt eyni əməlləri törədiblər. Vətəndaşların şikayətlərinin araşdırılmasını asanlaşdırmaq üçün hüquq-mühafizə orqanları və onlara nəzarət edən şəxslər siyasətə ayırdıqları vaxt qədər məlumat bazalarının elektronlaşmasına da vaxt ayırsalar, daha səmərəli olar.

- Feysbuk səhifənizdəki statusda şərh kimi aktrisa Mətanət Əhmədovaya yazdığınız özəl mesajların "skrinşot"larını da yayımlamısınız. Çoxları bunun sizin əleyhinizə istifadə ediləcəyi fikrindədir. Sizcə bu nə dərəcədə həqiqətə uyğundur?

- Həmin mesajları Mətanət Əhmədova da çap edərək, istintaqa təhvil verib. Mən həmin mesajları ona görə yaydım ki, insanlar o mesajlarda Mətanət Əhmədovanın təqdim etdiyi kimi hədə-qorxu, təhqir olmadığını görsünlər. İctimaiyyət bilsin ki, mən kifayət qədər yumşaq ifadələrlə Mətanət Əhmədovanı və həyat yoldaşını vətəndaşlara qarşı dələduzluq etməklərini dayandırmağa, insanlara olan borclarını qaytarmaq haqda düşünməyə çağırmışam.

- Aktrisa Mətanət Əhmədova bildirib ki, siz və dostlarınız Nurəddin Eresi döymüsünüz. Bu kimi bir çox iddialar irəli sürüb. Dediklərinin həqiqət olduğunu israrla bildirir. Bu haqda nə deyə bilərsiniz?

- Yəqin ki, qısa zamanda hüquq-mühafizə orqanları bu məsələyə öz rəyini bildirəcək. Ona qədər isə sadəcə onu deyə bilərəm ki, Azərbaycanda bəzi insanların abırsızlıq və həyasızlıq limitinin olmadığını gördüm.

- Müraciətinizin müsbət nəticələnməyəcəyi təqdirdə hansı addımlar atmaq niyyətindəsiniz?

- Mən müraciətimin obyektiv araşdırılacağına və müsbət nəticə verəcəyinə əminəm. Müsbət nəticə verməsə, deməli, kimlərsə "çıx, get bu ölkədən" demək istəyir.

Tarix
2014.04.16 / 16:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla