Yuxarı

Stalin Dərbənd məscidinin açılmasına nədən izn verdi? - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli birinci yazıda

Vətən həsrəti çəkən 60 yaşlı Məlahət ana ilə söhbətimizi bitirib Dəmirqapıya, yəni Dərbənd qalasına tərəf yol alırıq.

Dərbəndin bizi çox təəcübləndirməsi və əvvəlcədən beynimizdə yaratdığımız Dərbəndin stereotiplərdən başqa bir şey olmadığını səfər xatirələrimizin yer aldığı giriş yazımızda qeyd etmişdik.

Qalaya qalxan pilləkənli yollarda əl-ələ tutan, qucaqlaşan, nəfəs-nəfəsə dayanan cütlükləri görəndə Dərbənd haqqında nə qədər yanıldığımıza bir daha əmin olduq. Əvvəlcə fikirləşdik, bu sevgili cütlüklər turistlərdir. Gözləyirdik ki, indi yerli əhalidən olan igidlərlə dava düşəcək. Ancaq az sonra həmin cütlüklərin Dərbənd gəncləri olduğuna əmin oluruq..

Dərbəndliləri izləyə-izləyə Dərbənd qalasına çatırıq. Qalaya giriş 100 rubldur. (Təxminən 2 manat). Qalanın nəzarətçiləri Bakıdan gəldiyimizi bilən kimi bizdən pul almaq istəmədi və onun sözü ilə desək, "qonaq olmağı" xahiş etdi.

Xatirə fotosu çəkdikdən sonra təşəkkür edib, qalaya daxil oluruq...

Əsrlərlə geri boylanarkən...

Azərbaycanın əsrlərlə əvvəlinə aid tarixi yerləri görmək insana ayrı bir hiss verir.

Qalanın bürclərindən boylanmaq, yüz illər öncə burda baş verən tarixi döyüşləri gözünün qabağında canlandırmaq insanda büsbütün fərqli duyğular yaradır.

Qədim silahlar, dəbilqələr və noqay qızları

Qalanın içərisində yüz illər öncəyə aid olan silahları, döyüş geyimlərini, qılınc və qalxanları gördükcə həmin dövrlərin döyüş səhnələri haqqında təsəvvürümüzdəki qəliblər sanki tamamlanırdı. Qubalı Fətəli Xana aid olan döyüş ləvazimatlarından tutmuş xanlıqlardan əvvəlki dövrlərə aid olan Şirvanşahların müxtəlif əşyaları yenicə alınmış əşyalar kimi təzə qalıb.

Qalada yerləşən muzeydən çıxırıq. Bir qədər sonra noqay olduğunu deyən xanımlar yaxınlaşıb şəkil çəkdirmək istədiyini deyir. Təkliflərini qəbul edib şəkil çəkdirir və qaladan çıxırıq.

Stalinlə məscid xatirəsi

Qaladan qayıdıb Azərbaycanın Dərbənd tarixinin ayrılmaz hissəsi olan Cümə Məcidinə gəlirik. Məscidin bu günə qədər gəlib çatmasına yardım etmiş seyidin sovet illərində məscidi necə qorumasını onun qızından öyrənirik:

"Müharibə illərində Stalini inandırırlar ki, məscidləri ibadət üçün açmaq lazımdır ki, orda döyüşən ordu üçün dua edilsin. Doğurdan da Stalin məscidlərin açılması üçün göstəriş verir. Atam, əmim və digər insanların köməyi ilə məscidi təmizləyirlər. Yarım metr qum qazılıb çıxarılır. Çünki uzun zaman orda heç kim ibadət etməyib və torpaq çirklənibmiş".

Onu da öyrəndik ki, həmin məscid IV əsrdə inşa edilən və sonradan məscid halına salınan atəşpərəstlik məbədi olub.

Cümə Məscidindən çıxıb yolumuza davam edirik. Qaladan qayıdan yolda qarşımıza çıxan insan Dərbənd səfərimizin sonuna qədər bizimlə olacaq.

"Çeçen" saç düzümlü, idmançı görünüşlü qəhrəman

Maşını saxlayıb bizdən hardan gəldiyimizi soruşdu. "Çeçen" üslubunda saçı, idmançı görünüşü ilə insanda "dava adamı" obrazı yaradan bu insan Bakıdan gəldiyimizi bilən kimi maşından düşüb bizi yaxınlıqdakı kafeyə gətirdi. Kafedəkilərə "bunlar mənim qonağımdır, özüm də bir azdan gələcəyəm", - deyib, kafedən çıxdı.

Bir qədər sonra bayaq maşını sürən dostu ilə qayıtdı. Ordan-burdan söhbət edəndən sonra öyrəndik ki, qəhrəmanımızın adı Kamrandır və kiq-boksinq ustasıdır. Dərbənddə azərbaycanlı uşaqlar üçün bir yer açıb və onlara bu döyüşün incəliklərini öyrədir.

Bakıda 1 həftəyə 3 min

Bir qədər sonra həmsöhbətimizin bizi niyə qonaq etməsinin səbəbi aydın olur:

"Yaxın günlərdə dostlarımızla Bakıda qonaq idik. Qonaq deyəndə, oteldə qalırdıq. 1 həftə yaxşıca gəzib əyləndik".

Həmin bir həftəyə nə qədər pul xərclədiklərini deyir və gözümüz bərələ qalır.

Dediyinə görə, 2-3 dostu ilə 7 gün ərzində 3 min manatdan çox pul xərcləyiblər. Həmin pula nəyə görə başqa yerlərdə dincəlməyə getmədiklərini soruşanda cavabları gözlənilməz oldu:

"Bakıya nə gəlib ki? Əla şəhərdir, küçələri çox gözəldir. Həm də Bakı yaxındır, başqa yerlərə gedib dincəlməyə zaman olmur. İşlərim çoxdur".

Dərbəndliləri hərbi xidmətə aparmırlar

Bizi şəhərdə gəzdirmək istədiyini deyən Kamran maşını oturduğumuz kafenin qabağına sürür. 10 min manatlıq "Priora" markalı maşına əyləşib şəhər gəzintisinə çıxırıq. Azərbaycanlıların dolanışığı, şəhərdəki vəziyyət haqqında Kamrandan xəbər alırıq. Dediyinə görə, azərbaycanlılar Dərbənddə ən yaxşı biznesi olan millətdir. Elə Kamranın özünün də biznesi pis deyil. Bir neçə maşınyuma salonunu işlətməklə özünə qiyməti 100 min manatdan baha olan "Leksus 570" ala bilib.

Kamranla ordan-burdan söhbətləşdikdən sonra xəbər tuturuq ki, dərbəndliləri hərbi xidmətə aparmırlar. Bunun səbəbini soruşanda isə verilən cavab gözləniləməz oldu:

"Dərbəndlilər orduda "dedovşina" yaradır. Onlar "çujoy" əsgərləri döyür. Bunun qarşısını ala bilmirlər. Məcbur qalıb, belə bir qərar çıxarıblar ki, dağıstanlılar hərbi xidmətə aparılmasın".

Nədənsə bu söhbəti eşidəndə indi olduğu kimi, Çar dövründə də müsəlmanların ön cəbhəyə döyüşməyə göndərilməməsi bə niyəsi yadıma düşür...

(Ardı olacaq)

Tarix
2014.04.18 / 09:00
Müəllif
Tural Qurbanlı, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla