Yuxarı

"Əzizim Aidə, sabah sənsizliyin 3-cü ilidir..."

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç əsrdən uzun üç il...

Unudulmaz ömür-gün yoldaşım Aidə xanıma 4-cü məktub

Əzizim Aidə, sabah sənsizliyimin üçüncü ili tamam olur. Mənim üçün üç əsrdən də uzun olan üç il. Yadındamı, 80-ci illərin əvvələrində böyük yazar Çingiz Aytmatovun "Roman qazeta"da dərc olunmuş "Gün var əsrə bərabər" əsərini 3-4 dəfə dönə-dönə oxudum. Anlayırdım ki, an var, gün var, insanlar üçün əsrdən də uzun bir təlatümlü həyat yaşamıdır. Nə biləydim ki, başıma gələcək.

Niyə üç əsr? Axı hər an mən səni düşünürəm, mən səninləyəm. Bu hər anın ayrılıq yükü, əzab yükü toplananda heç üç əsrə də sığmaz. Bu yükü həmişə daşıyıram. Mənim real və virtual, xəyallar dünyamda. Bütün kodlarım da sənlə bağlıdır, sənin doğum gününlə, nişan günümüzlə, toy günümüzlə, sənsizliyimin başladığı günlə. Gücüm tək bircə şeyə çatır ki, bir an belə məzarının üstündəki qızıl gülləri solmağa qoymayım.

Yəqin deyəcəksən ki, axı bu nə yaşamdır, nə güzərandır, özünü üzmə. Sorma ruhi güzəranımı, əzizim. Bu böyük dünyada qərib olmaq, sənsizlikdən doğan qəriblik nə qədər ağırmış. İnsanın içərisindəki tənhalıqdan ağır nə varmış?!.

Bu il Amerikaya ilk dəfə sənsiz getdim. Dəfələrlə birgə gəzdiyimiz prospektlər, yaşadığımız evlər, nəhəng ormanlar sənsiz mənə necə də xırda görünürdü. Təkcə böyük görükən səninlə axırıncı dəfə Amerikada olanda dostum, qardaşım professor B.Fazlollahinin Atlantdakı evinin həyətində onun həyat yoldaşı Afaq xanımla əkdiyiniz ağaclar idi, lap Ağdamın İmarətindəki çinarlar boyda... Eh, Ağdam boyda, Qarabağ boyda, Sən boyda və başqa neçə-neçə itkiləri olan adamın güzəranı necə olmalıdı axı. Hansı şəhərdə olurdumsa dostlar, tanışlar səndən söhbət açırdılar, sənli xatirələri çözürdülər.

Əzizim Aidə, bu məktub bir tərəfdən də əvvəlki məktubumdan ötən bir il üçün hesabat məktubudur. Sənin əziz xatirəni əbədiləşdirmək üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur Əliyev "Yoxluğu hiss olunan İnsan" adlı nəfis bir kitab nəşr elətdirdilər. O kitabda sənə həsr olunmuş şeirlər, esselər, xatirələr toplanıb. Kitabın üstündəki şəkil sənin ən çox sevdiyin şəkildir, bu şəkil həm də məzar daşının üstünə həkk olunub. O şəkildə biz bir yerdəyik, oradan yalnız sənin şəklini götürmüşəm. Sən həmişə deyirdin ki, ikimizin bu şəklini böyütdür, vur otağımıza. Hələlik bu arzunu yerinə yetirə bilməmişəm, çünki sənin şəklinə baxa bilmirəm, baxanda ruhum bədənimdən oynayır. Lakin vəsiyyət edəcəyəm ki, bu qoşa şəklimizi böyüdüb, üç ildir qapısını aça bilmədiyim otağımızın divarından assınlar. Yadındamı, keçən məktubumda yazmışdım ki, sağlığında həmişə mənə yarı ciddi-yarı zarafat deyərdin ki, bu qədər kitab yazırsan, heç birini mənə ithaf etməmisən. Sənə yazmışdım ki, 2013-də Almaniya və Amerikada çıxan kitabımı, yeni nəzəriyyəmi sənə ithaf etdim. Ötən ildə "World Scientific" nəşriyyatında və Amerika "Springer" nəşriyyatında dərc olunan 2 kitabımı da sənin əziz xatirənə ithaf etdim. Ötən il sənin sevimli nəvən Günay Yaxın Doğu Universitetinin tələbəsi oldu. Yeri gəlmişkən, deyim ki, bu Novruz günlərində Kiprdə olarkən, Universitetdə doktor tələbələrim üçün dərs keçərkən dostları, ailə üzvlərini bir ziyafətə dəvət etmişdim (həmişə səninlə etdiyimiz kimi). Söhbətlər getdi, xatirələr çözüldü, birdən tələbə Günay söz istədi. Dedi: "Heyf, bu dəfə sevimli Aidə nənəm bizim aramızda deyil, ancaq O, cismani olaraq aramızda yoxdu. O, həmişə mənimlədir, O, həmişə bizimlədir..."

Qəhər onu boğdu, göz yaşına sahib çıxa bilmədi. O biri nəvələr də ona qoşuldu. Yaxşı ki, bir müddətdən sonra professor Nazim Mahmudov ovqatı bir qədər durulda bildi.

Bu il sevimli nəvən Rafiq 12–ci sinfi bitirib dünyanın sayılan-seçilən top universitetlərindən birinə qəbul oldu. Sevimli nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstanbul Universitetlərinin birini bitirdi.

Əzizim Aidə, mən səndən sonra bu üç ildə heç bir bayram keçirməmişəm, hətta bayram günlərində telefon zənglərinə də cavab vermirəm ki, məni təbrik etməsinlər. Lakin telefon ismarıcları olur. Dəyərli tələbəm dosent L.Qardaşova Novruz günlərində telefonuma bir bayram ismarıcı göndərmişdi. Əsasən sənə həsr olunmuşdu. O, yazmışdı ki, nəvələrinin uğurları Aidə xanımın ruhunu sevindirəcək. Düz deyir. Bu məktubu ruhunun gözləri ilə oxuyanda, nəvələrinin uğurunu görəndə ruhun bir daha təzələnəcək, sevinəcək.

Əzizim Aidə, mənimlə hər bir müsahibədə jurnalistlər hökmən səninlə bağlı suallar verir, sənə yazdığım məktublara istinad edirlər. Öz yazılarımda da həmişə sənli xatirələrim yer alır. Bu günlərdə dəyərli jurnalistimiz Şahanə Rəhimli məndən bir müsahibə götürmüşdü. Çox hissəsi sənə həsr olunmuşdu. Dostum, böyük şairimiz Ramiz Rövşən də çox yüksək qiymətləndirmişdi bu müsahibəni.

Şahanə soruşur:

- Çəhrayı rəngi sevirsiniz, bu rəngin içində nələr var, hansi sirlər gizlənib?

- Bu ayın 21-də həyat yoldaşımın dünyasını dəyişməsinin 3 ili tamam olur. Bir yazı hazırlayıram. Keçən il də birini yazdım: "Qara paltarlı qadınım olmadın, niyə". Ona "Mediaforum" saytında dəyərli dostlarım belə başlıq qoydular: "Çəhrayı paltarlı qadın" . Çünki orada çəhrayı paltar barədə bir epizod var idi. Mənim də, həyat yoldaşımın da sevdiyi çəhrayı rəng idi. Adətən çəhrayı paltar geyinərdi. Və orada yazdım ki: "Bir gün gələcək, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı paltarında qarşıma gəlib əlimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovcuma töküləcək". O rəng mənə bütün gəncliyimi, həyatımı xatırladır.

Bu müsahibə ilə eyni zamanda gözəl yazarımız İlqar Rəsul APA TV də mənimlə bir veriliş apardı. Orada da çox suallar sənlə əlaqədar idi. Onu da deyim ki, dəyərli şairimiz, əziz dostum Musa Yaqub gecə saat 12-də mənə telefon açıb kədərli-kədərli öz təəssüratlarını bölüşdü, axı o da bu həyatı yaşayır. İlqar Rəsulun axırıncı sualı belə idi:

- Rafiq müəllim, o dünyaya gedəndə nə aparacaqsınız və kimin görüşünə tələsəcəksiniz ilk olaraq?

Sual məni çox tutsa da, bir qədər pauzadan sonra cavabım qısa oldu: - Tanrıya şükür.

Ümid edirəm ki, məni çəhrayı paltarda qarşılayacaqsan və onda bir daha deyəcəyəm: "Tanrıya şükür..."

Səni əbədi sevən Rafiq

Tarix
2014.04.18 / 22:45
Müəllif
Rafiq Əliyev
Şərhlər
Digər xəbərlər

Ramiz Rövşən - Mövlanə və Dostoyevski kimi...

“Almaniya artıq mübarizə aparmağı bacarmır”

Obama Co Baydenə xeyir-dua verdi

Tarixi abidə bərpa zamanı dağıdıldı

“Oskar”la bağlı gözlənilməz qərar

Tərtər və Ağdamda ötən gecə necə keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla