"TÜRMƏ ƏHVALATLARI" LAYİHƏSİNDƏ
Bayıl türməsinin 6-cı korpusundakı 106-cı kamera "burjuy
kamera"sı adlanır. Məhkəmənin hökmündən Apelyasiyaya şikayət
ərizəsi yazan dustaqlar 200-300 manat xərc çəkib bu gözləmə
kamerasının 1-2 ay sakini olardılar.
3-cü korpusun 90-cı kamerasında dustaqların sayının çox olması
və havasızlıq məni də "məcbur" etdi ki rəhbərliklə "bazarlıq" edib
yuxarıda bəhs etdiyim kameraya köçürülüm. Bunun üçün türmənin rəis
müavini Ağəmmədə "çöldə" 250 dollar verilmişdi.
Kamerada məni çox mehriban qarşıladılar. Artıq 3 aya yaxın idi
ki, dustaq həyatı yaşayırdım. Həm də təcrübəsiz deyildim, içəri
girən andan bu həyatın içindən xəbəri olmuş adam təsiri
bağışlamışdım. Dustaq yoldaşlarım sonradan mənə:
- Elə bildik ki, 3-4-cü "xodkandır"(gəlişin), - dedilər.
Kamera yoldaşlarımın bəziləri haqda ötən yazılarımda qısaca da
olsa, bəhs etmişəm. Hərbiçi Mikayıl haqda geniş yazmışdım.
Masallının Alvadı kəndindən olan deputatlığa keçmiş namizəd Elçin,
hal-hazırda adam öldürdüyünə görə ikinci dəfə həbs olunaraq ömürlük
həbs cəzası alan Elnur Sadıqov, avtoritet Xaqani Həşimov, salyanlı
narkobaron Vüqar, bir də indi haqqında bəhs etdiyim "Seyid" ləqəbli
Əliyev Nizami...
YANAN BARMAĞA
Seyid Beyləqan rayonundan idi. Ali təhsili vardı. Özünün
dediyinə və mənim sonrakı müşahidələrimə görə, böyük nüfuz sahibi
idi. Çox hörmətli seyid olan Əminə xanımın nəslindən olduğunu
deyirdi. Sonralar 10 saylı CÇM-də birgə cəza çəkdikdə eloğlularının
onun hörmətini saxlamalarının, cəddinə and içmələrinin şahidi
oldum. Eyni zamanda da bütün ömrü boyu vəzifədə işləyib, "yanan
barmağa su tökmədiyinə, daima yeyib içdiyinə, arvadbazlıq etdiyinə
görə cəzasını çəkir", demələrinin də şahidi olmuşdum. Bunları
sonralar eşidəcəkdim, indilərdə isə, Seyidin Bayıl həbs evindəki
günlərini vərəqləyək.
KOMSOMOLUN KATİBİ
Bəri başdan deyim ki, Seyid çox səliqəli adam idi. Üzünü hər gün
taraş edər, hər həftə saçlarını kəsdirərdi. Onun bu şakəri gənclik
illərindən məsul vəzifələrdə işləməsinə görə də ola bilərdi.
Sovetlər dönəmində Rayon Komsomol komitəsinin 1-ci katibi, Raykomda
təlimatçı, kolxoz sədri, Müstəqillik dönəmində isə məktəb
direktoru, təhsil şöbəsinin müdiri və Rayon İcra Hakimiyyəti
başçısının müavini olmuşdu...
MƏNİ İRŞAD ƏLİYEV TUTDURDU
Dediyinə görə, Nizami müəllimi əvvəllər Kənd Təsərrüfatı naziri
olmuş, sonradan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı işləyən
İrşad Əliyev həbs etdirib:
- Mənim onun yerinə başçı təyin olunacağımı aparatdan ona
deyiblərmiş. Başçı da məni sıradan çıxarmağın yolunu həbs
etdirməkdə gördü...
O, həbs olunarkən rayonun mədəniyyət idarəsinə rəhbərlik
edirmiş.
Seyid deyirdi ki, İrşad Əliyev rayonda lap ağ eləmişdi. İşi-gücü
rüşvət toplamaq idi və bu da rayon ziyalılarını çox narahat edirdi.
Ona görə də İ. Əliyevin yerinə real namizəd kimi məni görürdülər.
Bu haqda yuxarılara müraciət də olunmuşdu.
Nizamini Azərbaycan CM-in 315-ci (Polisə müqavimət, əmrə tabe
olmamaq) və 152-ci (yetkinlik yaşına çatmamış şəxslə seksual
hərəkətlər etmə və öz razılığı ilə cinsi əlaqədə olmaq) maddələrlə
təqsirli bilib həbs etmişdilər. Seyid hər kəsə həkimdən aldığı
arayışı göstərirdi ki, onun xəstəliyi var və qadınla yaxınlıq edə
bilmir. Deyirdi ki, bu, quramadır. Mənim yanına pis yolda olan
ana-bala göndərmişdilər. Qəbul etdim. Kömək istədilər. 30 "şirvan"
pul da verdim. Sonradan qadını üzümə durğuzdular ki, guya o pulun
müqabilində qızla yaxınlıq etmişəm...
O biri maddəsi haqda isə ürəklə danışırdı. Polisləri
"şillə-təpiyin altına salması, onları it küçüyü kimi doqqaza qədər
qovması"nı günün hansı vədəsində danışdırsan, həvəslə danışa
bilərdi.
200.000 MANAT VERDİM
Vəzifəyə isə uzağı 10-15 günə gələcəkmiş:
- Bir tanış xanım vardı. O da seyid qızıdır, danışmışdı işimi.
200.000 manat verdim. Apardı kiməsə verdi. Dedi, iki aya təyinatın
olacaq. Amma heç kəsə heç nə demə. Şad xəbərə görəsə 10.000 manat
da verdim xanıma. Amma haradansa informasiya çatmışdı başçıya,
mənim torbamı tikdi.
Allah bilir, mənə qədər bunu neçə adama söyləmişdi. Vəzifəyə
gəlmə istəyinin uğursuz başa çatmasında özünü günahkar sayırdı.
Qadın tanışının kim olması ilə maraqlandım, adını soruşdum.
Demək istəmədi. Birdən heç özüm də bilmədim necə oldusa:
- Şəmsiyyə Bəylərqızı deyildi ki? - deyə soruşdum.
- Hə, o, idi, – dedi. Sonra da onu haradan tanımağımla
maraqlandı. Onun haqda nə bilirdimsə, hər şeyi danışdım:
- Seyid, o qadın sənə atıb, heç kəsə pul verməyib və
İrşada da yüz faiz özü sənin haqda donos verib. Deyib ki, ay
bədbəxt, bəs Seyid səni devirmək istəyir. Bilmək olmaz, bəlkə də
səsini də yazıb ona eşitdirib.
İnanmadı. Amma onu yaxından tanımağımı, mənimlə də belə bir iş
tutduğunu danışdıqdan sonra inandıra bildim.
RANTİQİN ARVADI VƏ QIZI
Seyid söhbətcil adam idi. Amma yalanları da çox idi. Hansı
mövzudan bəhs edərdinsə, o mövzuya müdaxilə edərdi. Azərbaycanın
bütün rayonlarında dostu olduğunu deyərdi. Onun söhbətində yalan
ayaq tutur və yeriyirdi.
- Şair, "Brilyant məsələsi" romanında Rantik var e... onun
Qırmızı Bazarda gözəl bir restoranı vardı. Dostluq edirdik. Yaxşı
arvadı vardı. Arvadının mənə gözü düşmüşdü. Birləşmişdik. Qızı da
vardı. Haradasa Rusiyada oxuyurdu. Gəlmişdi, gördüm, keçməli şey
deyil, onu da...
ERMƏNİ AXÇİLƏRİ TOPLAŞDI BAŞIMA
Seyidin "macəraları" çox idi, nədənsə hamısı da qadınla bağlı
olardı.
- Cavan oğlan idim. Kolxoz sədri işləyirdim. Bir gün raykom
katibinə dedim ki, pambığın yığımına az qalıb, 5 gün icazə ver,
məzuniyyət götürüm, dincəlim. Mənim cəddimdən çox qorxurdu. Nəfsim
ağırdı. Bir söz demədi, icazə verdi. Getdim Rantiqgilə. Erməni
axçiləri həmən topalaşdı başıma. Rantiqin qızına qızıl sırğa da
almışdım. Ana-bala xidmətimdə idilər. Həmin axşam, qız dedi ki, bəs
sinif yoldaşımın ad günüdür, gedək ora. Getdim. Erməni dığaları
vardı. Özümü elə apardım ki, guya heç bunlar adam deyil. Gözaltı da
baxırdım ki, babatının birini marıtlayım. 15-ci gün idi burda qonaq
idim, hər gün bir evdə qalırdım. "06"-mın "bardaçoku" pulla dolu
idi, xərcləyirdim özüm üçün. Bir dəfə də bir erməni axçisi ilə
oturub həyətdə söhbət edirdim. Gördüm, bir yuxarı sinif şagirdi
olan erməni qızı bizə baxır, gözaltı fikir verdim..
RAYKOM KATİBİ SƏNİ ÖLDÜRƏCƏK
Seyidə imkan vermədim 16-cı erməni qızını da "xoşbəxt" etsin.
Tələsik dedim:
- Seyid, raykom katibi səni öldürəcək.
- Niyə ki?
- Ay zalım, pambıq tökülüb qaldı. Bir-iki günə yağışlar
başlayacaq. 10 günlük icazə alıbsan, 16 gündür ki, Qırmızı bazarı,
Mardakerti söküb çevirirsən..
Hamı gülüşdü. Salyanlı Vüqar:
- Şair, başuva iş qəhətdi də. Danışırdı dənə. Ermənidən o cür
qisas ala bilmirik, imkan verəydin, Seyid bunları bir-bir qıraydı,
tifaqlarını dağıdaydı dənə...
SEYİDİN SPİRTİ
Seyidin şəkəri vardı və hər gün özünə insulin iynəsi vururdu.
Buna görə də onun iynəni vuracağı yerə sürtmək üçün spirti olardı.
Bayıldakı həkim ona 100 qramlıq tibbi spirt gətirirdi. Bir dəfə
dostlar mənə dedi ki, arağımız var, içərsən? Ehtiyat etdim.
Fikirləşdim ki, zarafat edirlər və növbəti zarafatın hədəfi mən ola
bilərəm. Amma kifayət qədər ciddi olan təklifə razılaşmamaq da
olmadı:
- Nə bilim,- dedim.
Sən demə, Elnur Seyidin spirtini götürüb plastik qabda su ilə
qarışdırıb 40 dərəcəli araq halına salırmış. Yerinə su tökülən
spirtin eləcə qoxusu gəlirdi. Mən orada olana qədər bu 3 dəfə
təkrarlandı. Deyim ki, Elnur da namaz qılırdı. Bəzən narkotik
tərkibli həblər atırdı. Namaz qılanda dəstəmazın arxasında oturduğu
yerdə yuxulayırdı. Xaqani gülürdü, dustağı yuxudan və fikirdən
oyandırmazlar. Yuxusunda, fikirlərində "volya"da ola, doğmaları ilə
söhbət edə bilər deyirdi.
CƏDDİNİ "KLYUÇAT" ELƏ
Seyidlə mübahisəmiz də olardı. Bəzən macəraları o qədər ifrat
dərəcədə bəzəkli-düzəkli olurdu ki, inanmadığımızı üzünə açıq
deyirdik. İnciyərdi:
- Mən Seyidəm, yalan danışamaram, cəddim sizi tutar.
Zarafatla deyirdim ki, Seyid, sənin cəddin adam tutmağı
bacarırsa, səni tutanları tutsun da, bunun üçün cəddini "kluyuçat"
elə, "xod"a düşsün...
Qeyd etmək yerinə düşərdi ki, əliaçıq adam idi. Nəzarətçilərə,
rejim və DPN-ka işçilərinə xərclik verməkdə xüsusi səxavət sahibi
idi. Bahalı siqaret çəkərdi və onun üçün qıraqdan xüsusi
yorğan-döşək gətirmişdilər. Uzun müddət vəzifədə işləməsi
dostlarının çox olmasına səbəb olmuşdu. Onu ziyarət edirdilər.
QOYUN UDUZMUŞDU
Qumar oynamasa da, mərc gəlməyi sevirdi. Və mənə xeyli qoyun
uduzmuşdu. Açığı deyim ki, azadlığa çıxdıqdan sonra bir toğlu kəsib
pay göndərmişdi və mən də onun bu diqqətinə görə borclarının
üstündən xətt çəkmişdim. Bütün bunlar çox sonralar olacaqdı.
İndilərdə isə Seyid Bayıl türməsindədir və İrşadın əleyhinə faktlar
verəcəyini deyirdi. Onunla zarafatlarım çox olmuşdu. Deyim ki, o da
Bayıldan 10 saylı CÇM-ə gəlmişdi və burda da bizim zartafatlarımız
yetərincə olmuşdu.
(Ardı olacaq)