Yuxarı

İçki tövsiyəsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən, demək olar ki, həmişə kənddə yaşamışam. Yaxın dostlarım – Sabir Rüstəmxanlı, Seyran Səxavət, Fikrət Qoca bizdə çox qonaq olublar. Həmişə özümə borc bilmişəm ki, qapıma gələn dostları yaxşı qarşılayım. Onlara stol açım, məclis düzəldim.

Məclisdə söz-sözü tutur. Söz-sözü tutanda, bir-birinə yaxın olanda mənə elə gəlir ki, içkinin özü çox gedir, amma təsiri azalır.

Son vaxtlar eşidirəm ki, içki qələm adamlarının ən böyük və amansız düşməninə çevrilib. Mənə elə gəlir, bu, həm zamanla, vaxtla, dövranla, həm də məclislərlə bağlıdır. Düzü, bundan qurtulmaq üçün heç mən də təzə yol bilmirəm.

Bir onu yaxşı bilirəm ki, istər şair ol, istər yazıçı, hər şeyin həddi-hüdudu var. Yəni içkini qəbul eləmək həddi var. Gərək ən birinci növbədə şairlik havasına uyub yaşayış tərzindən kənara çıxmayasan, içkini həyat tərzinə çevirməyəsən.

Düzdür, adam hərdən fikirləşir ki, şairəm deyə mənə bir söz deyən olmayacaq, ona görə də nə qədər istəsəm, içə bilərəm. Belə deyil. Mütləq hədd gözlənilməlidir. Yoxsa insan bədəni bu qədər içkiyə tab gətirə bilməz. Həddi gözləməyəndə adam elə bir hala düşür ki... Bu gün gözümüzün qabağında nə qədər belə şairlər, yazıçılar saymaq olar. Məsələn, bizim böyük şairimiz Əli Kərim.

Şair niyə içir? Bunun böyük sirri yoxdur. Burda bir az azadlığa canatma var. Şairlər yeməkdə də, içməkdə də azadlıq axtarır. Yəni nə qədər istəyirəm, içəcəm, çünki mən sərbəstəm. Şairlər belə hisslərlə yaşayır. Amma buna bədən dözmür, zaman dözmür, vaxt dözmür.

İçki çox ağır söhbətdir və çox ağır mövzudur. Bunu ümumiləşdirib bir hala gətirmək ağır məsələdir.

Mən içməklə bağlı heç kimə tövsiyə verməmişəm, verə də bilmərəm. Nə də deyə bilmərəm ki, elə içmə, belə iç. Bircə bildiyim odur ki, içki həddində gözəldir. Gərək aludə olmayasan, içkiyə boyun əyməyəsən, uduzmayasan, onun arxasınca getməyəsən...

60-cı illərin poeziyası... O yol, o təzə döngə, ritorikadan çıxmaq, təzə poetik fikirlər kəşf eləmək, təzə dünya... O da bir dövran idi. Bunların hamısı mənim gözümün qabağındadır. Bəlkə də, zamanla əlaqədar idi, bilmirəm. Belə bir zamanda da yeyib-içmək məclisləri çox olurdu. Hamı içirdi. Amma kimin dözümü var idi, o, həddini gözləyirdi və ömrünün axırına kimi içirdi. Kimin dözümü yox idisə, həddi gözləyə bilmirdi və ömrünü yarımçıq kəsirdi. Yenə deyirəm, içki çox çətin söhbətdir.

Deyirlər ki, şairsənsə, mütləq içməlisən və ya deyirlər ki, içkiylə şairlik arasında mistik bir əlaqə var. Bunların hamısı söz-söhbətdir. Dünyada içməyən, amma gözəl şeirlər yazan şairlər var. Ümumiyyətlə, mən şairliklə içki arasında bir yaxınlıq duymuram. İçki insanın əhval-ruhiyyəsindən, həvəsindən asılı olan bir şeydir. İçki daha çox sərbəstlik hissidir. Yəni şeir yazıram, sərbəstəm. Fikrimi söyləyirəm, sərbəstəm. Burda yaşamıram, başqa yerdə yaşamaq istəyirəm, sərbəstəm. Və içirəm, deməli, sərbəstəm. Amma içki yeganə şeydir ki, burda olan sərbəstliyinə mütləq nəzarət də etməlisən. Adamın gərək ağılı ola, başa düşə ki, bunun axırı nə ilə nəticələnə bilər.

Sel-su gələndə qabağına bir kötük atırsan ki, heç olmasa, qarşısını alsın. İçkinin qabağını almaq üçün gərək yaxşı yeyəsən. Bu, mütləqdir və çox vacibdir. Məsələn, bəzən həkimlər bizə məsləhət görürlər ki, içməyək. Amma nə qədər həkim tanıyıram ki, onlar şairlərdən, yazıçılardan da çox içirlər. Görünür, həkimin bildiyi şeylər var. İçki də içir, ona qarşı nəzarət mexanizmini də düzgün qurur. Yəni orqanizmə pis təsirin qabağını nəyləsə alır.

İçkinin pis təsirinin qabağını almaq ancaq həddi gözləməklə mümkündür. Amma bizlərdə gözləmək sözü həmişə dildə deyilir, amma çox az hallarda əməl olunur. Çünki şairlərə, yazıçılara içməklə bağlı məsləhət vermək çox çətindir. Onsuz da onlar elədiklərini eləyəcəklər.

Heç olmasa, gərək kiminlə içdiyini biləsən. Kiminlə içməyin də böyük əhəmiyyəti var. İçki hisslə, duyğuyla bağlıdır. Əgər içki sənin yatan duyğularını ayağa qaldırırsa, deməli, həm də ruhla bağlıdır.

İçkinin yaratdığı duyğular bəzən mürəkkəb və qəribə olur. Bəzən adamlarda acığı qaldırır, bəzən kini oyadır, bəzən də nifrəti şiddətləndirir. Bir də görürsən ki, məclis dava-dalaşla nəticələnir.

İçki içmək şairin təkcə fərdi keyfiyyəti deyil. Bu, həm də cəmiyyətlə əlaqəlidir. Bəlkə də, daha çox cəmiyyətlə bağlıdır. Bizdən sonrakı cavanlar mənə elə gəlir ki, az içirlər. Yəqin onlar daha ayıq olmaq istəyirlər.

Nə bilim, bəlkə də, içmək lazımdır. Vurub oturasan bir daşın üstündə, görəsən, bu dünya hayana gedir...

1937.az

Tarix
2014.07.16 / 11:45
Müəllif
Musa Yaqub
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla