Yuxarı

Putin daha uzaqgörən siyasət qurdu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Karib böhranı" zamanı prezident Con Kennediyə vaxtilə özü də hərbçi olmuş eks-prezident Duayt Eyzenhauerin dediyi və kəlama çevrilmiş məşhur ifadə dilimizə təxminən belə tərcümə olunur: "Hərbçilərə qulaq asmayın, onların başını mis kaskaları sıxdığından, düşünmək qabiliyyətlərini itiriblər. Onlara ancaq müharibə lazımdır". Bəli, o zaman prezident Kennedinin baş katib Nikita Xruşşovla birbaşa telefon əlaqəsi yaratması dünyanı nüvə fəlakətindən xilas edə bildi.

Rusiya prezidenti Vladimir Putinin durumu isə fərqlidir. Onun real siyasi opponentləri olan hərbçilər son 2 ildə ciddi revanş götürərək və ictimai-siyasi təsir imkanlarını genişləndirərək, artıq siyasi hakimiyyətə də bir sıra qərarların qəbulunda ciddi təsirə malik olan siyasi gücə çevriliblər. Təsadüfi deyil ki, bu müddətdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bəyənatların mütləq əksəriyyəti özündə siyasi və geosiyasi çalarlar daşıyır. Onların maliyyə imkanları da 2-3 qat genişlənib. Görünür elə bu səbəbdən də yaranmış siyasi reallığı yaxşı anlayan Putin, daha ağıllı və daha uzaqgörən siyasət qurdu. Xüsusilə də Ukraynada baş verənlərə münasibətdə.

Əvvəllər də qeyd etmişdik ki, Ukraynadakı silahlı separatizm Rusiyada hakimiyyət uğrunda mübarizənin təzahürlərindəndir. Ukraynada keçirilən prezident seçkisinədək bu məsələdə dominantlığı əldə saxlayan prezident Putin seçkilərindən sonra separatçılara dəstəyini qəflətən kəsdi. Bunun ardınca Donetsk və Luqansk vilayətlərində savaş qızışdı. Bu da təbiidir, çünki Ukrayna "kartını" Putinin real siyasi opponentləri olan hərbçilər ələ aldılar. Ukraynanın Avropa Birliyi ilə assosiativ tərəfdaşlıq sazişi imzalaması ərəfəsində Rusiya Dövlət Duması prezident Putinin təşəbbüsü ilə Rusiya ordusuna Ukraynaya hərbi müdaxiləyə imkan verən qanunu ləğv etdi. Əslində bu Rusiya hərbçilərinə verilən "kart-blanş" idi. Amma, necə deyərlər, hətta Rusiya qanunlarından da kənar olan "kart-blanş". Rusiya hərbiyyəsi Ukraynanın iki şərq vilayətini nəzarətə götürəcəyini və bu uğurunu Kremlin qarşısında mühüm arqument kimi istifadə edəcəyini düşünürdü. Məhz bu səbəbdəndir ki, Rusiyanın hərbi kəşfiyyatı (ГРУ) Ukraynadakı terrorçulara dəstəyini nəinki gizlətmirdi, hətta əsasən Rusiya mediası vasitəsilə geniş reklam da edirdi. Burda da qeyri-adi heç nə yoxdur - Rusiya auditoriyasının önəmli hissəsini təşkil edən şovinist kəsim öz qəhrəmanlarını və qardaş Ukrayna xalqının "xilaskarlarını" tanımalı idi. Son zamanlar isə Rusiya hərbiyyəsi Ukraynadakı separatçıları (əslində Ukrayna hakimiyyətində onların mütləq əksəriyyətinin Rusiya vətəndaşları olan diversantlar olması barədə çoxsaylı sübutlar var) daha müasir silahlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri olan "Buk" və s. zenit-raket komplekslərilə təhciz etməyə başlamışdı. Onların əlində bu tip müasir silahların mövcudluğu isə özünü Rusiya mətbuatında geniş reklam edilməklə yanaşı, həm də Ukrayna hərbi-hava qüvvələrinə məxsus təyyarə və helikopterlərin vurulmasında göstərirdi. Hər şey plan üzrə gedirdi, lakin iyulun 17-də axşam saatlarında Donetsk səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması Rusiya hərbçilərinin bütün hesablamalarının yanlış olduğunu və hələ 55 il öncə Eyzenhauerin söylədiklərinin nə qədər böyük həqiqət olduğunu üzə çıxardı.

Hakimiyyət uğrunda gizli (əslində isə açıq) mübarizə aparan Rusiya generallarının məşlub olduqlarını artıq indidən demək olar. 80-ə qədəri uşaq olan 295 insanın qətlə yetirilməsi dünya ölkələrini ayağa qaldırdı və bu da təbiidir. Rusiya diversantları tərəfindən qətlə yetirilən sərnişinlər arasında 10 ölkənin vətəndaşı var və onların yarısından çox Avropa ölkələrinin vətəndaşlarıdır. Artıq bir çox ölkələr BMT TŞ-nın Ukraynaya dair təcili toplantısını çağırıb. Deməli, Rusiyaya təzyiqlər və sanksiyalar da güclənəcək və daxili siyasi mübarizədə bu siyasi iddiaları durmadan qızışan generallara qarşı işləyəcək. Sübutlar isə tam ortalıqdadır. Belə ki, terrorçuların özlərinin təyyarəni vurmaları haqda sosial şəbəkələrdə yaydıqları sübutlar azmış kimi, üstəlik də Ukrayna Təklükəsizlik Xidməti də artıq terrorçuların bu barədə Rusiya hərbi kəşfiyyatının (ГРУ) rəsmilərilə telefon danışıqlarının audioyazılarını ictimailəşdirib. Bu hadisə və onun fəsadları təkcə Rusiya hərbçilərini deyil, ümumilikdə Rusiyanı bundan sonra öz "kiçik" qonşuları ilə münasibətlərində daha diqqətli olmağa vadar edəcək, o cümlədən də Azərbaycana. Həmçinin, Rusiya hərbiyyəsinin növbəti revanşının da sona yaxınlaşdığını demək olar.

Tarix bir daha sübut etdi ki, general-prezident Eyzenhauer haqlı imiş.

İnteraztv.com

Tarix
2014.07.18 / 14:21
Müəllif
Ərəstun Oruclu
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla