I Hissə
Həbsxanalarda heç də çoxunun fikirləşdiyi kimi itirilmiş,
cəmiyyətə yarasız insanlar olmur. Hamıya məlumdur ki, burada
ömrünün müəyyən anında bilərəkdən və ya bilməyərəkdən cəza törədən
insanlar islah olunana qədər müvəqqəti saxlanılır. Bu da doğrudur
ki, heç bir cinayəti olmayaraq həbsxana küncünə atılanlar da var. O
insanların dustaq olmasına səbəb kiməsə mane olmaları, siyasi
baxışları, hətta əmlaklarının yağmalanmasıdır. Bəzən başqasının
əvəzinə cinayəti boyunlarına götürənlər də olur... Vaxtı ilə
tanınan, sayılıb seçilən, nüfuz sahibi olan şəxslərin həbsə
düşmələri də az olmayıb.
Dünya çempionu – narkotik istifadəçisi
Bu dəfə həmin insanlardan biri, Azərbaycanın çox tanınmış bir
simasının dəmir barmaqlıqlar arasına düşməsindən bəhs edəcəyəm. O,
karate və digər əlbəyaxa döyüş növləri üzrə 7 qat dünya çempionu,
dəfələrlə Avropa və ölkə birincisi olmuş əfsanəvi idmançı Canpolad
Budaqovdur. Canpolad gənclik illərində SSRİ birinciliklərinin də
dəfələrlə qalibi olub. Bəstəboy, həlim baxışlı, ləng, təxminən
55-60 kq çəkisi olan bu insana sonsuz hörmətin və nifrətin şahidi
olmuşdum.
O, pis uşaqlara qoşulmaz
Əvvəlcə onunla ilk tanışlığıma qayıdım. 10 saylı CÇM-ə gəldikdə
məni ilk olaraq qarşılayanlar arasında həmkəndlim, "qara kəl"
ayamalı İlyas Əvəz oğlu Şükürov, hərbi hissələrdən birində həkim
işləmiş, tabeçiliyində olan sanitar maşınıyla ərzaq üçün gedərkən
minaya düşmüş cəlilabadlı Arif vardı. Sonra əhl başçısı Əziz və
onun "xlebniki" salyanlı narkobaron Müşfiq gələcəkdi. Karantindən
qonaq aparacaqdılar. Və bu qonaqlıqda Canpolad yuxulu gözləri ilə
mənə bir qədər baxdıqdan sonra üzünü Əzizə tərəf çevirib:
- Sizin şair pis oğlana oxşamır. O, pis uşaqlara qoşulmaz, -
deyib, sonra üzünü mənə: - Kişi, sənə o qədər yaxın, dost olmaq
istəyənlər olacaq ki... "poslat" edərsən, – deyib, mənə məsləhət
verdi.
Birlikdə şam yedik. Xeyli söhbət etdik. Canpolad haqda elə onda
ətraflı öyrəndim. Bu çəlimsiz, əynindəki idman şalvarının balaqları
az qala yerlə sürünən və idman kostyumunun içində vecsiz, miskin
formada görünən adama niyə belə böyük hörmətin olduğunu başa
düşdüm.
Yüz ilin ölüsünə qarışmış kimi
- Sən axı həkim olmalısan həm də? -
soruşdum.
- Onlar hamısı arxada qaldı. Həkimlik də, idman da, alqışlar
da... indi yüz ilin ölüsünə qarışmış kimiyəm...
Canpolad mənim üçün maraqlı adam olaraq qaldı. İlk on günü Əziz
mənim heç yerdə yemək yeməyimə razı olmadı:
- Şair, o uşaqlar bizim uşaqlardı, bizim əhldəndir. Amma sən
karantin vaxtını bitirənə qədər mənim qonağımsan. Özünə yer-yurd
eləyənə, "xlebnik" tapana qədər. Mən istəmərəm at, mal heyvan,
toyuq-cücə, şor- pendir motalı oğurlayanlarla oturub-durasan. Pis
oğlan deyillər e... Amma filankəs adam vurub gəlib, bizimki burdan
at oğurlayıb İrana keçirib, oradan da 4 motal pendir-şor əkişdirib,
motalları da iranlından oğurladığı ata çatıb keçirib bu taya. Sonra
da acgöz oğlu elə həmin atı da qaytarıb o tayda satmaq istəyəndə
həbs olunub.
Əziz iki daşın arasında əhlin bəzi uşaqlarının "utanc gətirəcək"
cinayət əməllərindən danışmışdı. Və mən də bir neçə gün –
karantinin sonuna qədər Əzizgillə oturub-durmuşdum.
Canpoladla da elə bu ərəfələrdə isinişdik. O, oğru dünyasının
tanınmış və mübahisəli siması olan Nadir Səlifovla – Lotu Quli ilə
yaxın və bəzi məsələlərdə onunla əlbir olduğuna görə həbs
olunmuşdu.
Onların yeyə biləcəyi yem...
Bir dəfə ondan Lotu Quli haqda soruşdum:
- Biz Bayılda olanda qardaşlar "malyovka" göndərdilər
"xatalara". Qulinin "vurulması" haqda. Guya onun hansısa qrexi var.
Dustaqları incidib, bac-xərac yığıb.
Canpoladın əlindəki papirosu "ağzını açaraq" ovcundakı
tütünqarışıq nəşə yarpaqlarını udmaqla məşğul idi. Canpolad işinə
ara vermədən:
- Qələt edirlər. Quli onların yeyə biləcəyi yem deyil, -
dedi.
Papirosunu yandırıb dərin bir qullab vurduqdan sonra:
- Yaxşı maldır, çəkmək olar, - üzünü mənə tərəf tutdu. - Sən də
şair, hər deyilənə qulaq asma. Mən bir-iki aya çıxıram burdan. Hər
şeyə son qoyuram. İynəyə də, iyləməyə də, çəkməyə də. Aktiv idmana
qayıdacağam.
Dəlinə şükür, ilahi
Sonra Əzizlə Müşfiq nəyinsə mübahisəsi üçün gələn dustaqların
şikayətinə qulaq asdılar, məsələdən halı olub, haqlı tərəfi müəyyən
etdilər. Yadıma Axundovun "Vəziri-xani-Lənkəran" pyesindən bir
səhnə düşdü. Gülümsədim. "Razborkalarını" bərkgedən qardaşların
səviyyəsinə qaldıran mujiklər, əslində, özlərini gözə soxmaq,
onları özlərinə böyük qardaş və məsləhət yeri bildiklərini
çatdırmaq istəyirdilər. Bu, çox aydın hiss olunurdu. Amma Əziz belə
söz-söhbətə qulaq asıb, məsləhətini verib, haqlını müəyyən etdikdən
sonra başını yellədi, dustaqların uzaqlaşmasını gözləmədən
dedi:
- Dəlinə şükür, ilahi, bunlar nə vecsiz adamlardı. Buna görə də
adamı narahat edərlər?
Canpolad fikirli idi, əlini eləcə yellədi, yəni: "fikir
vermə".
Sayıqlığını heç vaxt əldən vermirdi
Canpolad bəzən siqaret çəkdiyi yerdə yuxulayırdı. Siqaret tutan
barmaqlarının arası yanmışdı. Siqaretlər süzgəcə qədər yanır,
istilik barmaqlara toxunandan sonra diksinir, yenisini yandırır və
yenə də həmin hal. Doğrusu, adını çox qabaqlar eşitdiyim, qazandığı
uğurlara sevindiyim bir adamın belə vəziyyətə düşməsi məni
mütəəssir etmişdi. Hər halda bu adam dəfələrlə bayrağımızı qaldırıb
himnimizi səsləndirmişdi. Amma demək lazımdır ki, Canpolad bütün bu
mürgülərə rəğmən, çox cəld və ayıq idi. Kənardan keçən, yaxud otağa
girən yad adamın iyini hiss edirmiş kimi gözlərini açır, söhbətə
bağlanır və sayıqlığını heç vaxt əldən vermirdi.
Onunla nəhayət ki, dostlaşa bildik və günlərin bir günü Tibb
məntəqəsinin həyətindəki böyük tut ağacının altında ikilikdə oturub
söhbət edərkən ondan özünün hekayətini danışmağı xahiş etdim.
Razılaşdı. Amma:
- Mənim nə hekayətim olacaq ki?.. Gürcüstanda, Faxralıda
doğulmuşam. Atam həkim idi. Amma sovetlərlə heç düz gəlməyib,
qaçaqçılıq etdiyi vaxtlar da olub... Ermənilər atama qarşı
təxribatlar hazırlayıb. Gürcülərlə əlbir olublar. Atam həbs də
olunub. Amma bütün bunlar bizim təlim-tərbiyəmizə, təhsilimizə mane
olmayıb, - dedi.
Hər şeyi atamdan öyrənmişəm
Sonra barmaqları arasında öz-özünə korun-korun yanan
siqaretini ayaqları altına atıb yenisini yandırdı. Əzilib sifətinə
yayılmış burnunun deşiklərindən yağ yeyən maşının səsboğucusu kimi
tüstünü çölə üflədi.
- Hər şeyi atamdan öyrənmişəm. Bir dəfə uşaq vaxtımda atamla
qatarda Bakıya gəlirdik. Biz Gürcüstanda yaşayanlar həmişə Bakını
paytaxt bilmişik. Bax, həmin uşaqlıq vaxtlarımda kupedə idik. Atam
mənə yuxarı yataqda yer edib yatızdırmışdı. Özü isə aşağıda
uzanmışdı. Gecə qəribə səsə oyandım. Gördüm 3 kişi atamı dirəyib
kupedə küncə, nə isə danışırlar. Hiss etdim ki, atam qorxur
bunlardan. Mənə çox pis gəldi bu. Gözümü yarıaçıq qoyub onlara
baxırdım. Danışıqlarını isə başa düşmürdüm. Başqa dildə
danışırdılar. Deyəsən erməni idilər. Gürcü də ola bilərdilər. Amma
nədənsə erməni kimi yadımda qalıblar. Atam onlara yavaşdan nə isə
deyirdi, səsi titrəyirdi. 3 nəfər isə çox kobud idi. Atamın gözü
birdən gözlərimə sataşdı. Oyaq olduğumu bildi, gülümsədi və
yavaşca, "qorxma" dedi. İnanırsan, şair, mən o vaxtdan heç
qorxmadım. Atam, sən demə, mənim oyanıb qorxmağımdan çəkinirmiş.
Bir anın içində kinolardakı kimi hər üçünü vurdu. Onlar gözləmirdi
heç. Ömrümdə birinci dəfə idi ki, insanın bir zərbədən necə halsız
uzandığını görürdüm.
Beləcə böyüdüm. Atamı tutmaq istəyirdilər. Bir müddət meşədə
gizləndi. Düşmənli idi. Ermənilərlə haqq-hesabını çəkib özü təslim
oldu.
Sonra Bakıda Tibb Universitetinə girdim. Yaxşı oxuyurdum və
idmanla da məşğul olurdum. Atam türmədən çıxmışdı. Yığışmışdıq
Bakıya. Xəstə idi atam, dərmanlarına pul lazım idi. İlk cinayətimi
həmən ərəfədə etdim.
Qara bazarda dollar satırdılar. Pul dəyişmək adı ilə bir
yəhudini kənara çəkdim. Ona qoynumdan çıxardığım iri kağız
bağlamasını göstərib, pul dəyişmək istədiyimi dedim. Məzənnəni
müəyyənləşdirib razılaşdıq. Mən arıq, çəlimsiz cavan oğlanam, o isə
yekəpərin biri. Həyətlərin birinin tağından içəri keçdik. Ona dedim
ki, qorxuram ora getməyə - çəlimsiz adamam, birdən pulumu əlimdən
alarsan. Birdən polis zad-da gələr, məni tutar. Heç olmasa sənin
şərikin tağın qarşısında dursun, kənar adam gələndə xəbər eləsin.
O, "heç qorxma", - desə də, məni arxayın salmaq üçün şərikinə
keçidin qarşısında durmağı tapşırdı, özü də daha arxayın oldu. Biz
həyətin sakit bir küncünə çəkildik. O, istədiyim məbləği
çantasından çıxarıb saymağa başladı. Mən də eləcə gödəkcəmin
qoynundan kağız bağlamasını çıxardıb, ətrafa baxdım. Xəlvətə salıb,
qəfildən, ona keyidici bir zərbə endirdim. Səsi belə çıxmadı. Onu
ehmalca küncə söykədim, pulları da götürüb getdim. Çıxarkən
şərikinə də dedim ki, məni tinə qədər ötürsün – nə olar, nə
olmaz...
Beləcə, cinayət aləminə doğru atdığım ilk qədəmdən sonra
dostlarım artdı. Çoxu da kriminal aləminə meylli uşaqlar idi.
Ardını gözləyin...