Yuxarı

Oxumağa dəyər fikirlər: Uğur: sevinc və lənət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mumiya trollar haqqında silsilə kitablar müəllifi Tuve Yansson düşüncələrini oxucularla bölüşür.

Tuve Yansson (1914-2001) - məşhur fin yazıçısı, rəssam və illüstrator. İsveç dilində yazdığı mumiya trollar haqqındakı kitabları sayəsində dünya şöhrəti qazanıb.

Uğur və şöhrət – iki tamamilə fərqli anlayışlardır. Mənim üçün uğur, hər şeydən əvvəl, elə bir durumdur ki, işlərinin davamlı və inkişafda olduğunu hiss edirsən. Və əlbəttə ki, insanların səni sevdiyini və dəyərləndirdiyini görmək də önəmlidir. Hansı sahə ilə məşğulluqdan asılı olmayaraq məhz nə isə özünə məxsus olanı yaratmağa çalışan yaradıcı insan üçün bundan daha böyük sevinc ola bilməz.

Məşhurluq və şöhrət də tamam başqa-başqa şeylərdir. Tutalım, komiks (təsvir edilmiş əhvalat, şəkil üzərində hekayə - ədəbiyyat və təsviri incəsənətin cizgilərini özündə birləşdirən janr – tərc.) yaradıcılarını götürək: onların da arasında məşhurları çoxdur. Sadəcə ona görə ki, yaratdıqlarını, illüstrasiyalarını insanların əksəriyyəti görə bilir. Haqqında qəzetlər kifayət qədər yazır və budur, artıq məşhursan, adın tanınır.

Kino ulduzları, idmançılar… Mənə elə gəlir ki, insanlar çox vaxt kiməsə heyran olmağa, məftun olmağa ehtiyac duyurlar. Və bu heyranlarda belə bir hiss yaranır ki, sanki onlar öz pərəstişgahının sahibi, yiyəsidir. İbadət obyekti isə bəlkə də onu rahat buraxmalarını, işləməyinə mane olmamalarını istəyir. Xüsusilə də əgər ömrünün çoxu gedibsə və ehtiyatda qalan vaxtın xeyli qısalıbsa… Təbii ki, yazıb-yaratdıqlarının başqaları tərəfindən qiymətləndirilməsi səni sevindirir, özünü xoşbəxt hiss edirsən. Bundan daha gözəl heç ola bilməz. Ancaq eyni zamanda da hiss edirsən ki, dayanmaq olmaz, irəliləmək lazımdır.

Əgər desəm ki, uğur yaradıcılığa kömək etmir, inandırıcı səslənməz. Ancaq bəzən də elə olur ki, müvəffəqiyyət işləmək arzusunu qeybə çəkir, bax bu, dəhşətdir. Müvəffəqiyyət özündə böyük təhlükələr gizlədir. Həm də çox böyük. Hər şeydən daha təlükəlisi isə odur ki, daima özün-özünü ötüb keçməyə çalışırsan və daima diqqət mərkəzində olursan. Bundan başqa, tamamilə təcrübi məqamlar da var. Təsəvvür edin ki, həddən artıq populyarlaşmış bir personaj yaratmısınız. Dərhal onu kommersiya məqsədlərilə istifadə etməyə başlayırlar. Allah bilir, nələrin reklamında: marsipan (badam qurabiyəsi, döyülmüş badamla şəkərdən hazırlanan şirniyyat – tərc.), sabun və ağla gəlməyən daha nələrin, nələrin… Və bir də ayılıb görürsən ki, heç nə anlamadığın bir aləmdəsən. Elə buradaca tamam başqa tipli müqavilələr bağlamaq məsələsi ortaya çıxır. Bir düjün insan bu balaca personajdan imkan daxilində daha çox qazanmaq haqqında düşünməyə başlayır. Və onu elə günə sala bilərlər ki, heç sən özün də tanımazsan.

Bütün bunlar ona gətirib çıxardı ki, mən öz mumiya trollarımı sevməməyə başladım. Az qala onlara nifrət edəcəkdim. Artıq hər şey həddini aşmışdı. Və birdən Tuu-tikki yarandı. O, mənə başa saldı ki, hər şey başqa cür olmalıdır. Onda mən hər şeyi dəyişdim. Uşaqlığın əsrarəngiz yayı haqqında nostalji hekayalər, mumiya trollar haqqında müxtəlif macəralar əvəzinə onların həyatının necə çətin keçdiyindən yazmağa başladım. O, tənhadır, çətinlik çəkir, tamamilə anlamadığı bir dünyaya düşüb. Eynilə mənim heç nə anlamadığım kommersiya və müqavilələr aləminə düşdüyüm kimi. Artıq yay da deyil, qışdır, o, qış peyzajını anlamır və sevmir. Ancaq yaratdığım bu Tuu-tikke personajı sayəsində Mumiya troll hansısa bir işıq yolu görə bildi və bundan hədsiz dərəcədə sevinc duydu. Kitabın sonunda o, səslənir: "Mən bütün qışı yatmayan birinci mumiya trollam!" Beləliklə də mən öz mumiya trollumu başqa cür yaratmağa müvəffəq oldum.

Uşaq hekayələri yazmağa çalışırsan. Bəlkə də heç uşaqlar üçün deyil, daha çox özün üçün yazırsan. Və birdən təsvir etdiyin personajlar böyüyür və dəyişirlər. Mən demirəm ki, onlar inkişaf edirlər, amma dəyişirlər. Bəli. Ən azından sənin dəyişdiyin qədər… Günlərin birində hiss edirsən ki, artıq uşaqlar üçün yazmırsan. Onda kitabı bitirməli olursan, artıq davam edə bilməzsən. Uşaqlar ardını gözləyirlər, sən isə o nöqtəyə gəlib çıxmısan ki, əhvalat tamam başqa şəkil ala bilər. Mən hələ də təəssüf edirəm ki, mumiya trollar haqqındakı hekayətləri davam etdirə bilmirəm. Ancaq artıq yazmaq da mümkün deyil, yaxşı deyil. Tədricən, çox böyük çətinliklə novellalar, romanlar və s. yazmağa başladım. Bax, bütün bunlar beləcə, baş verdi.

Tarix
2014.07.22 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla