Ana səhifə Kult |
Aqşinin xəstəxanadan çıxdığını eşidincə fotoqraf Elnurla birlikdə şairin evinə yollandıq. Evlərinə çataçatda zəng vurdum ki, şair, sizə gəlirik. Şair gözünə döndüyüm də qayıdasan ki, vallah, evdə o qədər adam var ki, bizim rahat oturub söhbətləşməyimiz mümkün olmayacaq. Sabah özüm sənə zəng edərəm, gələrsiz. Kor peşman geri qayıtdıq. Allah Aqşini bir daha heç vaxt peşman eləməsin! Mənim də bu yaşımda üz-gözümü danladılar. Növbəti dəfə Aqşinin bütün bəhanələrini qulaqardına vuraraq üzlü qonaq kimi qapılarının ağzını kəsdirib zəngi basdım. Çünki bu dəfə də əliboş qayıtsaydım, daha danlanası üzüm qalmamışdı.
Biz Aqşinlə bu evdə çox badələr qaldırmışıq, bu ev nə qədər
səsli-küylü məclislərin şahidi olub. Biz indi bu evə başqa bir
Aqşini görməyə gəlmişdik, həmin Aqşin bizi arağa yox, çaya qonaq
elədi. İndi həm də onun qələminin qapısında sözlər növbəyə dayanıb.
Biz o sözlərdən üzr istəyib növbənin önünə keçdik. Görək Aqşin
özünü necə hiss edir, hansı əhvaldadı...
Aqşin Yenisey: "Ölümdən də dəhşətli hisslər var,
məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq"
- Aqşin, indi özünü necə hiss edirsən? Xəstəliyinlə bağlı
nə kimi dəyişikliklər var?
-İndi kəfəni yırtmış ölü kimi yaxşıyam, xəstəlikdən əvvəlki dövrdə
necə idimsə, indi də özümü o cür hiss edirəm. İki aylıq "amansız"
müalicə öz müsbət nəticəsini göstərir. Daxili orqanlarımda
qaraciyərdən başqa, heç birində problem yox idi. İndi qaraciyərim
hansı vəziyyətdədirsə, mənim də vəziyyətim o cürdü. İxtisasca həkim
olmadığım üçün çox şeyləri bilmirdim, məsələn, bilmirdim ki, qanda
bilirubinin miqdarı nə qədər olmalıdır. Bu xəstəlik məni həyatın
daha bir düşməni ilə yaxından tanış etdi. Bir ay da həkimlərin
tətbiq etdiyi qaydalara dözə bilsəm, hər şey təbii vəziyyətinə
qayıdacaq.
"İnsan birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı
yaşamağa ehtiyacı olmasın"
-Aqşin, belə bir standart sual var: ikinci dəfə dünyaya
gəlsəydin, necə yaşayardın? Sənin üçün artıq, belə demək mümkünsə,
ikinci həyat başlayır. Bu yeni həyatını necə yaşamaq istərdin?
Yəqin ki, əvvəlki Aqşin olmayacaqsan...
-Sözün açığı, bundan sonra mənim üçün ikinci həyat yox, ikinci
Azərbaycan başlayır. Bu xəstəlik məni başqa bir Azərbaycanla, daha
doğrusu, Azərbaycanın kölgəsi ilə tanış elədi. Bu kölgə Hamletin
atasının xeyirxah kölgəsi kimi daima başımın üstündə idi. Halbuki
mən bu Azərbaycan haqqında çox vaxt tənqidi fikirdə olmuşam.
Məsələn, gözləmədiyim, ağlıma belə gətirmədiyim adamların diqqətini
gördüm. Heç ağlıma da gəlməzdi ki, mənim xəstəliyim o insanları
narahat edə bilər. "Əfsanələşmək" şansımı əlimdən alan bu adamlara
necə təşəkkür edəcəyimi hələ də bilmirəm. O ki qaldı ikinci həyat
məsələsinə, mən bu haqda həmişə mənfi fikirdə olmuşam. İnsan
birinci həyatını elə yaşamalıdır ki, ikinci həyatı yaşamağa
ehtiyacı olmasın, o, bu barədə, ümumiyyətlə, düşünməsin. Qədim Şərq
fəlsəfəsində belə bir düşüncə var ki, insan ruhani təmizlənmə
prosesini keçdikcə Allaha yaxınlaşır. Guya, bizim bədənimizdə
gəzdirdiyimiz ruhi həyat bizim insan ömrünə sığışdırdığımız həyat
qədər deyil, bu, müxtəlif dövrlərdə müxtəlif formalarda gəlib
getmiş bir həyatdır, yəni biz, guya, ucsuz-bucaqsızıq. Mən bunu
qədim qorxunun ibtidai təsəlliyə meyilli bir fəlsəfəsi hesab
edirəm. Mən hesab etmirəm ki, canavar bundan əvvəlki həyatında
tülkü, tülkü prokuror, prokuror nökər olub. Yəni biz qoyun mədəsi
kimi qırxqatlı keçmişə sahibik. Bu cür fəlsəfənin nə elmi, nə dini,
nə də tibbi izahı var. Son anda hər şeyi həkimin əlindəki iynə həll
edir. Hansısa meditasiyayla, magiya ilə məşğul olan bir adam buna
kimisə inandıra bilər, amma bizim kimi real həyatın içində yaşayan,
nəğdı qoyub nisyənin arxasınca qaçmayan adamlar dərk edir ki, insan
dünyaya gəlir, yaşayır və ölüb yoxa çıxır. O dünya deyilən bir aləm
varsa da, bu bizim özümüzə təsəlli naminə uydurduğumuz aləm kimi
deyil. Çox maraqlıdır ki, xəstəxanada hərdən halım pisləşəndə
çapalayıb hay-həşir salmırdım, hətta bu ağrılı sükunətdən həzz
alırdım. Ta ki tibb bacıları rəngimin, yaxud nəbzimin döyüntüsündən
halımın ölüvay olduğunu hiss edənə kimi.
-Yəni xəstəlik sənin Tanrıyla bağlı düşüncələrində hansısa
bir dəyişikliyə səbəb olmadı...
- Sözün açığı, jurnalistlər də mənə həmişə belə sual verirlər ki,
siz niyə ateistsiniz? Mənim ateist, yaxud deist olmağım öz işimdir.
Mən vur-tut beş-altı şeir yazmış estetəm, amma ağzını açan məndən
molla kimi müsahibə götürmək istəyir. Az qala, məni "Dəli Kür"
romanındakı rus Əhməd adlandırsınlar. İnsan üçün ən böyük ağrı
hissi ölümdür. Amma mənə elə gəlir ki, ölümdən də dəhşətli hisslər
var, məsələn, yaşamaq istəmədiyin həyatı yaşamaq, yaxud yaşamaqdan
doymadığın həyatdan məhrum edilmək. Bu, mənim yaradıcı
fantaziyamdır.
-Son müsahibələrindən birində demişdin ki, içməsəm, şeir
yaza bilmirəm. Amma xəstəxanada yazdığın şeir bunun əksini
göstərdi. Yəni içki olmadan da yaxşı şeir yazmaq mümkündü. Necə
düşünürsən? Bundan sonra da şeirin səni içkiyə qaytaracağından
qorxmursan ki?
-Yaradıcı adamların, məsələn, elə sənin özünün də yaradıcı
gərginlikdən xilas olmaq üçün bir vərdişin, bir hobbin var. Bəşər
tarixində bütün yaradıcı adamların özünəməxsus bir vərdişi, hobbisi
olub. Yaradıcılığın yükünü azaltmaqdan, istedadı dincə qoymaqdan,
yaxud tutalım, sevgini qəbul etməyən qadını unutmaqdan ötrü hər
hansı bir vərdişə müvəqqəti də olsa aludə olursan. Mənanı yalnız
mənasızlıqla yenmək olar. Mən 2000-ci ilə qədər yazdığım şeirlərin
hamısını cırıb atmışam, kitablarımda çıxan şeirlər ondan sonrakı
dövrdə yazdığım, özümün bəyəndiyim şeirlərdi. Özümün xoşuma
gəlməyən yazını və yaxud şeiri mən heç vaxt çapa vermirəm.
Xəstəxanada yatdığım iki ay müddətində yazdığım şeirlər var ki,
onlardan yalnız birini bəyəndim və həmin şeir də "1937.az" saytında
çap olundu. Xəstəxanada xeyli qeydlər aparmışam, oranın da məhbəs,
əsgərlik həyatı kimi yumorlu tərəfləri var, qeydlər apardığım
dəftəri də özümlə gətirmişəm, yəqin ki, hansısa bir janrda silsilə
yazılar yazacağam. O dəftərçənin bətnində bir kitab böyüyür. O ki,
qaldı içki məsələsinə, mən heç vaxt içki içib yazmamışam, içki içib
düşünürdüm, ayılandan sonra düşündüklərimi yazırdım. Ayılandan
sonra insanın beyni tərtəmiz, uşaq beyni kimi olur. İçkili olanda
düşünürdüm ki, hamının gördüyü hansısa mənzərəni necə
özümünküləşdirib ifadə edə bilərəm. Bakıda və yaxud hansısa bir
şəhərdə elə adam olmaz ki, külək ayağının altından nə vaxtsa bir
qəzet parçasını yelləyib aparmasın. Amma bu adi detaldan hamı şeir
çıxara bilməz axı. Bu, bir fanilik elementidi, insanın yazdığı
yazılar ayaq altına düşdü, ayağının da altından külək apardı, bunu
necə poeziyaya çevirmək olar? Dahiyanə əsərlərin böyük əksəriyyəti
elementar mahiyyətdən yaranan əsərlərdi. Məsələn, mən Kafkanın
"Çevrilmə" hekayəsini oxuyanda düşündüm ki, mən də belə bir şey
yaza bilərəm, insanı bör-böcəyə çevirməyə nə var ki... Başladım
yazmağa, sonra gördüm yox ee, qardaş, ən mürəkkəb, düşündürücü
əsərlər adi həyat detallarından yaranır. Asanda gizlənmiş
mürəkkəbliyi görmək – budur dahilik.
Xəstəxanada boş vaxtım çox olurdu. Ümumiyyətlə, xəstəxana mühiti
elə boş vaxt deməkdi, orda vaxtımın çoxunu televizora baxmaqla
keçirirdim, ən çox baxdığım heyvanlar haqqında olan verilişlər idi.
Məni ən çox xırda böcəklərin həyatı maraqlandırırdı; baxırdım,
dəhşətə gəlirdim, ölmək-zad yadımdan çıxırdı. Gör Tanrı xırda
böcəyi necə mürəkkəb və nəhəng bir mexanizm kimi yaradıb, mikroskop
altında görə biləcəyimiz xırda böcəyin də ürəyi var, o da bütün
canlılar kimi yaşayır, həyat uğrunda mübarizə aparır. Mənim
inandığım Tanrı bax, o böcək sadəliyinə nəhəng həyat mürəkkəbliyini
sığdıran Tanrıdır.
Sözümü ona gətirirəm ki, asanın içində gizlənmiş mürəkkəbi açıb
göstərə bilmək üçün mütləq o dediyim düşündürücü vərdişlər
lazımdır. Məni xəstəxanada ən çox düşündürən bu idi ki, mən artıq
içki içə bilməyəcəyəm, içsəm, sirrozu dirildib, özümü öldürəcəyəm.
İki yoldan birini seçməliyəm, ya sirrozu dirildib özümü
öldürməliyəm, ya da özümü diri saxlayıb sirrozu aradan
götürməliyəm. Xəstəxanada düşünürdüm ki, mən mütləq yeni bir vərdiş
tapmalıyam, necə ki, içki mənim beynimi açırdı, özümdə bunu əvəz
edəcək başqa bir vərdiş yaratmalıyam. Məsələn, adam var təsbeh
çevirir, təsbeh əllə başın arasında rabitə yaradır, əllə bərabər
baş da işləyir. Bəzi vərdişlər insanın canı bahasına başa gəlir.
Biri qumar oynayır, biri saatlarla oturub şahmat oynayır. Elə
yazıçı var ki, əyyaş olub, digəri arvadbaz olub. Bir ara Rusiyada
istehsal olunan araq butulkalarının üstündəki etiketlərdə Ömər
Xəyyamdan içki məclislərinə həsr etdiyi rübailər yazılırdı.
Baxmayaraq ki, o, Şərq şairi, mütəfəkkiri idi. Mən istəmirəm ki,
bundan sonrakı yaradıcılığım mənə canım bahasına başa gəlsin. İçki
mənim həyatıma, yaradıcılığıma verdiyini verdi, aldığını da aldı.
İçki ilə bizim aramızdakı oyun heç-heçə bitdi.
Amma hələ ki, məndə yaradıcılıq böhranı yaranmayıb, hər şey ig
kimidir. İg cəhrədəki polad milin adıdır. Sadəcə, hərəkət etməkdə
çətinlik çəkirəm. Çünki iki ay arxası üstə uzanmaq istər-istəməz
əzələlərə yorucu təsir göstərir. Yeri gəlmişkən, bununla bağlı bir
gülməli əhvalat danışım. Binamızın yanında bir dükan var, orda kök
bir arvad işləyir, bu gün məni görüb dedi ki, yaman arıqlamısan,
bundan sonra o zəhrimardan uzaq ol. Mən də zarafatımız olduğu üçün
qayıtdım ki, xalacan, sizi də iki ay arxası üstə köməksiz halda
uzatsaydılar, çöpə dönərdiniz. Mənə şükür (gülüşürük). Mənim
yaşamaqdan ötrü orda arıqlamaqdan savayı əlacım yox idi.
- Ədəbi prosesi izləyə bilirsən? Yarımçıq qalmış romanın var, yəqin
ki, bu romanı yazıb bitirəcəksən.
- Son günlər oxumağa başlamışam. Xəstəliyin ilk günlərində damarıma
o qədər dərman köçürürdülər ki, ağırlıqdan gözlərim açılmırdı.
Hətta yanıma gələn dostları xatırlamaqda çətinlik çəkirdim. Yalnız
xəstəxanalara yerləşdirilən şairlərin vəziyyəti ilə maraqlanırdım.
Qalan vaxtlarda mələfəyə bürünüb ayaq barmaqlarımla beynimdə
züm-zümə etdiyim musiqiyə ritm tuturdum.
- Tanrıya bir sual verməli olsaydın, nə
soruşardın?
- Baxır ovqatıma. Bəlkə də, saatı soruşardım.
-Bir şeirində deyirsən ki, ayrılıq ölümün plagiatıdır. Bəs xəstəlik nəyin plagiatıdır?
Xəstəlik plagiat deyil, müəllifin özüdür.
Tarix
2014.07.22 / 11:25
|
Müəllif
Axar.az
|