Yuxarı

Güneyli iş qadını: “Bütün sevgililərim alfons olub”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Qəhrəmanımın gözləri dolur. Səsi boğazında kilidlənir. Bir udum çay səsini açır. Göz yaşlarını gizlətməkdə rəfiqəsinin çiyinləri ona yardımçı olur. Mövzuya qaytarıram:

- Və…

- Beləcə 2 il keçdi. Biznesimi genişləndirdim. Uşağımı böyüdürdüm. Bu arada bir tanışım vardı. Səid adında iş adamı idi. Onun ağır günləri oldu. Məndən kömək istədi, əsirgəmədim. O, düşdüyü çətinlikdən qurtardı. Çox mehriban, şirindil insan idi. Beləlikə, bizim dostluğumuz başladı. O milliyyətcə fars olsa da, ailəmə xoş gəlmək üçün türkcə danışırdı. Amma qızımın atası Behzad türk olsa da, farsca danışırdı. Bilə-bilə ki atam millətini, dilini sevən, önəm verən bir insandır, o, farscaya üstünlük verirdi. Bu dildə danışmaqla özünü intelligent kimi göstərmək istəyirdi. Səid isə türkcə danışsa da, atam onu fars olduğu üçün bəyənmirdi. Deyirdi, o sənə layiq deyil. Amma mən onu sevdim. O mənə Behzadın boş qalmış yerini doldura bildi. Mən onunla əsl sevginin nə olduğunu bildim. Birgə yaşadıq. Kəbin belə kəsdirmədən. Vaxt gəldi, biz Bakıya işləməyə gəldik. Səid də mənimlə idi. 10 il birgə həyat yaşadıq.

Öldü…

- Uşaq istəmədiz sevdiyiniz insandan?

- Xeyr. Mən qızıma xatir bu işə razı olmadım. Onunla burada Bakıda yaşayırdıq, birlikdə çalışırdıq. İşlərimiz çox yaxşı gedirdi. Biznesimin müəyyən hissəsinə Səid rəhbərlik edirdi. Bakıda çox böyük əlaqələrim vardı.

- Bəs nə oldu? Ondan niyə ayrıldın?

- Ayrılmadım. O, öldü. Bir gün evdə qonaqlarım vardı. Xanəndə Zümrüd Məmmədova qızı ilə qonağımız idi. Mən onların və başqa müğənnilərin konsertini xaricdə çox təşkil etmişdim. Gəlib-gedirdilər. Əyləşib yemək istəyirdik ki, Səid hamama girmək istədiyini dedi. Mən dedim sonra çimərsən, evdə qonaqlarımız var. İsrar etdi və hamama girdi. Həmin gün hansısa müqəddəslərdən birinin mövludu idi və qüsullanmamış süfrə arxasında oturmaq istəmədi. Girdi hamama. Arada onu səslədim, dedi, 5 dəqiqəyə çıxıram. 10 dəqiqə də keçdi, bundan səs çıxmadı. Səslədik, hay vermədi, tam səssizlik idi. Qəribə idi, hamamın qapısı həmişə öz-özünə açılardı. Bu dəfə nə qədər etdik, açılmadı. Qapı qoz ağacından idi. Çox möhkəm idi, sındıra da bilmirdik ki, görək nə məsələdir. Zümrüd xanımın qızı tez FHN-nə, polisə zəng etdi. Gəldilər. Qapının çərçivəsini doğrayıb, içəri girdilər. Baxdıq ki, Səid keçinib. Sən demə, dəm qazından boğulubmuş...

Onun meyitini soyuducuda saxlatdım

Sepide danışır və gözlərinin yaşının yanağı boyu axmaması üçün, başını yuxarı qaldırır. Hıçqırır və göz yaşları bəbəklərdən daşdanın sifətini "yuyur". Bu faciənin ağırlığını eləcə xanımın göz yaşlarına baxmaqla bilmək olar.

- Allah bilir nə çəkdim... Günlərlə onun meyitini soyuducularda saxlatdım. Hər gün bir qutu ətir alıb meyitin üstünə çilətdirdim. İrana aparmaq, orada onu dəfn etmək üçün üçün çox əziyyət çəkdim. Polis, prokurorluq… Xeyli pulum çıxdı. Gününə 450 manat soyuducuya, ondan bir az ətirlərə, iynə-dərmana ödəyirdim ki, meyit iy verməsin. Onun telefonu qalmışdı. İşdən zəng edirdilər. Bazadan götürüləcək malların icazəsini o verirdi. Hamıya deyirdim ki, rəhmətə gedib. Üzülürdülər. Mənə təskinlik verib, dərdimə şərik çıxanlar da oldu. Azay müəllim var, Səid onun zavodunu işlədirdi. O ağır gündə yanımda oldu. Köməyini təklif etdi…

Rəhmətə getdiyi günün səhəri

Sonra yenə də hıçqırtı, göz yaşı və sifətinə çilənən qəzəbqarışıq ifadə… Deyəsən Sepidənin əsl faciəsi indi başlayır axı fikirləşirəm… özünü toxtaq tutmağa çalışır:

- Rəhmətə getdiyi günün səhəri Səidin telefonuna bir zəng də gəldi. Qadın səsi idi. Səidi istəyirdi. Mənim içimdən bir hiss keçdi, bu hiss mənə imkan vermədi ona həqiqəti deməyə. Dedim, Səid burada deyil, İrana gedib. Gec gələr və ola bilsin ki, heç gəlməsin. Məndən kim olduğumu soruşdu, "yoldaşıyam", - dedim. Mən əvvəllər də nələrsə hiss etmişdim. Bir az soyuqluq vardı. Mənə yaxın gəlmirdi. Səbəbini soruşmuşdum, "yorğunam, şəkərəm" deyib məndə özünə qarşı daha çox mərhəmət hissi oyadırdı. Bilirsiz, bura Azərbaycan olduğu üçün buranı vətənim bilirdim. O, fars idi və düşünürdüm ki, o mənim vətənimdə qəribdir. Amma inana bilməzdim ki, o mənə xəyanət etisin.

Səid məni qabyuyan qıza dəyişmişdi

- Necə oldu ki o, başqa sevdaya düşdü və siz bilmədiniz?

- Bu işlər mənim arada 6 ay Bakıda olmadığım zaman baş veribmiş. Mən qızımın ailə həyatı qurub Avstraliyaya köçməsi ilə əlaqədar İrana getdiyimdə başlayıbmış. Nə isə, səhəri yenə zəng gəldi. O, qadın idi. Sonra da bir neçə dəfə təkrar olundu. Mən özümü toxtaq tutur, qadına Səidin burada olmadığını deyirdim. Mən göz yaşlarımı, hüzürlü olmamı gizlədə bilirdim. Mənə güc gəlmişdi. Ətrafda ağlaşma olurdu. Zəng gələndə kənara çəkilib, sərbəst danışırdım. Bir dəfə də zəng gəldi. Başqa qadın idi. Dedim, bilirsiz, o mənə dedi ki, İrana gedirəm, ola bilsin gəlməyəm. Səbəbini soruşdu. Dedim ki, burada pozğun bir qadın ona ilişib və o da o qadından canını qurtarmaq üçün gedib. Qadın dedi ki, o mənim qızımı yoldan çıxarıb. Qızımın Səiddən uşağı var. O necə gedə bilər İrana? Başladı Səidi söyüb təhqir etməyə. O söyürdü, fikirləşirdim ki, mənim ürəyimdən keçirib, dilimə gətirə bilmədiklərimi deyirlər. Nə isə... Sonralar bildim ki, bu zəng edən qadın bizim restoranda qabyuyan qızın anası imiş. Səid məni qabyuyan qıza dəyişmişdi.

Çox böyük xərc çəkib meyiti İrana apardım. Həm də İrana gedib məni tanıyanlar üçün əri ölmüş qadın rolu oynamalı idim. Təsəvvür edin. Bu ölüm, xəyanət, əlimdən çıxan pullarım, 9 günün yuxusuzluğu... çox pis vəziyyətdə idim. Qızım yas verdi. Səidi vətənində sevənlər çox idi. Bilirdim ki, İranda daha qala bilmərəm. Qayıtdım Bakıya…

- Bəs ondan sonra?..

- Mən deyirdim axı, atam həmişə bura bağlı adam olub. Azərbaycanla nəfəs alıb. Qarabağ hadisələri başlayanda Təbrizdə, Tehranda iki evimizi, başqa ticari məkanlarımızı satıb bura Bakıya yardım kimi göndərirdi. Bakıda çap olunmuş qəzetlərdən əmim bizə göndərərdi. Bir qəzetdə isə bir Qarabağ döyüşçüsünə həsr edilmiş yazı və həmin döyüşçünün rəsmi var idi. Atam bizə göstərib deyərdi: "Görün bizim necə qəhrəman oğullarımız var".

Yaraşıqlı oğlan idi. Döyüşçü paltarında idi. O adam mənim yaddaşımda qalmışdı. Heç özüm də bilmədən Qarabağ savaşından söz düşəndə həmin şəkli gözümün qabağına gətirirdim.

Bakıda Səiddən sonra tam təklənmiş kimi idim. Mənim ticari işlərimlə bağlı Rusiya ilə bəzi yazışmalarım olurdu. Mənimlə bir nəfər yazışırdı, amma üzünü belə görməmişdim. O məktubları ruscadan tərcümə edib mənə göndərərdi. Bir gün təsadüfən bu adam ofisimizə gəldi. Və biz tanış olduq. Söhbət zamanı qazi olduğunu dedi. Şəklini göstərdi. Mən onun şəklini o zaman qəzetdən köçürüb telefonumda saxlayırdım. Gördüm həmin adamdır. Mən də şəklini telefonumda özünə göstərdim. Sonra bildim ki, bu, həmin adamdır. Ağdamdan olan bu adamın adı Ələkbər idi. Bizi onunla işbirliyi birləşdirdi. Birgə İrana, Türkiyəyə turlar təşkil edərdik. Bir dəfə mənimlə İrana getdi. Anam bu insanı çox bəyəndi.

Onun müalicəsilə məşğul oldum

Ailəsi onu tərk etmişdi. O, tək idi. Müharibə veteranı idi. Onun müalicəsilə çox məşgul oldum. Demək olar ki, onu ayağa qaldırdım. O məni qızıyla tanışdırdı. Qız anasının atasından zəhləsi getdiyini, dedi. Və onların arasında hər şeyin bitdiyini söylədi. Mən anladım ki, bu adam həqiqətən atılmış bədbəxt adamdır.

Ələkbərin arvadı onu tərk edib ərinin dostu olan türk iş adamının evinə girmişdi. Guya bu qadının insani hislərindən irəli gəlibmiş. Belə ki, qəzaya düşmüş türk üçün qulluqçu lazım olur. Qadın da ərinin dostuna baxmağı öz öhdəsinə götürür və onunla eyni mənzildə yaşayır. Mən Ələkbərin qızına dedim ki, yığış gəl bizimlə yaşa, atanın yanında qal. Razı olmadı.

Ələkbər də hara gedirdiksə, məni öz həyat yoldaşı kimi təqdim edirdi. Və bir gün vaxt gəldi ki, onun ailəsinə getmək söhbəti yarandı. Dediyinə görə, qızı üçün elçi gəlirmiş və bunlar xoşbəxt ailə oyunu oynamalı idilər. Bu "xoşbəxt" ailə də birgə görsənməlidir gələn elçilər qarşısında. Beləcə, məni tərk etdi. Mən Azərbaycan vətəndaşı olmadığıma görə bütün sənədlərim, bank rekivizitlərim onun adınadır və o mənim bütün biznesimə iddia irəli sürür.

- İndi durumunuz necədir?

- Bizim birgə biznesimiz vardı. Dedim axı, mən bu işi Ələkbərin öhdəsinə buraxmışdım. Bu məbləğə şirnikən bəzi dostlar və yaxınları bizim ayrılmağımıza səbəb oldular. Aramızda mübahisələr və soyuqluq yarada bildilər…

İndi durumum belədir… Tənha, xəyalları ilə baş-başa…

- Sizin sevgililərinizin hamısı alfons olub ki…

- Hə, hamısı alfons olub…

Tarix
2014.07.22 / 22:10
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla