Yuxarı

“Çox gənc, ancaq seksual cəhətdən cazibədar qız”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nabokovla antikvar müsahibə: 45 il ötəndən sonra

"Nyu York Tayms" qırx beş il öncə - 29 аprel 1969-cu ildə Vladimir Nabokovdan intervü alıb. Axar.az müsahibənin oxucular üçün maraqlı olacağını nəzərə alıb təqdim edir.

- Siz özünüzü "Rusiyada doğulmuş, İngiltərədə təhsil almış Amerika yazıçısı" adlandırırsınız. Bu göstəricilər sizi necə Amerika yazıçısı edə bilib?

- Hazırkı durumda Amerika yazıçısı olmaq əsrin dörddə bir hissəsini Amerika Birləşmiş Ştatlarının vətəndaşı olmaq deməkdir. Bundan başqa mənim kitablarımın hamısı əvvəlcə Amerikada nəşr olunur. Bu da həmçinin o deməkdir ki, Amerika özümü həm ruhən, həm də qəlbən evimdəki kimi hiss etdiyim yeganə ölkədir. Hər halda mən Amerikanı tənqid edərək yerli fırıldaqçılarla və paxıl əcnəbi müşahidəçilərlə bir cəbhədə dayanan perfektsionistlərdən deyiləm. Bu ölkəyə heyranam, o, sarsıntı və çatışmazlıqları yüngül keçirə bilir. Bunlar isə, yeri gəlmişkən deyim ki, Rusiya tarixindəki hədsiz yamanlıqlarla müqayisədə heç nədir, hələ daha kənar ölkələrdən danışmıram.

- "Mənim qəlbimə" şeirində "əyalət naturalisti, cənnətdə azmış əcaib adam" haqqında yazarkən bəlkə də özünüzdən bəhs etmisiz. Görünür, Sizin kəpənəklərə olan marağınız həyatınızın başqa aspektləri ilə, misal üçün, ədəbi fəaliyyətinizlə də bağlıdır. Özünüzü cənnətdə azmış qəribə insan kimi hiss edirsinizmi?

- Qəribə insan o kəsdir ki, əqli və hisləri adi insanın heç nəzərinə də çarpmayan məsələləri saf-çürük edir. Digər tərəfdən isə, əcaiblər heç də az deyillər. Bunlar özlərinin işğüzar əlaqələri ilə öyünən insanlardan bezmiş və yolayrıcından çaşıb-qalmış fərqli adamlardır. Bu mənada mən tez-tez özümü azmış, itmiş hiss edirəm, bu hislər bəzən mənim yanımdakılara da sirayət edir. Və bir əcaib insan kimi, mən də həmçinin bilirəm ki, yalnız ipoteka kreditlərinin artırılmasından danışan bu köhnə dost günlərin birində gözlənilmədən nadir həşəratlar kolleksiyası toplamağa başlaya bilər.

- Uçmaq və yüyürmək arzusu bir çox şeir və hekayələrinizdə təkralanır. Bu sizin sərgərdanlığınızın təcəssümü olmasın?

- Bəli, qismən. Ancaq təəccüblüsü budur ki, hələ ilk uşaqlıq illərində inqilabdan və vətəndaş müharibəsindən xeyli əvvəl gecələr qarabasmalardan əziyyət çəkirdim: yuxuda baxımsız qalmış dəmir yol platforması görürdüm, həmişə kimdənsə qaçırdım.

- Harvardda işləyərkən nəyi bəyənirdiz (və yaxud bəyənmirdiniz)? Kembrici tərk etməyə Sizi nə vadar etdi?

- Harvard təcrübəm əsrarəngiz Müqayisəli Zoologiya Muzeyində entomoloji tədqiqatlara (zoologiyanın həşərat (böcəklər) bəhsi – tərc). həsr olunmuş yeddi xoşbəxt ildən (1941-1948-ci illər) və Memorial zalda bir yaz semestri boyunca (1952-ci il) oxuduğum mühazirələrdən ibarətdir. Həmçinin Uelsldə də altı il mühazirə oxumuşam. 1948-ci ildən başlayaraq artıq rus ədəbiyyatı üzrə professor və amerikalı "Lolita"nın müəllifi kimi Kornell Universitetində işləmişəm. Qeyd edim ki, bu əsərdən sonra 1959-cu ildə mən özümü tamamilə yazıçılığa həsr etmək qərarına gəldim. Kornell mənim çox xoşuma gəlirdi.

- Birləşmiş Ştatlarda digər şeir və ya kitablarınızdan daha çox "Lolita" sayəsində məşhurlaşdınız. Əgər indi məşhurlaşmaq üçün əsərlərinizdən birini seçmək imkanınız olsaydı, hansını seçərdiniz?

- Mənim şöhrətdən sərxoşluğa qarşı immunitetim var, ancaq hər halda hesab edirəm ki, bu gün heç bir istinad və əsaslandırma olmadan populyar lüğətlərdə "nimfekt" (nimfalar - qədim yunan mifologiyasında: təbiətin müxtəlif qüvvələrindən birini təmsil edən ilahə, pəri – tərc.) sözünü "çox gənc, ancaq seksual cəhətdən cazibədar qız" kimi izah edən ziyankarlar cəzalandırılmalıdırlar.

- Ədəbiyyatda seksual inqilab pik nöqtəsinə çatıbmı? Necə bilirsiz, bu tendensiya nisbətən səngiyə bilərmi?

- Mən qrup fəaliyyətinin bu və ya digər növünün sosial aspektinə qarşı tamamilə laqeydəm. Tarixən elə alınıb ki, qədim xalqların etdiyi parnoqrafik qeydlərə indiyədək tələbat var. Bədi nöqteyi-nəzərdən daha "çirkin" yazıçıların yaradıcılıq məhsullarını araşdırsaq görərik ki, onlar açıq-aydın çalışırlar ki, yazdıqları romanlar mümkün olduqca daha ənənəvi və bayağı olsunlar. Misal üçün, götürək Millerin "Böyük barmaq" və ya Teylorun "Qıcolma" kimi əsərlərini.

- Zorakılığa münasibətiniz?

- Mən qəddarlığın istənilən təzahür formasına dərindən nifrət edirəm.

- Boylanıb ötüb keçən ömrünüzə nəzər salsaz, hansı anları həqiqətən də mənalı sayardız?

- Demək olar ki, bütün anları. Dünən Rusiyadakı oxucumdan məktub aldığım an, ötən il hələ heç elmə bəlli olmayan kəpənəyi tutduğum, 1909-cu ildə ilk dəfə velosiped sürməyə cəhd etdiyim anlar... hamısı...

- Yaxın keçmişdə və hazırda yaşayan qələm ustadları arasındakı yerinizi necə təsəvvür edirsiniz?

- Mən tez-tez fikirləşirəm ki, təbəssümü ifadə edən xüsusi mətbəə simvolu mövcud olmalıdır, nə isə əyilmiş xəttə, yıxılmış dairəvi mötərizəyə bənzər bir şey. Mən Sizin sualınıza onunla cavab vermək istərdim. (Nabokovun vaxtında J - belə işarələr yox imiş. Məncə bu arzuda da bir uzaqgörənlik var. – Tərc.)

- Əgər özünüzə nekroloq yazsaydınız, son 50 ildə ədəbiyyat xəzinəsinə, incəsənət və estetika sahəsində ictimai düşüncəyə bəxş etdiyiniz hansı dəyərləri qeyd edərdiniz?

- Söhbət məndən gedirsə, son əsərin (deyək ki, ötən Miladda bitirdiyim "Ada" əsərinin) sönməkdə olan işartıları dərhal yeni yaranacaq əsərdən doğan və dumanlar arasından süzülən şüalarla qaynayıb qarışır. İdeal ton və çalarlarla başlanan növbəti kitabım əvvəl yazdıqlarımın hamısından daha uğurlu görünür. Və bu həsrətin həyəcanı öz təbiəti etibarilə nekroloqlarda heç bir vəchlə araşdırıla bilməz.

Tarix
2014.07.23 / 08:35
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla