Yuxarı

Putinin "pul kisəsi" – Beynəlxalq qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Xarici İşlər naziri Loren Fabius artıq əsəblərini gizlədə bilməyərək, Londonun tənqidlərinə və Rusiya ilə ticarət əlaqələri üzündən qısnamasına cavab verib.

Ötən çərşənbə axşamı Britaniya hökuməti Fransanın Rusiyaya helikopter daşıyan gəmi satmaq planlarını tənqid etmişdi.

Paris bu tənqidlərə cavab olaraq bildirib ki, "Rusiya oliqarxları ilə qaynaşan London öz gözündəki tiri görsə, daha yaxşı olardı".

Sözügedən müqaviləyə əsasən, Fransa Rusiyaya ümumi dəyəri 1,2 milyard avro olan iki gəmi satmalı idi.

Belə görünür ki, bu sövdələşmə pis vaxta – Ukrayna böhranının şiddətlənməsi, Moskvanın bu münaqişədəki rolunun artması və nəhayət, Malayziya Hava Yolları şirkətinə məxsus təyyarənin vurulması zamanına düşüb.

Paris artıq iki gəmidən birini Rusiyaya təhvil verməyə hazırlaşır və bildirib ki, Moskvanın Ukraynadakı davranışından asılı olaraq ikinci gəmini verib-verməmək qərarına baxacaq.

Britaniyadan gələn tənqid xorunda ən ucadan eşidilən baş nazir David Cameronun səsidir.

Paris gəmiləri satacaqmı?

İndi cənab Fabius bu tənqidlərə Fransa televiziyasına müsahibəsində çox istehzalı cavab verib: "Əziz britaniyalı dostlar, gəlin maliyyədən danışaq. Mənə belə gəlir ki, Londonda Rusiya oliqarxları az deyil".

Jurnalistin "yəni siz demək istəyirsiniz ki, Britaniya əvvəlcə özünə baxmalıdır" sualına, Fabius "tamamilə doğrudur" cavabını verib.

O, prezident Ollandın bazar ertəsi verdiyi bəyanatı bir daha təsdiqləyərək bildirib ki, ilk hərbi gəmi Moskva ilə müqaviləyə uyğun olaraq oktyabr ayında veriləcək.

Maraqlıdır ki, Fransanın Rusiya ilə hərbi ticarətini tənqid edən təkcə Britaniya deyil.

Məsələn, ABŞ dövlət katibinin müavini Mari Harf jurnalistlərə bildirib ki, "bu sövdələşmə tamamilə məqsədəuyğun deyil".

Lakin Parisi əsəbiləşdirən məhz Londonun qınaqlarıdır.

Özgə gözündəki çöp

Fransanın hakim Sosialist Partiyasının lideri ölkəsinin Rusiyaya iki "Mistral" tipli hərbi gəmi satmasını tənqid edilməsini "riyakarlıq" adlandırıb.

Jan Kristof Kambadeli deyib ki, cənab Cameron əvvəlcə Londonda kök atmış rus oliqarxlarına nəzər yetirsə, yaxşı olardı.

"Bu, riyakarların saxta debatıdır", deyə fransalı siyasətçi bildirib.

Britaniyanın özündə millət vəkilləri rəsmi Londonu nazirlərin Rusiyaya silah satan şirkətlərə asanlıqla lisenziya vermələrini tənqid ediblər.

Britaniya Parlamenti Silah İxracına Nəzarət Komitəsi aşkar edib ki, 2014-cü ilin may ayına olan məlumata görə, Britaniya Rusiyaya silah satışı üçün dəyəri 132 milyon funt sterlinq olan 285 lisenziya verib.

Bu kontraktlara bədən zirehləri, atıcı silahlar və sursat daxildir.

Britaniya hökuməti tənqidlərə cavab verərək israr edir ki, bu silahlardan heç biri Rusiya hərbiyyəsi üçün nəzərdə tutulmayıb.

Paris Kameronu ifsa etməyə çalışır

Xarici işlər nazirinə məktubunda adı çəkilən parlament komitəsinin sədri lord Con Stenli yazır ki, bu lisenziyalardan dəyəri 30 milyon funt sterlinq olan 34-ü ləğv edilib. Bunlardan ən bahalısı 11 milyon funt sterlinq dəyərində olan raditeleskop qurğusu imiş.

Komitə hökumətdən soruşur ki, Rusiyaya hərbi avadanlıq və silah satışı üçün qalan lisenziyalar nə dərəcədə qanunidir?

Halbuki bu həftənin əvvəllərində parlamentdə çıxış edən Baş nazir Devid Kameron demişdi ki, London Rusiyaya hərbi malların satışını artıq dayandırıb və başqa Avropa ölkələrindən də bunu gözləyir.

İndi Fransa Britaniya liderinin məhz bu bəyanatından yapışıb və onu ikili standart adlandırır.

Bir tennis matçı nədir ki?...

Rusiya Elmlər Akademiyasından siyasi şərhçi Andrei Piontkovski deyib ki, başqa ölkələri Rusiya oliqarxlarının hesablarını dondurmağa çağıran Kameronun özü elə "Çelsi" klubunun sahibi Roman Abramoviçin hesabını dondurmaqdan başlaya bilərdi.

Digər tərəfdən Britaniya mətbuatı yazır ki, Avropa İttifaqının sanksiyaları Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə maliyyə dəstəyi verən oliqarxları nəzərdə tutur və buna görə də sanksiyalar Londonda əyləşən rus oliqarxlarına hələlik təsir etməyəcək.

Bütün bunlar azmış kimi parlamentin leyborist müxalifət deputatları hakim mühafizəkarlardan Rusiyanın keçmiş maliyyə nazirinin xanımından aldıqları 160 min funtluq ianəni geri ödəməyi tələb edirlər.

Keçmiş nazirin xanımı Lyubov Çernuxina mühafizəkarların fondtoplama auksionunda London meri və Britaniya baş naziri ilə tennis matçı keçirmək hüququ qazanıb, sözü gedən siyasətçilər isə belə görünür, matçı keçirməyiblər.

Rusiya oliqarxları London maliyyəsinin canı və qanıdır

Rusiya pulunun Birləşmiş Krallıqda, xüsusən də paytaxt Londonda rolu böyükdür.

Rusiya oliqarxları, eləcə də biznesmenləri və siyasi elitası 10 milyon funt sterlinqdən baha London mülklərinin ən böyük alıcıları qrupuna başçılıq edirlər.

Hazırda London Birjasında Rusiyadan və MDB-dən olan 113 şirkətin səhmləri dövr edir.

Britaniyanın yeni xarici işlər naziri Filip Hammond Brüsseldə bildirmişdi ki, Britaniya yeni sanksiyaların cənab Putinin dost-aşnasına təsir etməsini istəyir.

O demişdi ki, Rusiyanın Ukraynadakı davranışına yalnız bu yolla təsir göstərmək olar.

Britaniya Xarici İşlər nazirinin sözçüsü isə bildirib ki, Britaniya Avropa İttifaqı sanksiyalarının ikinci mərhələsində daha çox Rusiya rəsmisinin adının əlavə olunmasını tələb edir.

Rəsmi London həm də Rusiyaya qarşı bütöv neft və qaz sektorunu hədəfləyəcək üçüncü mərhələ sanksiyalarının tətbiqini tələsdirir.

Putinin "pul kisəsi"

Bununla belə, Britaniya hökuməti əlavə edib ki, Birləşmiş Krallıqda yaşayan Rusiya oliqarxları yeni sanksiyalardan qorxmamalıdır, çünki onların Ukraynadakı hadisələrlə bağlı Rusiyanı dolayısı ilə dəstəkləməsinə dair məlumatlar yoxdur.

Hərçənd bir sıra təhlilçilər, o cümlədən Piontovski deyir ki, cənab Putinin zəngin dostlarından bir çoxu Londonda yaşayır.

Onlardan bəzilərinin burada Vladimir Putinin pullarını "fırlatdıqları" düşünülür. Məsələn bəzi dairələrdə elə həmin Abramoviçi "Putinin pul kisəsi" adlandırırlar.

Piontkovski qeyd edir ki, Rusiya oliqarxlarının böyük əksəriyyəti Kremllə birbaşa bağlıdır.

"Hər bir oliqarxın uğuru prezident Putinlə münasibətlərin üzərində qurulub. Putin onları istədiyi vaxt həbsə ata bilər", Piontovski deyir.

Azadliq.org

Tarix
2014.07.25 / 09:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla