Yuxarı

Əhməd Qayanın qadını 1937-də - İntervü

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin əfsanəvi müğənnisi Əhməd Qayanın həyat yoldaşı Gülten Qayadan aldığı müsahibəni təqdim edir:

– Bu il Əhməd Qayanın mahnılarından ibarət "...Bir eksiğiz" albomunu çıxardınız. Alboma göstərilən diqqət sizi qane etdimi? Xalq bu gün də Əhməd Qaya sənətinə maraq göstərirmi?

– Çıxardığımız albom son dərəcə cəsarətli və maraqlı bir layihə oldu. Bu layihə sayəsində Əhməd Qaya şərqilərindəki zənginliyi və yeni xırdalıqları kəşf etdik. Tamamilə fərqli janrlarda ifa edən sənətçilərin də qatıldığı layihəylə son dərəcə gözlənilməz və maraqlı bir iş reallaşdırdıq. Türkiyənin bir qədər qarışıq və ağır günlərində işıq üzü görsə də, bu alboma göstərilən maraq olduqca qənaətbəxş oldu. Yeni və daha bir gənc nəsli bu mahnılarla tanış etdik.

Əhməd Qayanı sevənlər onun bizə əmanət etdiyi mahnıları heç vaxt tək və sahibsiz qoymadılar. Onların əllərini həmişə çiynimizdə hiss etdik və gücləndik. Bu, həqiqətən qürur duyduğum və hörmət etdiyim bir vəfa, sevgidir. Elə bizi yaşadan da budur.

– Ərtoğrul Özkökün göndərdiyi gül dəstəsini qaytarmışdınız. Bir vaxtlar ona qarşı kampaniya aparan türk mətbuatı ilə indiki münasibətləriniz necədir?

– Mən Türkiyə mediasının çox önəmli bir hissəsinin gücünü və imkanlarını yanlış istiqamətə yönəltdiyini düşünürəm. Həm də bu yanlış istiqamət, yanlış yönəlmə ölkənin zaman, enerji itirməsinə səbəb olur, imicinə böyük zərbə vurur.

Onlar insan haqları və demokratiya qavramlarına, sivil dünyanın demokratiya normalarına hörmətsiz yanaşıb, özlərini bir növ "qərar verən" və "idarə edən" yerinə qoyub illərlə cəmiyyəti zəhərlədilər, insanlar arasında nifrət toxumları səpdilər. İrqçiliyi qabardaraq insanları bir-birinə düşmən etdilər. Bu torpaqlarda yaşayan xalqları və onların mədəniyyətini heçə sayıb diskriminasiyaya yol verdilər. Digər tərəfdən, mən "Türk mətbuatı" sözünə qarşıyam, bunun əvəzinə "Türkiyə mətbuatı" deməyə üstünlük verirəm.

Əhməd Qayaya qarşı aparılan qara piar kampaniyasının üstündən 15 il keçib və mətbuatda başqalarına da qarşı bu cür iyrənc üsullara əl atanlar hələ də var. Nə qədər ki, cəmiyyəti, insanları bir-birinə qarşı qoyur, mətbuatla mənim münasibətlərim heç vaxt yaxşı ola bilməz. Mən bu məsələyə yalnız Əhməd Qaya prizmasından yanaşmıram. Kürdlərə, etnik azlıqlara, ələvilərə, qadınlara, uşaqlara, fiziki qüsurlu şəxslərə, fərqli cinsi oriyentasiyadan olan insanlara və digərlərinə qarşı istifadə olunan bu kobud münasibət dəyişmədikcə, bir vətəndaş və insan olaraq hər birimiz bu mətbuatı tənqid etməliyik.

– Çətin günlərində ona dəstək olan həmkarları var idimi? Kimlərin adını çəkə bilərsiniz?

– Təəssüf ki, yox idi. Həmişə demişəm və deyəcəm də: dostları onu tək qoymasaydı, bu, ona mənəvi güc və dəstək olardı. Sürgündə olduğu günlərdə Türkiyədən, sadəcə, dəyərli ozanımız Aşıq Mahsuni Şərif onu ziyarət etmişdi. O vaxtlar Avropada yaşayan Şivan Pərvərlə də görüşürdülər.

Əlbəttə, xalqıyla, sevənləriylə tez-tez olmasa da, görüşür, konsertlər verirdi, amma ən çox dostları tərəfindən yad edilməmək, tək qalmaq ona çox pis təsir edirdi.

– Əhməd Qayanın siyasi baxışları Türkiyədə olduğu kimi, Azərbaycanda da həmişə müzakirə mövzusu olub. Onun qadını olaraq bu suala sizin cavab verməyinizi istərdik: Əhməd Qaya solçuydu, yoxsa kürd millətçisi?

– Əhməd Qaya sosialist, müxalif insan idi, istənilən milliyyətçiliyin də əleyhinə idi. Onun illərdir davam edən kürd münaqişəsinə qarşı çıxmağını "millətçilik" adlandırmaq haqsızlıq olar. Sözügedən müharibənin səbəblərinə bu dövrün və modern dünyanın prizmasından baxanda da xüsusən müxalif sənətçinin hansı mövqedə dayanmalı olduğu aydın görünür. Əhməd Qayanın kürd olub-olmamağı da önəmli deyil. Heçə sayılan dilinə və mədəniyyətinə sahib çıxmaq ayrı şeydir, millətçilik tamam ayrı şey. İnanın ki, bu, kürd yox, başqa xalq da olsaydı, Əhməd Qayanın mövqeyi dəyişməzdi. Sürgün illərində, 1999-cu ildə Parisdə keçirdiyi mətbuat konfransında Əhməd Qaya belə demişdi: "Nə qədər ki, sağam, ürəyim və beyinim dünyanın hər yerində əzab çəkən xalqların yanında olacaq".

– Əhməd Qayanın "Popstar Türkiyə"dən yaxşı tanıdığımız bacısı qızı Simgə Bağdadlı onun mahnılarına yeni bir nəfəs vermişdi. İndi ekranlardan uzaq qalmağının səbəbi nədir?

– Əhmədin ən böyük arzularından biri də öz mahnılarını qadın sənətçinin ifasında və yeni tərzdə eşitmək idi. Mən də onun bu istəyini reallaşdırdım. "SİMGƏ BAĞDADLI–ƏHMƏD QAYA ŞARKILARI" adlı layihəmizdə Simgənin vokal imkanları sayəsində çox gözəl bir iş alındı. Simgə xanım indi Almaniyada yaşayır və işlərini, layihələrini orada davam etdirir.

– Qızınız Melis Qaya indi harada yaşayır, hansı işləri görür? Atasının xatirəsini yaşatmaq üçün nələr edir?

– Melis universiteti İstanbulda bitirib. Parisdə magistr təhsili alıb. İndi də elə Fransanın paytaxtında yaşayır. Öz işləriylə yanaşı, atası üçün qurduğumuz musiqi şirkətindəki işlərdə də bizə kömək edir.

– Əhməd Qaya üçün darıxanda ən çox hansı mahnısına qulaq asırsınız?

– Ancaq bir mahnının adını çəkmək çətindir. O dəhşətli hissə qapılanda saatlarla Əhməd Qayaya qulaq asıram. Bütün mahnılarında özü var, keçmişimiz var, sevgimiz, əməyimiz, xatirələrimiz, həyatımız, mübarizəmiz var.

– Əhməd Qayanın məzarının Türkiyəyə gətirilməsinə etiraz etmişdiniz. "Əhməd Qaya hələlik sürgündə qalacaq" demişdiniz. Fikriniz dəyişməyib ki?

– Fikrimdə heç bir dəyişiklik olmayıb. Tarix 1999-cu ildə bu ölkədə aparılan çirkin piar kampaniyalarını, ədalətsiz hökmləri, körüklənən irqçilik və səpilən nifrət toxumlarını, hədəfə çevrilən bir sənətçini və ona qarşı edilən hər şeyi yaxşı xatırlayır. Öz ana dilində mahnı oxuduğu üçün sürgünlə və ölümlə nəticələnən bir həyat, insan taleyi var. Bunu necə dəyişdirmək olar? 50 il sonra insanlar Türkiyənin yaxın və real tarixini məhz bu hadisələrdən öyrənəcəklər.

Əhməd Qaya dünyəviliyi müdafiə edən bir sənətçi idi və "notların milləti, dövləti yoxdur" deyirdi. Yəni ona qarşı edilən haqsızlıqların bir də heç kimə qarşı edilməməsi və bu hadisələrdən düzgün nəticə çıxarılması üçün Əhməd Qaya olduğu yerdə –sürgündə qalacaq. Bizim üçün nə qədər çətin olsa da, istəyirəm ki, ən azından tarixin bu səhifəsi açıq qalsın və mühakimə olunsun. Bir daha əsla heç kimin özü olduğu üçün təzyiq görməməsini istəyirəm.

– Həyat yoldaşınızdan sonra 2009-cu ildə qardaşınız Yusuf Hayaloğlunu da itirdiniz. Hayaloğlunun şeirləri, Əhməd Qayanın mahnıları olmadan yaşamaq nə qədər çətindir?

– Bu iki gözəl insan mənim həyatımın şeiri idilər. Yəni onlardan sonra mənim şeirim bitdi, mahnılarım susdu. Qolum-qanadım qırıq olsa da, yaşamağa çalışıram. Bilirəm, onlardan sonra həyatımda yaranan bu böyük boşluq ölənə qədər davam edəcək.

Təəssüf ki, bununla – bu boşluqla yaşamağa alışmırsan, sadəcə, yaşayırsan. Mən anayam və övladım üçün ayaq üstə olmalıyam.

1937.az

Tarix
2014.07.25 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla