Yuxarı

Azərbaycanlı qadınlar türk kişisini necə aldatdılar... - Masallı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Adım Necatidir. Soyadım Çağlar. Necati Çağlar. Burada mənə "türk abi" deyirlər. Mən sizin adamlardan, ən çox da Masallı camaatından çox razıyam..."

Bu sözləri deyən Masallının Qəriblər kəndindən olan xanımla ailə həyatı qurmuş türkiyəli kafe-çayxana sahibidir.

Qəriblərin qərib sakini

O, Viləş çayının yorğun-yorğun axan suyunun topuqdan bir qədər yuxarı olan hissəsində stollar düzüb. Müştərilər ayaqlarını qayaların arasından axıb gələn sərin suya salaraq sifarişlərini verir, həzin musiqiyə qulaq asa-asa istirahət edirlər. Necati bu 10 stolluq kafe-çayxananın həm müdiri, həm də xidmətçisidir. Mehriban və dərdli adama oxşayır. Müştərilərinin sayından isə şikayətlənmir:

- Sağ olsunlar. Gəlirlər, ayaqlarını suya salıb dincəlirlər. Müştərilərim daimi olanlardır. Məni tanıyırlar, "Qəriblərin qərib sakini" deyirlər. Kobud deyillər. Özü də burada hamı ailəsi ilə istirahət edir, şəfa tapmağa gəlir. Onlar çay içib, qutab yeməkdən çox, ayaqlarını suya salmaq üçün bura gəlirlər...

Sərin ayran qonaqlığı

Necati ilə söhbətim təsadüfən alındı. Qayalıqda oturub çaya baxırdım. Çayın dibindəki ağ-qara xırda çaylaq daşları dumduru suyun içində elə gözəl görünür ki, elə bil, kim isə bu daşları əlləri ilə gətirib çaya düzüb. Bir yandan da tanış olmayan səs məni fikrimdən ayırdı:

- Abi, yorğun görünürsən, al, bu ayranı iç, nanəlidir, sərindir.

Səsə dönürəm. Bəstəboy, cavan adamdı. Əlində iki bardaq ayran tutub, yanımda oturur. Bardağı qabağıma qoyur. Özü də içir. Təşəkkür edirəm və sərin ayrandan dadıram.

- Abi, sən niyə belə fikirlisən? Axşam burada sən hər kəslə mehriban idin axı. Danışırdın, gülürdün... Fikir vermişdim sənə. Hələ sənə paxıllığım da tutmuşdu.

Bakıdakı türklər parası çox olanlardı

- Nə əcəb işini burada qurubsan, türklər paytaxtda məskunlaşır, axı...

- Abi, Bakıdakılar parası çox olanlardı. Mənim kimi kasıblar elə dağların arasında gün keçirə bilər...

- Çoxdan buradasan?

- 2007-ci ildən.

Qayğılı olması həmən hiss olunur. O, burada xoş gün keçirənə bənzəmir. Baxmayaraq ki, müştəriləri az deyil. Onu hansı rüzgar buralara gətirib çıxarıb?

- Mən Sivasdanam. Sarıyar köyündən. Köyümüz ilçəmizdə ən böyük köydü. Elə buralara oxşayır - dağlar, bulaqlar; amma belə sular və adamlarımız yoxdur. Sizin adamlar daha yaxşıdır. Qonaqsevərdilər... düzdür, mən daha qonaq deyiləm. Sizin tərəflərin adamıyam.

- Xoşbəxtsən?

- Şükür, abi, şükür. Yaşayıram. Arvad da almışam. Yerim də var qalmağa...

Və ardınca "Bu, xoşbəxtlikdirmi?" – mızıldanır. Dərhal anladım ki, sual mənə ünvanlanmayıb, öz-özündən soruşur. Siqaret yandırdı.

Danışır, amma hiss edirəm ki, içində bir nisgil var. Bu anlarda mən onun üçün bu nisgili paylaşmaqda ürək qızdıra biləcəyi yeganə adamam.

Səhər saatlarıdır. Müştəriləri günün dağların arxasında gizləndiyi vaxt təşrif buyuracaqlar.

Atamdan 15 yaş kiçiyəm

- Necə oldu gəldin buralara? Deyirsən, ailəliyəm. Neçə uşağın var?

- Dörd uşağım, iki nəvəm var. Qızımı ərə vermişəm. Oğlanlarım isə anamın yanında olur.

- Yaşın azdır axı...

- Atamdan 15 yaş balacayam. Atamın 14 yaşı olanda evləndiriblər. 15 yaşda ata olub. Mən də tez evlənmişdim. 38 yaşım var, qızımınsa 17. İki nəvənin babasıyam. Böyük oğlum 19 yaşdadı. Sivasda işləyir.

- Yaxşı, sənin ailən ola-ola niyə gəlib burda evləndin?

- Arvadım öldü. Mən də ailə qurmaq istəyirdim. Axırı gəldim bura. Evləndim. Yaşayıram da.

İnsanların arasına çıxıb insanlıqdan çıxdı

- Niyə axı, o boyda Türkiyədə qız yox idi gəldin bura? Bu necə oldu axı?

- Arvadım ürək çatışmazlığından öldü. Mən onu çox istəyirdim. Pis arvad olmadı mənə. Sonra subay qaldım. Evlənmək üçün para da gərəkdir. Həm də əmim oğlunun da arvadı ölmüşdü, Sivasdan qız aldı. Nankor çıxdı. Onun uşaqlarına baxmadı. Biz onu elə yerdən gətirmişdik ki, tövlə oradan yaxşı idi. Gəldi qudurdu. Libası dəyişdi, özü dəyişdi. Televizorda filmlərə baxdı, köydə okul gördü, insanların arasına çıxdı, sonra da insanlıqdan çıxdı. Bizim qızlar nankordu. Ona görə də orada evlənmədim.

- Bəs Azərbaycanda evlənmək hardan gəldi ağlına?

- Maşınım vardı. Adam daşıyardım. Bir dəfə sərnişinlərimin danışığı mənə xoş gəldi. Soruşdum kimsiz? Dedilər, Azərbaycandan gəlmişik. Qadınlar idi. Hamısı da orada ailə qurub, çoluq-çocuq sahibi olublar. Xoşuma gəldilər. Dedim, mən də subayam, əgər əqrəbanız varsa, deyin, evlənim. Qızılavar və Qazılağac kəndindən idi çoxu. Orada yaşayan, ərə gedən Azərbaycan qadınları çoxdur. Biri ərə gəlib, ardınca da o birilərini gətirib. Mal-heyvana baxırlar, sahədə işləyirlər. İşlək və ailə qədri biləndilər.

- Beləliklə, maşında qərar verdin ki, evlənəsən.

- Abi, onlar mənə dedilər, get o kəndə, qohum qızlar var, birini bəyən, al. Oğlanlar Rusiyaya gedir, qızlar qalır boşuna. Mənim maşınım elə də paraya getməzdi. Qızımı tələsik uzaq qohuma ərə verdim, gəldim bura. Başlıq parası aldım qızım üçün, həm toyunu etdim, həm də bura gəlmək üçün tədarük gördüm.

Xoşbəxt ola bilmirəm, abi

- Və...

- Və gəldim Qızılavara. Həmin evdə deyilən qız gözəl idi, amma namaz qılmırdı, açıq geyinirdi, özünü sərbəst aparırdı. Bəyənmədim. Xeyli qızlar vardı, hamısı gözəl olsa da, açıq-saçıq geyinərdilər. Hamısı dar şalvar geyinirdi mənə göstərilənlər. Axırda gəldim çıxdım Qəriblər kəndinə. İndiki yoldaşımı gördüm, evləndim. O da 3 ayın gəlini olmuşdu. Əri Rusiyaya gedib qayıtmamışdı.

- Xoşbəxt ol, Necati...

- Xoşbəxt ola bilmirəm, abi. Orda uşaqlarım var. Arvadımla burada olmağım onları da, məni də üzür. Para göndərirəm. Amma zaman keçdikcə ürəyim burada qalmaq istəmir. Orada isə yaşamaq çətindir. Bax, buranı 5000 manat xərc çəkib yaratmışam. 3-4 ay işlək olur. Mövsüm qurtarır və mən gedirəm Bakıda tikintidə işləməyə. Qazancım pis deyil. Yoldaşımla qayınanam qril-ləvəngi, təndir çörəyi, peraşki, qutab da bişirir. Hər gün ən azından 300 manat qazanc olur. Amma artıq burada darıxıram. Hər il gedirəm Sivasa. Yoldaşım da gedir mənimlə...

Necati yoldaşını göstərir:

- Adı Mahruh idi. Məhkəmənin hökmü ilə adını dəyişib Sevinc qoydum. 5 dəfədir uşağa qalır, uşaq tələf olur. Bir uşağı olsaydı yenə... sevinərdi...

Necati qəriblik çəkir. Qərib adam olan bu adam Qəriblər kəndinə sığınıb. Dediklərindən bunu başa düşdüm ki, təsadüfən onun sərnişinləri olmuş qadınlar onu aldadıb: "Get, orada səni evləndirəcəklər, ev-eşik sahibi edəcəklər, yeyib yatacaqsan, pul özbaşına gələcək..."

Tarix
2014.07.25 / 14:55
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla