Yuxarı

Xudaya atılan daş

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sidiqə xalanın ölüm xəbərini mənə oğlu Şəkür dedi. Şəkür mənim sinif yoldaşım və uşaqlıq dostumdur. Tanıyanlar bizi yaxın qohum bilir. Biz Şəkürlə yaxın qohumdan da yaxınıq. Şəkürün atası biz məktəbli olarkən ürək çatışmamazlığından dünyasını dəyişmişdi. Onu bir qardaşı, altı bacısı ilə Sidiqə xala böyütmüşdü. Balalarına atasızlığı yaşatmadı, qoymadı korluq çəksinlər. Oxutdu, ali təhsil verdi, oğlanları evləndirdi, qızları gəlin köçürdü...

Sidiqə xala mənim anamdan fərqli olaraq yazıb oxumağı bacarırdı. Ata tərəfi çox savadlı din adamları olub. Oxumağı, təhsil almağı övladlarına tövsiyə edib. Daha bəzi qaragüruh din xadimləri kimi yox. Onların evində yaşı yüzlərlə ölçülən əski əlifbada kitablar var...

Şəkür mənim anama, mən də onun artıq haqq dünyasına qovuşmuş anası Sidiqə xalaya oğul kimi olmuşuq. Hər iki ana şəhərə - balalarının evinə qonaq gələndə gedəcəyi evlərin, baş çəkəcəyi oğul uşaqların siyahısına bizi də əlavə edərdi. Kənd sovqatları ayırardı... Kəndə gedəndə mütləq ona baş çəkərdim. Bağrına basar, üzümdən, gözümdən öpərdi. Nəvələrim necədir, gəlin nə edir, soruşduqdan, hal əhval tutduqdan sonra oğlu Şəkürü və doğma nəvələrini, uşaqlarını soruşardı. "Əlaqələrinizi soyutmayın", - deyərdi...

O, namaz qılar, oruc tutardı. Haqq söz danışan qadın idi. Anama bacı deyirdi. Biz Şəkürla xaloğlu idik, axı... Anam o dünyasını dəyişdiyi gecənin gündüzü onu yoluxmağa gedib. Ağır xəstə olsa da, ayağa durub, qarşısına gedib, "bacı, nə zəhmət çəkmisən", - deyib. Şəhərdə kiçik oğlunun evində yaşayan əmidostumu xatırlayıb:

- O gün gördüm darvazalarının qapısı açıqdır, ürəyimdən keçdi ki, gedim həmin gecəni Narınc bacı ilə qalım, söhbət edim. Sonra öyrəndim ki, gəlməyib, Bakıdadır...

Bir dəfə mənə "ürəyi yaralı balam", - demişdi... yadıma toyum olan gün düşmüşdü. O sözü onda da demişdi.

Toyum günü atam dünyasını dəyişdi. Atam haqq dünyasına həyətindəki çal-çağırın sədası ilə köçdü. Özümdən ixtiyarsız Yaradana asi olub göy üzünü daşa basaraq hönkürürdüm. Dostlarım məni sakitləşdirmək istəməmişdi. Göyə tolazladığım daşların ardınca baxırmışlar. Sinif yoldaşlarım deyirdi ki, elə bilirdik sənin atdığın daşlar hədəfə dəyir...

Bax onda boynumu bir qol qucaqladı: Sidiqə xalanın qolları idi:

- Bağrı para-para olan, ürəyi yaralı balam mənim. Ürəyini kabab eləmə. Göy üzünə daş atma. Xudamız göydən baxır, – demişdi.

- Baxmır, Sidiqə xala, baxmır, görmür, Xuda dediyin o varlıq bizi. Mənim atam zəhmətkeş, əzabkeş, fağır kişi idi. Heç kəsə pislik etmədi ki, hamı onun yaxşılığından danışdı. Bəs niyə onun sevincini gözündə qoydu, həyətindəki toyunu qara gətirdi dediyi Tarı kişi?..

Səhər saat 6-nın yarısında telefonuma zəng gəldi. Yatmamışdım. Evimin artırmasında siqaret çəkirdim, Buxtadakı gəmilərin hələ sönməyən işıqlarına baxırdım. Telefon tez də susdu. Qəfil və vaxtsız zənglərdən elə qorxuram ki... Baxdım, Şəkür idi. Nə isə olub, nömrəni yığdım. Söndürüb, təzədən özü yığdı:

- Qağa, səni yuxudan etmədim ki... Bayramın mübarək...

Səs batıq idi, yorğun idi, həmin səs deyildi...

- Qardaş, nə olub? – bildim ki, bayramlaşmağın vaxtı deyil. Əxlaqı, tərbiyəsi imkan vermirdi ki, bu boyda dərdi mənə birbaşa desin... – Bayram nədir, qağa, sözünü de...

- Qağa, anam...

- Gözlə gəlirəm, - dedim. Və getdim...

... Yol boyu çox az danışdıq. Arada Şəkür hıçqırdı, mən sakitləşdirdim, mən kövrəldim, o könlümü aldı.

Sidiqə xalanı torpağa bağışladıq. Şəkür məzarı qucaqladı:

- Bu da əzablarının sonu...

Mən Şəkürü qucaqladım:

- Qalx ayağa, qonaqların qarşısına çıxmalısan, - dedim....

Tarix
2014.07.31 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla