Yuxarı

Bakıda keçmiş polisin dilənçi şəbəkəsi - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səfillər" layihəsində

Yaşadığım yerə yaxın olduğu üçün görüşəcəyim adamlarla çox vaxt "Əhmədli" metro-stansiyasının ətrafını vədələşirəm. Bu dəfə də çoxdan görmədiyim tanışımla qısa bir görüşə gəlmişəm. Gəlib çıxmaq bilmir. Sonradan məlum olur ki, daha vacib işi olduğuna görə görüşü başqa vaxta təyin etməliyik.

Razılaşırıq. Gözlərim qeyri ixtiyari burada dilənən qoca qadını axtarır. O qadını həmişə müşahidə edirəm. Buradadır. Üzü gülür... Elə bir sevinc içindədir ki... mən də gülümsəyirəm. Haradansa xoş xəbər gəlib, elə bil, bu qadına. İllərlə görmədiyi, səsini eşitmədiyi adamının xəbərini almış kimidir bu qoca dilənçi. Ətrafa baxır, hər kəslə bu sevinci bölmək istəyir, sanki.

Onun bu ovqatı müqəddəs Ramazan bayramının ilk günündə mənə də hopur. Fikrim dağılır, eynim açılır. Bayramın gətirdiyi xoş əhval ruhiyyə mənim də üzümə çilənir. Nə yaxşı bu insanın üzündə sevinc hissləri gördüm.

Dilənçi qadın daima oturduğu yerdə əyləşib – "Əhmədli" metro-stansiyasından "Bakı" kinoteatrına qalxan səkinin qələbəlik olan yerində. Kürəyini marketlərdən birinin şüşə divarına söykəyib. Qarşısındakı plastik qabın içində xeyli qəpik və manatlıqlar var. Ətrafa baxaraq gülümsəyir, manatlıqları dəstələyib yığır. Çirkli donun içinə, qoynuna aparır. Qəpiklər isə qabın içinə atıldıqca səs edir. Bu dəfə qəpik atanlar da azdır. Əksəriyyət kağız əskinazları qarıya uzadır. Qarının sığala çəkərək dəstələdiyi kağız pulların içərisində 10 və 5 manatlıqlar da nəzərə çarpır.

Görəsən bilirmi ki, bu gün fitrə çıxarılan gündür və ətrafda yaşayan insanlar fitrəni məhz əlsiz-ayaqsız, dilənçi, səfil, dolanışığı zəif olanlara verirlər? Fərqinə də varmır deyəsən. Ona pul verənlərə təşəkkürünü də bildirmək yadından çıxıb sanki. Əvvəllər hər atılan qəpiyə "sağ ol, Allah əvəzini versin", - deyən qadın, indi arada, özü də cəm şəklində təşəkkür edir:

- Allah cibinizə bərəkət versin, balalarınızı saxlasın!

Sonra da yenidən topladığı pulları çinləməklə məşğuldur.

"Yaxınlaşımmı?" - fikirləşirəm. Bu qadının görkəmindən yağan miskinliyin fonunda üzündəki təbəssüm yetərincə boldur. İlahi, insanı belə günə salıb sevindirməyin də varmış, sənə şükür!

Sallaqqarın

Qadına yaxınlaşan hündürboy, sallaqqarın kişi nəzərimi cəlb edir. Onun arxayın yerişi olsa da, gözaltı ətrafa fikir verir. Arxayınçılığının arxasında bir narahatlıq da var.

"Görüm bu boyda vücudun sədəqəsi nə olacaq, sonra yaxınlaşıb qadınla söhbət edərəm", – fikrimdən keçirirəm.

Əlimdə iki ədəd 20 qəpiklik də tutmuşam.

Sallaqqarının təxminən 40-45 yaşı olar. O, qadının qarşısında dayanır. Bir metrlik məsafədən gah dəmir pulların cingilti saldığı qaba, gah da qadının bayaqdan pulları qoyduğu qoynuna baxır.

Yaşı ötmüş, çirkin-pasağın içində olan qadın hələ də ona verilən sədəqənin sevincinə bürünüb. Və birdən onun sifətindəki sevinc "kilidləndi", donub qaldı. Qadının çöhrəsindəki təbəssüm necə boy verirdisə, eləcə də geri çəkildi. İndi qadının sifətinin qırışmış dərisinin içərilərinə tərəf çəkilən sevincin əriməsinin, yox olmasına diqqət verirəm. Nə oldu buna? Qadının dodaqları qapandı, insanlara etdiyi minnətdarlıq sözləri də dişsiz ağzına tərəf əyilib içəri girən dodaqlarının arasında "qurudu". Baxışlarını tuturam. Qadının qorxaq baxışları qarşısında dayanan sallaqqarın kişinin ayaqqabılarına və bir qədər yuxarı, kişinin dizlərinə qədər qalxır... Bu baxışlar daha yuxarı qalxmaqdan qorxur, çəkinir sanki... Bu qadın həmin ayaqqabıların sahibini tanıyır və ondan ehtiyat edir...

Uğursuz cəhd

Qadın yavaşca başını yuxarı qaldırdı. Kişiyə fikir verdi. Kişi ona nə isə dedi. Arada ianə verənlər var. Bu baxışlar onları görmür. Qadın qorxur. Çəkinərək ətrafa baxır və qarşısındakı qabı sallaqqarına göstərir. Kişinin üzündə kinayəli təbəssüm dolaşır. Onların söhbətini eşidə bilmirəm. Qadın yenə də qorxaq siması ilə geri çəkilir. Oturduğu yerdən dala dartılır. Kürəyi qalın şüşə divara söykəndiyindən bu cəhd uğursuzdur. Əlini qoynuna aparır. Dəstələnmiş xeyli pulu sallaqqarına verir. Sallaqqarın pulları eləcə alıb şalvarının cibinə qoyur və əlini yenə də irəli uzadır. Qadın bu dəfə əlini nimdaş corabının boğazına aparır. Oradan da bir com pul çıxarıb kişiyə verir. Kişinin sifətinin təbəssümü böyüyür. Qadına ehmalca barmaq silkələyir, yolun qarşı tərəfinə keçib maşınına əyləşir. Qadının onu aldatmaq cəhdi uğursuz olur.

Kişinin ardınca gedirəm. Bu adamı izləmək keçir könlümdən...

Nəvaziş

Sallaqqarın idarə etdiyi "Opel" markalı maşını "Xalqlar dostluğu"nun yaxınlığında, "Babək" prospektinə enən yerdə dayanır. Düşür və metro istiqamətində gedir. Mən də onun ardınca maşınımdan enərək gedirəm. Kişi metronun çıxacağında avtobusların dayandığı yerdə dayanır. Az keçmir, 13-14 yaşlı üstü-başı cırıq, qolu dirsəkdən yuxarı bağlı bir oğlan uşağı ona yaxınlaşır. Sallaqqarın uşağın saçını tumarlayır. Oğlan uşağı əlini şalvarının arxa cibinə salıb təxminən 30 manata yaxın pulu ona verir. Üzünə baxıb gülümsəyir. Sallaqqarın uşağın arxasına ərklə yumşaq şillə vurur, yəni, get işinlə məşğul ol. Oğlan sarıqlı qolunu boynundan asılan güllü yaylığın içinə salır. Yazıq görkəm alıb özünü adamların qələbəliyinə verir.

Bu minvalla iki uşaq da Sallaqqarının sığalından məmnunluq duyur.

O mənim atamdır

Kişi kimə isə zəng edir. Yaxın gəlirəm. Danışığından məlum olur ki o, kiminləsə mütləq görüşməlidir. Amma telefonda danışdığı adamın dediyi yerə gəlmək üçün o, mütləq evə dəyməlidir:

- And olsun bu əziz günə, belə gələ bilmərəm. Mütləq evə dəyməliyəm...

Və tələsik maşınını saxladığı yerə tərəf gedir. Onu söhbətə tutmaq imkanım olmur.

Qolu sarıqlı oğlanın yanına qayıdıram. Yanıma çağırıb, adını soruşuram.

- Adım nəyinə gərəkdir, neynirsən mənim adımı?

Sonra da yazıq görkəminə bir az da məzlumluq verir:

- Anama dərman pulu yığıram.

Cibində "Vest" siqareti görünür. İşarə edib, deyirəm:

- Siqaretə pul verincə, dərmana saxlayadın da...

Sözümün ardına qulaq asmaq istəmir. Aralanmaq istəyəndə "yaralı" qolundan tuturam. Bir anın içində qışqırığı aləmi götürür:

- Ay dədə, öldüm, sınıq qolumu sıxdın, indi qanayacaq...

Bir anda ona qahmar çıxanlar tapılır. Məni qınayırlar:

- Saç-saqqalından utanmır, yetimi incidir.

Bu yetimin qolunun sınıq olmadığını, indicə diləndiyi pulu bir nəfərə verdiyini desəm də, mənə fikir verən olmur.

- Bu uşaq və başqaları bir şəbəkənin üzvləridir. Bunları küçəyə salıb diləndirirlər, - deməyim özümə qalır.

Uşaq isə uzaqdan:

- Yalançının... O mənim atamdır. Anama dərman alması üçün ona pul verdim, - deyir. Qolunun sınıqlığı yadından çıxıb, əlinin arxası ilə üzünün çirkli tərini silir.

O, pis adam deyil

Metronun yanına qayıdıram. Qadının oturduğu yerə yaxınlaşıram. Əvvəlki yerində oturub. Qarşısında yemək var. Pomidor çığırtması yeyir. Adamlar yenə də onun qarşısındakı plastik qaba pul atır. Artıq verilən pullar fitrə pulu deyil. Güman ki, fitrəsini çıxaranlar artıq tükənib. Bu dəfə isə qaba ancaq qəpiklər daxil olur. Qarının sifətində donuq, lakin bir qədər rahat ifadə var. Görünür, yediyi yeməyin mədəsinə verdiyi rahatlıq onu toxtadır. Yeməyini yeyir, torbasından balaca termos çıxarıb özünə çay süzür. Yaxınlaşıb salam verirəm:

- Necəsən, ay xala, nuş olsun.

- Sağ ol, ay oğul.

- Bayaq o kişi kim idi qanını elə qaraltdı, pullarını əlindən alıb apardı. Əsəbiləşdim yaman. Əziz gündə, camaat sənə fitrə verir, o isə əlindən alır.

Qadın yazıq görkəm alıb sifətimə baxır. Çay stəkanını dodaqlarından ayırıb:

- O, pis adam deyil... mənə çox kömək edib. Qoca arvadam, pensiya kartımı da itirmişdim. O, təzəsini aldı.

- Adı nədir o yaxşı adamın? Bir nəfər adam var, pensiyaya çıxa bilmir, kömək edərdi.

- Adı Abuzərdi. Lap əvvəl milisyədə işləyib. Ona görə dostları çoxdur. Tapşırıb, bizə dəymirlər.

- Bizə deyəndə, siz neçə nəfərsiz ki... burda təksən axı.

- Başqa adamlar da var. Onların arxasında durur. Çoxdur, dədəsiz-nənəsiz yetimlər. Əllərini çörəyə çatdırır. Sonra da adlarını "uçilişə" yazdırır, dərsə də gedənlər olur. "Dokument" alırlar, adam olurlar, əsgər də olurlar.

- Axı, gördüm, sən ondan pul gizlədirdin, o tapdı, çıxartdı. Siz onun üçün işləyirsiz?

- Yox, özümüzçün işləyirik. Ona da pul veririk. Axşam gəlib maşınında aparacaq bizi. Səhər tezdən də gətirib ya bura, ya da başqa yerə qoyacaq.

Qadınla söhbətimiz çox da uzun çəkmədi. Başa düşdüyüm o oldu ki, bu adam kimsəsiz olduğuna, övladları tərəfindən atıldığına görə belə işbazların himayəsi altında dilənçilik edir. Acınacaqlı idi...

Tarix
2014.07.31 / 09:58
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla