Yuxarı

Demokratiya nəyi dağıdır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Demokratiyanın Kopernik inqilabı"

Plyuralizm sadə düşüncə fərqləri deyil

İnsanlar düşüncələrinə görə bir-birindən az və ya çox dərəcədə ayrılırlar. Bu həmişə olub. Ancaq demokratiyanın plyuralizm prinsipi hər hansı fikir ayrılığının "yaşamaq" haqqını qorumur. Sovet mədəniyyətində tənqid və özünütənqiddən çox danışılırdı. Bu, fikir fərqlərinə haqq qazandırırdı. Di gəl, heç kim Sovet toplumunun plyuralistik adlandırmırdı. Nədən ki, həmin rejimin düşüncə məsələsində demokratiyadan bir köklü fərqi vardı. Demokratiya, sadəcə, düşüncə fərqlərinin yox, bir-birindən uzaqda duran ən yad ideolojilərdən doğan fikir fərqlərinin yaşamaq hüququnu qoruyurdu. Bu səbəbdəndir ki, demokratik toplumlarda demokratiyanın əsl düşməni olan kommunist ideolojisinin də qəzet-kitabları çıxır, deputatları parlamentə seçilə bilir.

Plyuralizmin gərəkliyi

Demokratiya plyuralizmə toplumda düşüncə, ideya yaradıcılığının çox güclü qaynağı kimi baxır. Plyuralizmin xeyrinə deyilən bu arqumenti Azərbaycan cəmiyyəti yaxşı bilir, onun üçün də yazımda amacım həmin tezisi təkrar etmək deyil.

"Plyuralizm" latınca çoxluq deməkdir. Anadolu türkləri "plyuralizmi" elə beləcə də dillərinə çeviriblər: "çoxculluq". Pluyralizm yalnız bir-birinə ağıllı fikir demək "gözəlliyi" deyil. Plyuralizm çoxlu konfliktlər, intriqalar, pərtçiliklər törədir. Sonucda prinsip qatında plyuralizm nə qədər bəyənilsə də, işdə onu sevmək asan deyil. Plyuralizmi, çoxluğu biz çox vaxt dağılma, deqradasiya sayırıq, ona görə də birlikdən danışmağı sevirik. Hansı tarixi köklərdən gəlir bizim bu baxış? Mentalitetimiz üçün bu soru önəmli olduğu üçün onu düşünək.

Kopernik inqilabi

Ərəbcənin "inqilab"ı, latıncanın "revolyusyon"u "devrim" deməkdir. Kopernik də astronomiyada devrim etmişdi. Ondan qabaq demişdilər ki, Yer yerində qalır, Günəş onun başına fırlanır. Kopernik isə fırlananla fırlanmayanın yerlərini devirib dəyişdi. Günəş yerində qalan, Yer onun başına fırlanan oldu. Kopernik iezuitlərin gözündə düz olanları tərsinə çevirdi. (devirdi) Sonrakı elm isə bildirdi ki, əslində, tərsinə çevirənlər iezuitlərin özü idi. Kopernik devrimi tərs salınmışları yerinə qaytardı.

O çağdan "Kopernik devrimi" metafora kimi elmdə bütün prinsipial dəyişmələri bildirir. Beləcə, Kantın da fəlsəfəsi metafizik düşünüşdə Kopernik devrimi, inqilabı sayılır.

Çoxculluğa universal nifrət

Çağdaş dünyada demokratiya haqqında çox yazıblar, yazırlar. Ancaq demokratiyanı anlamaq üçün bir addım da atıb onu siyasətdə, mədəniyyətdə, siyasətşünaslıqda Kopernik devrimi adlandırmaq gərək. İndi baxaq görək, Demokratiya insanların alışqanlığında düzülmüş nələrin yerini dəyişdi ki, Kopernik devrimi oldu.

Platondan başlayaraq, Plotində, Orta çağ neoplatonik fəlsəfədə, müsəlman mədəniyyətinin İbn Sina, əl-Fərabi, Bəhmənyar, Nəsirəddin Tusi kimi filosoflarında bir filosofem (dəyişməz fəlsəfi motiv) vardı: Allah Bir Olandırsa, ondan çıxan, emanasiya edən, nurlanan dünya aşağı açıldıqca budaqlanır, xırdalıqlara paylaşır, bir sözlə, çoxcullaşır. Tanrı konusun zirvəsi kimidir, dünya isə aşağıya doğru pillələrin genişlənməsidir. (genişlənmə isə çoxluğun artmasıdır)

Bu fəlsəfi "tikilidə" Tanrının simvolu Bir, dünyanın bildiricisi isə Çoxluq idi. Konstruksiyanın əxlaqi-psixoloji açımları çoxluğa müxtəlif mənfi dəyərlər verirdi. Çoxalma Birdən uzaq düşmədir, korlanmadır, didişmədir, pisləşmədir. Ona görə də neoplatoniklər, sufilər Allaha qayıdışı çoxluqdan qurtuluş kimi görürdülər. "Allahı sevmək Birə, Vəhdətə qovuşmadır" deyirdilər.

Çoxluğa fikri dağılmış sufilərin aqibətini Cəlaləddin Rumi belə açırdı: uzun (yəni çox) saqqal sufilərə xoşdur, di gəl, sufi saqqalına qulluq edənəcən Arif Allaha qovuşur.

Əslində, Təkdən çoxluğa keçidin bəla olması fəlsəfədən qıraq düşünüşdə də vardı. Əski toplumlardan bəri birin çoxa bölünməsi bəla sanılırdı. Şekspirin Kral Liri, Balzakın Qorio atası varlarını bölməklə bəlaya düçar olmuşdular. Ancaq bütün bunlar bir qırağa, bütün Azərbaycan toplumu yumruq kimi birləşmək arzusunda əski inanışların, Platon, Plotin, Fərabi sübutlarının çərçivəsində qalırlar. Demokratiya məhz bu möhtəşəm birlik, anti-çoxluq qurğusunu, tikilisini devrimə düçar etdi, devirdi.

Çoxculluğa taybatay açıq mədəniyyətlərdə dövlətin çətin durumu

Totalitar və avtoritar toplumların siyasi pafosunu belə formulə etmək olar: azaltmaqla (daraltmaqla) şiddətləndirmək. Beləcə, su axarını boğanda fışqırtı yaranır.

Demokratiya pafosunun formulası: çox nəsnə gətirmək üçün çox nəsnədə gəlmək lazımdır. Məhz buna görədir ki, demokratiya çoxluqdan çəkinməməyə, qorxmamağa məhkumdur. Məhz buna görədir ki, demokratiya hətta hakimiyyət, toplum qatlarını bir zirvəli konus formasından çıxarır.

Totalitar sistemlər toplumda "Allah-dünya" və ya "Baş-bədən" rejimini yaratmaq istəyirlər. Bu zaman toplumun zirvəsi bir nöqtə (prezident, kral…) olur. Toplumda yerdə qalanlar isə bu zirvə nöqtəsindən aşağı düşdükcə genişlənən və dəyəri azalan çevrələr olur.

Demokratiya hakimiyyətdə "zirvə nöqtəsi" simvoluna güclü zərbə vurur. Konus strukturunu dağıdır. Toplumun yuxarı başı bir zirvə nöqtəsinə çatıb dayanmır. Zirvədə hakimiyyət bölgüsü getdiyi üçün üç dairə – bir yanda prezident yönətimi, o bir yanda parlament, üçüncü yanda isə Ana Yasa məkəməsi qərar tutur.

Bu duruma görədir ki, demokratiya çətin rejimdir. Bu çətinliyə görədir ki, demokratiya şəraitində konfliktləri zorakı olmayan yollarla çözmək, ağızları yummadan qələbə çalmaq texnikasını yüksək səviyyədə mənimsəmək siyasi liderlərin, partiyaların çox ciddi problemi olur.

Tarix
2014.08.06 / 12:19
Müəllif
Niyazi Mehdi
Şərhlər
Digər xəbərlər

İslamın ən ciddi problemi müsəlmanlardır

Balaca adamın böyük görünmək effekti

Dahiliyə yaxınlaşmış adam

İblisanə güclər

“Şok! Şok! Şok!”

Şüurun heç nəliyindən

Meracda Allah peyğəmbərə nə dedi?

Dində islahatlara qarşı

İbadətin “qıl körpüsü”

Ateistə cavab: Atın dini olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla