Yuxarı

Xalqa dərs keçmək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidlə necə davranmalı?

"Yazarlarımız xalqa dərs keçməkdə, ona ağıl öyrətməkdə düzmü eləyirlər?" Bu sualın cavabında Həmid Herisçinin yazarlarımızın bir qismini didaktikaya meyillənməkdə ittiham edən açıqlamasından xeyli nəticələr hasil ola bilərdi.

Nədən ki, maraqlı mövzuydu. Bu mövzunun ucundan tutub Axundovacan, Sabirəcən, Hacıbəyovacan, Mirzə Cəliləcən gedib-qayıtmaq olardı, maarifçilik ənənələrini saf-çürük eləmək olardı, nəsihətnamə janrının topluma təsirini ölçüb-biçmək olardı. Bəlkə də, məlum olardı ki, Həmid Herisçi haqsızdır, yəni camaata ağılı elə yazarlar verməlidir və bəlkə də, xalqın tənqidinin faydasızlığı, əks-effekt verməsi qənaətinə gəlmək olardı.

Amma olmadı. İttiham edilən yazarların bir neçəsinə ağız açsaq da, onlar Həmid Herisçiylə debata gəlmədilər. Dedilər ki, biz ona baş qoşmuruq.

Azərbaycan ədəbi-mədəni mühiti tənqidlə necə davranmağı hələ də bilmir. Özümüzü Tənqidlə rəftarda çox gülməli vəziyyətlərə salmaqda. Biz gah bizi tənqid edənə "baş qoşmuruq", gah tənqidi yazını FB-də "yəni vecimə deyil" pozasında paylaşıb yanına bir gülüş işarəsi qoyuruq, gah da "mənə qarşı kampaniya aparırlar" deyə səs-küy salıb özümüzün incidilmiş obrazımızı yaratmağa çalışırıq. İçimizdəsə, siyasi ekspertlər demiş, tamam fərqli proseslər gedir: əsəbiləşirik, cırnayırıq, çırpınırıq, çırmanırıq, yanırıq, sönürük, tənqid müəllifinə qarşı düşmənə dönürük...

Mən başqalarını sağa da, sola da tənqid edən yazarlarımızın əksərini növbə özlərinə çatanda qorxaq gördüm, xırdaca bir iraddan sarsılan gördüm, müvazinətini itirən gördüm, panikaya düşən gördüm, kövrələn gördüm, əsən gördüm, inciyən-küsən gördüm.

Yəni bu adamların əksərini Keçəl Həsən gördüm.

Cavanların tənqiddən sarsılmasını, küsməsini anlamaq olar. Ki, insafınız olsun, hələ təzə başlamışam, aman verin, siftəmi eləyim, qolumu-qanadımı sındırmayın. Bəs ədəbi-mədəni mühitdə sözü sözlər görmüş yaşlı-başlı adamlar nədən özlərini tənqid qarşısında belə dəymədüşər aparmaqda?

1937.az saytının hələ ki anlamadığı da məhz budur: bir tənqidə görə saytdan üz döndərən yazıçıya, şairə, hətta tənqidçiyə hansı sahədən baxaq: məsələ psixolojidirmi, sosiolojidirmi...? Necə edək ki, ədəbi-mədəni mühitdə tənqidin könül rahatlığıyla qəbul olunacağı bir ortam yaradaq? 1937.az olaraq bunu edə biləcəyikmi?

İki yol var: birinci odur ki, tənqidin təhlükəli bir şey olmadığı haqda bu dəymədüşərlərçün silsilə maarifçi yazılar yazaq. İkincisi odur ki, tənqidə qarşı aqressiv olanların tənqidini, doğrudan da, kampaniya şəklində həyata keçirək. Yəni bu adamları "döyə-döyə", nəhayət, alışdıraq tənqidə, nəhayət, onların canından tənqid qorxusunu məhz tənqidin dozasını artırmaqla çıxaraq...

İkinci yol barədə zarafat eləyirdim. Bəlkə də, yarızarafat.

Tarix
2014.08.18 / 15:52
Müəllif
Salam Sarvan
Şərhlər
Digər xəbərlər

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

"Camaat nə deyər?" prinsipi...

Fikir müharibələri - 1

Bu toplumu özbaşına buraxsan...

Xiyar məsələsi - Məzəli

Pozğun bir yazı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla