Yuxarı

Əmisinin namusunu qorumaq üçün küçələrə düşən Nübar

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu zavallını bu günlərdə Dərnəgül yolunun üstündəki inşaat materiallarının topdan satış bazalarının birinin həyətində gördüm. Söhbət etdim, həyat hekayəsini vərəqlədim və ürəyim ağrıdı. Son günlərimin acısının üstünə bu tifilin də ağrıları əlavə olundu...

Hər kəsin öz ağrısı

Həm də bu bədbəxt səfilin sifətinin cizgiləri mənə çox tanış gəlmişdi. Çəkdiyi ağrıdan gözləri qıyılmışdı. Sol əlini, yuxarı qaldırdığı sağ ayağının dabanına sürtürdü.Ufuldayır və eyni zamanda ətrafdakı insanlara baxırdı. Bu baxışlarla ətrafdakı insanlarda özünə qarşı mərhəmət hissinin olub-olmamasını yoxlayırdı, sanki...

Bir qədər kənardan seyr edirəm və insanlar o qədər də fərqli deyil, düşünürəm. Ağrılar müxtəlif olsa da...

Hər kəsin öz ağrısı var, hər kəs o ağrını bir cürə çəkir. Kiminin ürəyi ağrıyır - bu ağrısını ürəyində səssiz çəkir, kimi isə dilinə gətirməklə. Diş ağrısı, baş ağrısı və digər ağrılar. Hissin, duyğunun da ağrısını çəkənlər az deyil, ruhu əsir düşüb, ruhunun incidildiyindən əzab çəkənlər də eləcə...

Tək çəkilən ağrı

Bəs bu yavrunun, çocuğun, qız uşağının üzündəki bu acı ifadə haradandır? Niyə axı bu ifadə mənə bu qədər tanış gəldi? Niyə mənim də üzümdə bu ifadələr onun ağrısını çəkirmişəm kimi kök atdı və gözlərim qıyıldı? İstər-istəməz bu ağrını çəkməli oldum. Niyə?!

Hə, yadıma düşdü.Uşaq olarkənkəndin örüşündən keçərkənsəndəldən ayağıma "doluşan" qara tikanların ağrısı idi bu. Bax, onda da mən bu zavallı çocuq kimi ayağımın birini yuxarı qaldırıb tikanları çıxarır, özümdən yaşca böyük olan kənd uşaqlarına yalvarışlı baxışlarla baxırdım ki, məni heç olmasa bu tikanlıqdan keçənə qədər eşşəklərinin tərkinə götürsünlər... Amma o ağrılarla tək, baş-başa qalmışdım...

-Ayağına talaşa batıb? –yaxınlaşıb soruşuram.

Gözlərini əllərimin hərəkəti istiqamətində gəzdirir. Köynəyimin cibindən siqaret çıxarıram. Siqaretin ilk qullabına qədər susqun halda gözümə baxır. Sonra bir qədər qabaq verdiyim suala sualla da cavab verir:

-Talaşa nədir?

Bu uşaq "talaşa" sözünü bilməyə, talaşanın nə olduğunu bilməyə bilər. İzah verirəm:

-Talaşa taxta qırıntısına deyilir. Ayaqqabın yoxdur, burada da taxta doğranır, qırıntılar var. Bəlkə ayağna batıb? Dayan baxım.

Qarşısında çömbəlirəm. Hələdə yuxarı qalxızıb, sol əliylə tutduğu sağ ayağının topuq nahiyəsindən tuturam. Qartmaq bağlamış daban bir neçə yerdən çat verib. Çatların arasına taxtanın rəndənin ağzından çıxmış narın tozu dolub. Azyaşlının dabanının çatlamış dərisinin arasındaxırda, ucu şiş çınqıl parçasının da özünə yer eləməsi onun çəkdiyi ağrının əsas səbəbidir. Eynən maşın təkərlərinin arasına girən daşlar kimi idi çınqıl parcası. Daşın yuva saldığı yerin kənarında qan vardı. Toza bulaşmış bu dabandan daşı dırnağımla çıxartdım. Qızın ufultusu ilə çınqılın yerə düşən xəfif səsi eyni anda baş verdi. Ayağını pəncəsi üstə yerə qoydu. Amma hələ də gözlərimə baxırdı.

Birdən "zarajeniya" verər

Söhbətə tuturam:

- Adın nədir?

Şalvarının arxa cibindən çirkli və yumrulanmış dəsmal çıxarıb tüpürcəyi ilə isladır, ayağını qaldırıb dabanının qurumuş qanını silir, sonra da mənə:

-Dayı, sən doxdursan? – deyə soruşur.

Deyəsən axı, söhbət etməyə meyillidir – düşünürəm və gülümsəyirəm:

-Yox, doktor deyiləm. Niyə soruşdun ki?

-Dedim birdən yaram zarajeniya verər, səndən soruşum, - dedi və adını soruşmağımı cavabsız qoyduğunu indi xatırladı:

-Adım Nübardır.

İşləməyə gəlmişəm. Mən işləyirəm...

Burada hər tərəfində təmir və tikinti və söküntü işləri gedən şosesinin üstündə yerləşən inşaat matreallarının topdansatış məntəqəsinin həyətində, səhərin gözü təzə açılmış bir zamanda bu qızın burada nə işi var axı, fikri mənə rahatlıq vermədi:

-Nübar, burda nə gəzirsən? Axı bura yaşamaq, yatmaq yeri deyil.

-Yox e, əmi (indi də "əmi" deyib müraciət edir), mən burada yaşamıram ki. İşləməyə gəlmişəm. Mən işləyirəm...

- Qız, axı sənin işləmək vaxtın deyil, özü də burada kişilər işləyir, işdə ağırdır. Üst-başında, ayaqların da çirklidir. Heç olmasa ayağına bir şey geyəydin. Yəqin əynindəki sənin iş paltarındır, təmizləri də var.

Qız əlini üst-başında gəzdirir. Barmaqlarının arası qartmaq bağlayıb. Bir neçə günün tozu boyun-boğazının tərinə qarışaraq daşlaşıb elə bil.

-Təmiz paltarım yoxdur. Yuya bilmirəm. Ona görə də çirklidir.

-Sən demədin axı, harada yaşayırsan, kimdir valideyinlərin, neçə yaşın var?

-4-cü sinifə gedəcəm. Əmimin arvadı deyir ki, dərsə getmə. Mən də evdən qaçmışam. Əmimgildə qalmayacam.

- Əmin arvadının oxumaq qadağasına görə evdən qaçdın?

Əmimin arvdı məni incidirdi

Ayağının ağrısı kəsib deyəsən. Sifətindəki əzabın cizgiləri yoxa çıxıb, gözləri dumdurudur. Kirpiklərinin ətrafındakı toz bu duruluğu daha çox nəzərə çarpdırır. Elə səsindəki ürkəklik də yoxa çıxıb. İndi ürəkli danışır:

- Əmimin arvdı məni incidirdi, ona görə də evdən qaçdım. O, əmimi də aldadırdı... Axı məni əmim saxlayırdı.

Suallara cavab versə də, həyat hekayəsini danışmaq istəmir. Onu öyrənə bilirəm ki, atası burada yoxdur, anasını isə iki il olar görmür.

Nübar yorğundur. Amma bu yorğunluq illərin yorğunluğu deyil. Nə yaşayıb ki! Bu yorğunluq onun kövrək çiyinlərinə zamanın yüklədiyi ağır, özü də çox ağır və acı yükün yorğunluğudur. Yaşadıqları onun alın yazısıdır. Alnı isə bütün bədəni çirk-pasağın içindədir. Ona görə də bu biçarənin alın yazısı insanlar tərəfindən oxuna bilmir. Hər kəs özü bildiyi kimi...

Pulum olsa piano alacam

-Nübar, oxumaq istəmirsən?

-Nə oxumaq? Mahnı? Yox, pulum olsa piano alacam. Evim olsa, qoyacam evimə.

-Olar inşallah. Məktəbə get, oxu, çıx bu zibillikdən. Amma demədin harada, kimin yanında qalırsan, burada hansı işin qulpundan yapışırsan.

Küləyin gətirdiyi toz gözlərinə dolur. Yumruqları ilə gözlərini ovur. Baş barmağını ağzına salıb dili ilə isladır. Gözlərini silir. Tez oturduğum yerdən qalxıb, maşından daima içmək üçün gəzdirdiyim plastik su butulkasını götürürəm:

- Al bunu. Ya da su töküm əl-üzünü yu.

Burdakı əmilər, pis əmilərdi

Çiyinlərini çəkir. Razı olmur. Sonra qorxaq, ürkək halda mənə baxır. Yavaş, heç kəsin eşidə bilməyəcəyi səslə, pıçıltı ilə dillənir:

- Dayı, sən burda işləyəcəksən? - əlini boy-boya vermiş dəmir, taxta, başqa inşaat matreallarının cərgələndiyi ətrafı göstərir, cavab gözləmədən deyir: – burdakı əmilər pis əmilərdi, dayı.

-Yox, burada işləməyəcəm, bəzi şeylər alacam. Çox tez gəlmişəm, indi gözləyirəm satıcılar gəlsin, alım. Sən niyə mənə gah əmi, gah da dayı deyirsən? – guya araya şuxluq salmaq istəyirəm.

- Əmi demərəm sənə. Dayı deyəcəm. Əmilər pis olur, incidir qardaşlarının uşağını. Arvadlarına söz demirlər...

- Sən yaxşı əmi görməmisən də... Əmilər də dayılar kimi həm yaxşı, həm də pis ola bilər. Axı Nubar, heç demədin burda nə iş görürsən.

Bir neçə dəfə verdiyim suala cavab vermir, yayınır. Məni də maraq bürüyüb. Sualı təkara-təkrar verməkdən çəkinmirəm:

- Hə, Nübar...

- Mən səni heç tanımıram axı. And iç ki, məni aldadıb uşaq evinə aparmayacaqsan.

Kişi mənə maşınını yuduzdurdu

- Uşaq evi? Bu hardan çıxdı? Sən niyə belə fikirləşirsən?

- Dünən buradan taxta alan bir kişi mənimlə söhbət etdi. Maşınını yuduzdurdu. Sonra dedi, qızım, sabah adam var, deyərəm, gəlib səni uşaq evinə aparar, yığışarsan buralardan. Amma mən getmək istəmirəm. Dayı, bəlkə sən həmin adamsan?

- Yox, mən o adam deyiləm. Maşınını yuduğun adam sənə pul verdi?

- Yox, vermədi. Buranın müdürinə dedi ki, bu qız yazıqdır, işlədirsiz, heç olmasa yedizdirin, içizdirin.

Sən də qızları istəmirsən?

Sonra yenə inamsız şəkildə əlavə etdi:

- Dayı, and iç ki, sən o deyilsən.

- Oğlumun canı üçün...

Elə and içmişdim ki, diksindi. Bir addım geri getdi.İnamsız halda üzümə baxdı:

-Dayı, sən niyə qızının canına yox, oğluna and içdin? Qızın var? Səndə qızları istəmirsən? Mənim əmim qız uşaqlarını istəmir...

- Yox, mənim balam, mən qızımı da, oğlumu da çox istəyirəm. Sənin anan-atanda səni, qardaşın varsa onu da çox istəyir yəqin.Görünür, sənin yerini bilmirlər.

- Bilirdilər – dedi, sonra da kənardakı daş parçasının üstündə oturdu, - bir azdan gələcəklər...

- Kim gələcək?Ata-anan?

Ləzzətlə gülür:

-Yox e, buranın işçiləri. Mən də onlara çay qoyacam, ofislərini süpürəcəm, stəkanları yuyacam, sonra da yemək yeyəcəklər, qabları yuyub, gedəcəm.

- Hara gedəcəksən?

- Ora, - əlini Dərnəgül şosesinin əks tərəfinə uzadır. - Söküntülər olan ev var ha, orda qoca nənə ilə qalacam. Ona da yemək aparacam. Amma iki gündür gedib oğlugilə, nəvələrini görməyə. Sabah, ya da axşama gələcək.

Böyüyüb anandan artıq olmayacaqsan ki

- Nübar bax, sən mənə dayı deyirsən, amma dayına demirsən anan, atan haradadır...

- Atamı bilmirəm haradadır. Deyəsən Urusyətə gedib. Anam isə kafedə işləyirdi. Əmim dedi ki, qız uşağını onun yanında qoya bilmərəm. Sonra da əmimin arvadı məni hər gün döydü. Dedi, böyüyüb anandan artıq olmayacaqsan ki... Əmim də deyirdi ki, itdən süd əmən, elə it olacaq, böyüyüb papağımızı yerə soxacaq... Mən də evdən qaçdım.

- Bayaq dedin, burdakı adamlar pisdir. Niyə?

- Pis deyillər e... Söyüş söyürlər.Sonra məni lağa qoyurlar, zarafat edirlər. Amma məni çox istəyirlər. Deyirlər, sənin dədən kişi deyil..

Nubarla, bu balaca səfillə söhbətimiz çox çəkdi. Doğrusu, onu danışdırmaqdan yoruldum da. Çətin və qorxaq danışırdı. Onun həyatından öyrənə bildiklərimi yaddaşıma, yaddaşımdanda bu yazıya köçürdüm. Söhbətimdən məlum olan o oldu ki, atası çörək dalıyca gedib və əmisi arvadının qonşu arvadlarına söylədiyindən uşağa aydın olub ki, getdiyi yerdə özünə xoş güzəran qurub, bu isə onlara baş ağrısı olub. Anası isə balasını və özünü dolandırmaq üçün kafedə işə düzəlibmiş. "Anama kafedə hamı Elza Seyidcahan deyirdi, axı ö gözəldir", - deyən Nübarın dediklərindən aydın oldu ki, qaldıqları evin kirayə pulunu verə bilmədiyinə görə anası işlədiyi kafedə də gecələyirmiş. Qızını da özü ilə aparıbmış. Günlərin bir günü əmisi dostları ilə kafedə yeyib-içərkən bunları görüb. Qardaşı arvadını döyüb, qızı isə götürüb evə gətirib. Anası da, elə Nubar da bundan razı qalıb. Sonradan əmisi arvadı uşağı incidib, yola verməyib. Əmisi bir gün xəbər gətirib ki, anası işləyən kafe yol kənarında olduğu üçün plana düşüb və sökülüb. Onu, soraqlayıb, amma tapmayıb. Bir-iki aydan sonra isə anasından xəbər gəlib ki, hansısa kafedə qabyuyan işləyir. Əmisi onu tapıb. Qadın yalvarıb ki, öz balanızdır, saxlayın, mənim yanımda qala bilməz. Nəslinizin adına ləkə gələr:"Mən axı onu necə saxlayım? Elə bilinki, ölmüşəm".

Əmisi arvadına deyib ki, uşaq bizimlə qalacaq. Lakin əmiarvadı hər gün uşağı incidib və ərinə uşağı gözdən salmaq üçün bəhanələr uydurub. Əliəyridir, balaca uşaqdır, oğlanlarla oynayır, kişi söyüşləri söyür və sair... Əmisi də bu qızın onların adına ləkə gətirməsindən ehtiyat edib: "Adımız, arımız, namusumuz var..." – deyib.

Nübar evdən qaçmaqla əmisinin adını, arını, namusunu qoruyub...

Tarix
2014.09.02 / 09:35
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla