Yuxarı

Bir zamanların toylar kralı, indinin bosmanı - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir vaxtlar toyların əlindən qaçırdım. İndi isə dost-tanış ayda 1-2 toya ya çağıra-çağırmaya. Biz bu zəmanənin adamı ola bilmədik. Ayaqlaşa bilmədim. Necə deyərlər, hər aşiqin öz dövranı. Ailəmə, balalarıma qurban verdim hər şeyi".

Bu sözlər müsahibim Azad Əliyevindir. Bu ad oxucuya sözsüz ki, heç nə demir. Azadı yaxınları, dostları və bir də toylarını etdiyi cütlüklər yadında saxlamış ola bilər.

Unudulmadım

"Gerçəkləşməyən arzular" layihəsində söhbət edərkən o, bunları da dedi:

- Unudulmadım. Qaçqın düşdük. Gəldim Bakıya və burada toylara getməyə başladım. Buranın mühiti isə tam fərqli idi. Uyğunlaşa bilmirdim.

Azad 1952-ci ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olub. dediyinə görə, hələ uşaq vaxtından səsi ilə çoxlarını təəccübləndirib. Səsi-sorağı Füzulidə və ətraf rayonlarda tez yayılıb. Ustad Ağaxan Abdullayevdən dərs alıb.

Gəlin, tələsməyək, onun həyat səhifəsini vərəqləyək, gerçək olmayan arzularının sorağına düşək. Hələlik isə bu gününü yazaq.

İndilər Xəzər Dəniz Neft Donanmasında işləyir. "Atlet-2" gəmisinin bosmanıdır. Bosman olanda nə olar - səsi yerindədir, imkan düşdükcə zümzümə edir. Dənizçi dostlarının da sözünü yerə salmır. "Sənsiz"i isə mənim şərəfimə ifa etdiyini zarafatla deyir.

Azadla layihəmiz üçün etdiyim söhbət elə onun işlədiyi gəmidə baş tutdu. Geniş, işıqlı səliqəli kayutda üz-üzə oturmuşuq:

- Azad, necədir vəziyyət? Deyəsən dəniz səni hər şeydən təcrid etdi, toy, çal-çağır tarixin arxivinə gömüldü.

- Yox, niyə ki, ara–sıra oxuyuram. Toysuz millətimizin günü olmasın. Bu da işimdir də. Neyləyim, işləməsək olmur.

62 yaşı var, amma hələ də utancaq adamlar kimi danışır. Elə bil sənət aləmində, elə indi işlədiyi dəniz mühitinin havası yel olub, ondan yan keçib. Onu ötənlərə qaytarıram:

- Bir vaxtlar çox populyar olubsan. Rayonda toylar, Filarmoniyada konsertlər, amma sanki hamısı yuxu olub.

- Niyə yuxu? Gerçək həyatım olub... - deyib fikrə dalır. Sonra razılaşır mənimlə: - Amma düz deyirsən, indi yuxuda yaşayıram elə bil. O günlər isə lap yaxındır. Səsimdən gileyim yoxdur, öz yerindədir. İstənilən müğənni ilə meydana girə bilərəm. Düzdür, mənim pulum-param yoxdur ki, mahnı yazdıram, efirə pul xərcləyəm. Qırxıq gədələr də doldurub hər yeri. Baxma, içərilərində oxuyanlar da var. Amma çoxu musiqinin nə olduğunu bilmir.

- Bəlkə bu gün toylarda tələb olunan mahnıları ifa edə bilməyəcəyinin qorxusundan toylara getmirsən?

- Yox, toy-toydur da. Hər kəsin öz repertuarı, oxuduğu mahnı janrı var. Doğrudur ki, mən rok oxuya bilmərəm, amma muğam, təsnif, bəstəkar mahnıları ifa edərəm. Toyları isə düşünürəm ki, çox gözəl yola verərərəm. Toylarda böyümüşük də...

- Uşaq vaxtlarından oxuduğunu dedin. Amma səs öz yerində, bəs kim sənə dəstək oldu, yol göstərdi?

- Ustad Ağabala Abdullayevdən ustad dərsi aldım. Elə məni ilk dəfə toya da o apardı. Dedi, oğul, hazırlaş toya gedəcəyik. İmkan yaratdı. Oxuyub özümü tanıtdım. Toyun sonunda pul verdi. Götürmək istəmədim: "Sizinlə bir yerdə oxumaq şərəfdir", - dedim. Güldü, "zəhmətinin bəhrəsidir", - deyib, bir dəstə pulu qoydu cibimə. Bu toydan sonra mənim toylarım başladı. Özümə dəstə topladım.

- Bu gün sənin kimi məcburi köçkünlər çoxdur. Rayondan gəldilər və efiri aldılar. Sən xaraktercə zəifsən deyəsən?

- Zəif deməzdim. Əslində, başqa xarakter sahibiyəm. Düzdür, mənimlə çiyin-çiyinə toya gedən müğənnilər daha da məşhurdur. Hamısının öz yolu var. Amma Füzulidə toyların 60 faizini mən aparırdım, heç boş vaxtım da olmurdu.

- Məsələn, kimdir onlar?

- Hamısı. Səyyad Əlizadə, Manaf Ağayev, Nadir Bayramlı və başqaları. Səyyad mənim xətrimi çox istəyir. Bu yaxınlarda bir toyda görüşdük. Qolunu açıb üstümə gəldi: "Necəsən? Nömrəm həmin nömrədir. Zəng elə, gəl studiyada mahnı yazdır. İtmə", - dedi.

Nadir dəstəmdə nağara "döyüb"

- Bəs Manaf Ağayev, Nadir Bayramlı, onlar deyəsən istiqanlı deyillər.

- Yox, nə danışırsan! Manaf ayrı aləmdir. Yaxşı sənətkar, yaxşı insandır. O, rayonda başqa dəstədə idi. Zərb alətlərində ifa edirdi. Nadir isə uzun müddət mənim dəstəmdə nağara döyüb. Qımıldanırdı. Arada oxuyurdu, gördüm səsi var. Bir dəfə toylar üst-üstə düşdü. Dedim Nadir, gedib müğənni kimi yola verə bilərsən, get, qorxma. Getdi oxudu və o zamandan da nağaranı qoydu yerə.

- O qədər toylarla özünə gün ağlaya bilmədin...

- Mənə tələbat çox idi. Toyların çoxluğundan qaçıb gəlirdim Bakıda dincəlirdim. 1980-ci ildə "Zabul" instrumental ansamblında idim. Nizami Abdullayev rəhbər idi. AzTV-də, Filarmoniyada konsertlərimiz olardı. İslam Rzayev dəfələrlə ansamblına dəvət etdi. Toylardan macalım olmadı getməyə. Xəstə idi. Getmişdim yanına, dedi, Azad, sən mənə lazımsan. Mən artıq qaçqın kimi Bakıda məhrumiyyətlər içində idim onda...

"Toylar kralı-2" və 2.000 manat

- Niyə axı səsin vardı, toylara gedirdin, yəni puldan korluq çəkməzdin axı.

- Yoldaşım ağır xəstə idi. Qazandığım dava-dərmana, həkimə gedirdi. Bacardığım qədər onu yaşatdım. Populyar ola bilməməyimin səbəbi də bu idi. Mənim vaxtım olmurdu mahnı yazdırım, TV-yə gedim. Onu, uşaqlarımı tək qoya bilmirdim. Həm də rüşvət baş alıb gedirdi. "Toylar kralı-2"-yə getdim. Deyilənlərə görə, çox gözəl oxudum. Münsiflər əlavə tapşırıq verdi. Oxudum. Ayaq üstə alqışladılar. Sonra mənə dedilər ki, ilk 16-lığa düşmək üçün 2 min verməliyəm. Razı olmadım. Pulum yox idi. həm də tapıb verərdim. Amma xeyri nədir. Yenə də ortada pul rol oynayır. Məndən zəifin biri SMS-lə məni qabaqlayacaqdı. Bunu istəmədim.

Bütün verilişlər pulladır

- Musiqi, sonra da dəniz işi. Heç uyuşmur axı. Gününü gəmidə keçirirsən.

- Buranın insanları həm də məni toylardan uzaqlaşdırdı, desəm, səmimiyyətimə inanın. Toya gedənlərin saxtakarlıqlarının məni necə yorduğunu dənizdə bildim. Dənizçilər daha səmimidir. Adamla kobud olanda da kişi kimi hərəkət edirlər. Arxanca danışmaz, riyakarlıq etməzlər. Ona görə də bir qədər ruhum dincəldi. Toylara isə, dedim axı, ara-sıra gedirəm. Esmiralda Hüseynovanın bir musiqisini yazdırdım. Moskvaya toya dəvət etmişdilər, orada oxudum. Çox bəyənildi. Sənət yanğısı içimdədir. Bütün verilişlər pulludur. Dost-tanış deyir e, gedək filan verilişə. Amma bu qədər "tərləməlisən". Mənim tərləməyə imkanım yoxdur.

Arzularım kimi köçkün düşdü

- Azad, arzuların nə idi? Çata bildinmi heç olmasa arzularına?

- 9 nəvəm var. Üç qız köçürtmüşəm. Oğlumu evləndirmişəm. Ev-eşik sahibidirlər. Yoldaşım kiçik qızımın toyunu görmədi. Nisgilli köçdü. Mən bütün karyeramı ona qurban verdim. Qəti də peşman deyiləm. Arzularım isə özüm kimi köçkün düşdü. Çox böyük arzularım vardı. Məmmədbağır Bağırzadə kumirim idi. Onun mahnılarını özü kimi ifa etməyə çalışırdım. Bir dəfə "Ramin" şadlıq evində toy aparırdım. Züleyxa adlı xanım müğənni ilə açılış edirdik. Məmmədbağır içəri keçdi. Məni diqqətlə dinləyirdi. Hər boğaz etdikdə başını tərpədirdi. İfadan sonra mənimlə maraqlandı. Dedi, nə əcəb efirdə görünmürsən. Dedim, imkanım yoxdur. Onda hələ oxunmamış mahnılarını mənə təmənnasız təklif etdi. "Götür oxu", - dedi. Amma yenə də laqeyd oldum. Toydan çıxıb həmişə aptekə, xəstəxanaya qaçırdım. Çox vaxt yoldaşım xəstə olduğuna görə toylardan da imtina edirdim. Yanında olurdum.

Arzum: azad olunmuş yurdumda bağrım çatlasın...

- Dənizdə səni müğənni kimi tanıyırlar.

- Oxuyuram da burda. Səsimi saxlamaq üçün vaxt tapıb zümzümə edirəm. Məni həmyerlim, kapitan Daməd İmanov dənizə düzəltdi. Sağ olsun. Ancaq ən böyük arzum bilirsən nədir?..

Gözlərimin içinə baxıb susur. Sonra qolundakı matros sarğısını astaca açıb stolun üstünə qoyur:

- Faiq, inan, kəsdiyimiz çörəyə and olsun, istəyirəm səsim batsın, oxumaq nədir e, heç danışa da bilməyim. Təkcə torpaqlarımız azad olunsun. Alxanlıda tozlu təpəcikdə oturum, oxumaq istəyim, azad olunmuş yurdumda bağrım çatlasın, ölüm...

Tarix
2014.09.11 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla