Yuxarı

Beyləqanlı Samir türmədə qiyam qaldırdı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türmə əhvəlatları" layihəsində

Nemesdən sonra CÇM-də Beyləqan rayonundan olan Samir qiyam qaldırmaq istədi. Soyuq qış günüydü. Tibb məntəqəsindəki otaqların birində domino oynayırdıq. Nəzarətçilərdən bir nəfər gəlib Seyidə dedi:

- Sizin əhldə Samir var ha, klubun banına çıxıb, özümnü öldürəcəyini deyir. İşçiləri hədələyir. 5-10 nəfər özü kimini də yoldan çıxarıb. Ağsaqqalsan, get, onu başa sal, düşsün aşağı.

Oyunu yarımçıq qoyub ayağa qalxdıq. Seyid özünü el-oba ağsaqqalı kimi ağır apardı:

- Bu uşaqlardan gözümü yayındıran kimi, bir p... qaynadırlar...

Haqlar yarıya qədər azaldılsın

Klubun ətrafı dustaqlarla dolu idi. Tamaşaya baxırmış kimi aşağıdan yuxarı baxırdılar. Samirə haqq qazandıran da, bu işdə onu suçlu bilənlər də vardı.

Öyrəndim ki, Samirin də tələbi dustaqlara olan kobud və qanundan kənar təzyiqlərə son qoyulmasıdır. O, tələb edirdi ki, cəza növünün dəyişdirilməsi üçün məhkəməyə müraciət edərkən alınan haqlar heç olmasa yarıya qədər azaldılsın.

Mahir adlı dustaq mənə dedi ki, Samir heç də düzgün etmir. Onun kalan borcu var və bu borcdan yaxa qurtarmaq üçün bu addımı atıb. Bu, inandırıcı deyildi. Çünki borc bütün hallarda ödənməlidir və bu hər kəsə aiddir. Amma Samiri bilmək olmazdı...

Yaxşı bəs kimdir bu Samir? Açığı deyim ki o, yaddaşımda daha çox qalan dustaqlardandır və onunla bağlı heç də xoş xatirələrim yoxdur. Baxmayaraq ki, mənə və mənim "xlebnik"lərimə qarşı bu adamda heç vaxt hörmətsizlik görməmişəm. Sadəcə, Beyləqan əhlindən olan, haqqında əvvəlki yazılarımda bəhs etdiyim Seyidə - Nizami Əliyevə qarşı bir neçə dəfə fırıldaq işlətdiyinin şahidi olmuşdum, bu da mənə xoş təsir bağışlamamışdı. Seyidin imkanlı adam olmağından istifadə edib ondan pul qopardardı, guya bu pul əhldən kimi isə bataqlıqdan çıxarmaq üçün gərəkdir.

Seyidlə zarafatlarımı, səmimi münasibətlərimi görüncə isə münasibətlərə xələl gətirməyən söhbətlər etsə də, bəzən "neputyovı" sözlər danışardı.

2000 dolları narkotikaya və qumara qoyub

O, narkotik maddələrə meyilli idi. Buna görə də bir neçə dəfə cəzalanmışdı da. Əhllərindən olanlar deyirdi ki, o iki dəfə anasını aldadıbmış. Guya "üçdə bir"ə çıxmaq üçün evdən hər dəfə 2000 dollar gətizdirib, burada narkotikaya və qumara qoyurmuş. Və anasına deyirmiş ki, pulu verdiyi zabiti işdən çıxarıblar, yaxud başqa bəhanə uydururmış.

Bu dəfə də ona anasından pul gətirilibmiş. O isə pulu borclarına verib. Hələ yenə də qalıbmış.

Samiri əhllərindən də istəməyənlər çox idi. Barmaqlarının arası, əlinin üstü döymə olan bu adam istənilən söhbətə müdaxilə edə, mövzunu özü istədiyi istiqamətə yönəldə bilirdi. O, iynə vurmasından çox rahat danışardı. Dünyanın 5 günlük olduğunu, hər şeyi unutmaq, yaşamaq üçün arada bu da lazımdır, - deyərdi.

Onunla ilk tanışlığım heç yadımdan çıxmaz. Tibb məntəqəsinin həyətində günəbaxan əkmişdim. Hər gün Aqillə günəbaxanlara qulluq edir, sulayırdıq. Özümüzün istifadəmiz üçün 5 cərgə də soğan basdırıb becərirdik. Bir dəfə Samir saymazyana günəbaxanlardan bir çanaq qopardı və soğanın göy-tər yapaqlarını dərdi. Hirsləndim:

- Sən niyə belə edirsən, günəbaxanlar hələ çiyid formasındadı, içləri dolmayıb, soğana görə isə, sahibindən icazə al. Sənin üçün becərilmir ki.

- Şair, dünya beş günlükdür, ye, iç, kef elə, - çoxdanın tanışı kimi özünü apardı, yaxın gəldi, - guya bu sizə lazımdır ki, basdırmısız? Vaxtınızı öldürürsüz də... Qanunla buna heç icazə də verməzlər, - dedi.

- İcazə verərlər, verməzlər, bu sənlik deyil. Başqasının soğanını icazəsiz dərməzlər, için göynəyər...

Samir guya sözümdən incidi:

- Heç gözləməzdim, - deyib Aqilə tərəf döndü, – "Zyoma", "xlebnikin" deyəsən əsəbidir, "Davıdov"undan da bir gilə ver, - deyib, siqaret istədi. Aqil cibindən siqareti çıxarıb özü üçün götürdü və yenidən cibinə qoydu. Samirin əli hava da qaldı. O bu münasibətdən sonra soğandan qırpa-qırpa tibb məntəqəsindən bayıra çıxdı.

Bundan sonra onunla ara-sıra görüşərdik. Həmyerlisi Seyidin yanına gələrdi. Xoş danışardı və özünü elə aparardı ki, guya aramızda o söhbət heç olmayıb.

Heç kəs ondan inciməzdi

Samir aralıq uşaqlarının əhatəsində olmağa can atardı. Oğrulardan, onların qanunlarından maraqlı bir filmdən danışırmış kimi ləzzətlə bəhs edərdi. Amma hamımız əmin idik ki, o özü danışdıqlarına əməl etmir. Dəfələrlə olmuşdu ki, əhllərindən ilk dəfə görüşə çıxan dustağın siqaretini alıb, ona gətirilən sovqatdan nəinki dadıb, hətta özünü bu sovqatın sahibi kimi aparıb. Əhl üzvlərinin, yaxud yaxşı oğlanların pay bölgüsünü edib. O da düzdür ki, o bunu hər dustaq üçün edə bilməzdi. Özünü zəif göstərən adamın qənimi idi. Lakin o, bunları o qədər canyananlıla edərdi ki, heç kəs ondan inciməzdi.

Ramindən alınan borc pul

İndi Allahın rəhmətinə qovuşmuş yevlaxlı Ramin Məmmədli bir dəfə mənə Samirin ondan 50 dollar borc alıb qaytarmaq istəmədiyini dedi. Kömək eləməyimi istəyirdi. Seyidə dedim, ancaq cavabı çox ümidsiz oldu: "Allah ondan verdiyi canı ala bilmir. Görüm nə edirəm".

Səhəri gün Seyid pulu Raminə qaytardı. Sonradan Ramin iki oğlundan birinə məni kirvə tutdu, o biri oğlunun kirvəsi isə Aqil oldu. Kirvə olduğumuza görə Raminlə tez-tez görüşərdik. Bir dəfə o bu söhbətin üstünə gələndə Ramin dedi:

- Mən o pulu ona bağışlaya da bilərdim. Lakin Yevlax əhlinin içində bir dəfə deyib ki, Ramini qazlamışam. Ona görə də mən o pulu ondan almalıydım.

Uşaqlar deyirdi ki, Samir "volya"da canlara dəyən oğlanmış. Rayonda böyük hörmət sahibi olub. Ancaq narkotikə qurşandıqdan sonra ətrafındakı dostlar yavaş-yavaş ondan uzaqlaşıb. Axırı da həbs olunub.

Onun kişilikdə payı yoxdur

Qazaxdan, indi adını unutduğum bir dustaq vardı. Nəhəng görünüşü, uzun qatlama bığı vardı. Cəza Müəssisəsində üzü meydana açılan bir hücrədə peraşki bişirib, özü də satırdı. Bir dəfə ondan günə nə qədər qazandığnı soruşdum. O, bəzən gün ərzində 200 manat qazancı olduğunu dedi. Açığı, peraşkiləri çox dadlı idi. Sözsüz ki, pullar ona qalmırdı, türmə rəhbərliyinə çatırdı. Amma özü də dolanışığını qurmuşdu. Hər gün gəlirindən heç olmasa 15-20 manat arxaya ata bilirdi. Ancaq bunun da çoxu nisyəydədi. Nisyələrini toplayar, çölə ailəsinin dolanışığı üçün yollayardı. Samirin ona da borcu vardı.

- Şair, peraşkiləri ona halal elədim, getdi. - bir gün mənə dedi. - Görüşə gələndə onun anasını gördüm, o qadına yazıqlığım gəldi. Yaxınlaşdım, Samirin yanında dedim ki, bacı, buna nə pul verəcəksənsə, üstündən 15 "şirvanı" geri götür. Mənə borcludur, halal edirəm sənin ağ birçəyinə, qabarlı əllərinə.

Samir sonralar həmin peraşki bişirən kişidən söz düşəndə deyirdi ki, onun kişilikdə payı yoxdur. Məni anamın yanında başıaşağı elədi.

Qiyamın səbəbi

Samiri sonuncu dəfə qiyam qaldırdığı günün axşamı və səhəri gördüm. O da Vəli müəllimin sözü ilə damdan düşdü. Axşam idi və türmə rəisinin müavini Samiri karsa salmadı. "Sabah müzakirə edərik", - dedi. Samir isə Vəli müəllimə etiraf edib ki, bu addımı borcun əlindən atmışam ki, yerimi dəyişsinlər.

Onu "krıtı"ya yola saldılar. Yola düşməzdən qabaq tibb məntəqəsinə gəldi. "Gedirəm" - dedi. Boxçasına hər kəs bir şey qoydu. Aqil qənd-çay, Ramin iki dəst alt paltarı, mən isə bir blok "Vest" siqareti.

Samir azadlıqda olanda dünyasını dəyişib. Bir dəfə Seyiddən onu soruşdum.

O, yeməyini iştahla davam etdirə-etdirə:

- Dedilər ki, "peredozirovka"dan ölüb, - dedi.

Tarix
2014.09.13 / 09:35
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla